Vəkillər işin istintaqa qaytarılmasını istəyir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun kadrlar şöbəsinin müdiri Gülüstan İsayeva və həyat yoldaşı, institutun elmi işçisi Səbuhi Hüseynovun məhkəməsi başlayıb. Onlar 44 günlük müharibədən sonra Qarabağ ərazisində tədqiqat aparılması üçün ayrılmış vəsaitlərdən 92 min manatı mənimsəməkdə ittiham olunur.
1987-ci il təvəllüdlü Gülüstan İsayeva və 1981-ci il təvəllüdlü Səbuhi Hüseynova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham irəli sürülüb.
Fevralın 22-də hakim Azad Məcidovun sədrliyilə keçirilən ilkin hazırlıq iclasında vəkillər vəsatət qaldırıb ki, bu cinayət işi yenidən istintaqa qaytarılsın. Vəkillərin sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu iş obyektiv araşdırılmayıb. Vəkil Abusəməd Səmədov bildirib ki, məhkəmə qarşısına çıxarılan bu ər-arvadın cəzalandırılmasının səbəbi onların institutda baş verən korrupsiya, özbaşınalıqlar haqda yazdıqları şikayətlər olub. Onların şikayətləri əsasında komissiya təşkil edilib, institutda araşdırma aparılıb və çoxsaylı pozuntular aşkarlanıb:
“Məsələn, Qoşqar Qoşqarlı ekspedisiyada iştirak etmədiyi halda, onun hesabına böyük məbləğdə pul köçürüldüyü üzə çıxıb. Eləcə də başqa şəxslərlə bağlı eyni hallar üzə çıxıb…”.
Vəkilin sözlərinə görə, yoxlana zamanı Gülüstan İsayeva və Səbuhi Hüseynov haqqında heç bir pozuntu üzə çıxmadığı halda, institut rəhbərliyi prokurorluğa məhz onların cəzalanması üçün müraciət edib. Çünki yoxlama onların şikayəti əsasında başlamışdı. Prokurorluğa müraciətində yazıb ki, onların fəaliyyətindən şübhələnir.
Vəkillərin vəsatətinin müzakirəsi növbəti məhkəmə iclasına saxlanılıb. Növbəti məhkəmə iclası martın 1-nə təyin edilib.
Gülüstan İsayeva və Səbuhi Hüseynovun birgə nikahdan 4 yaşlı bir övladı var. Onların barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.