”Onların səthində okeanların olduğu təxmin edilir”
Astronomlar eyni ulduzun orbitində dövrə vuran və Yerin ölçüsündə olan 7 planet aşkarlayıblar.
Bu planetlər təkcə ölçüsünə yox, temperatur və orbital göstəricilərinə görə də Yerə oxşayır. Planetlərdə su var. Deməli, həyatın mövcud olması da mümkündür.
Yeni kəşfi NASA-nın Vaşinqtondakı iqamətgahı elan edib. Məlumatı Azadlıq Radiosu yayıb.
Planetləri tapan alimlər qrupunun rəhbəri, belçikalı Maykl Qillon yerə bu qədər bənzər planetin bir ulduzun orbitində olmasını heyrətamiz sayır. Alimlər Günəşdən başqa hər hansı ulduzun ətrafında dövrə vuran planetlərə ekzoplanet deyirlər.
“Sözügedən 7 ekzoplanetin hamısı TRAPPİST-1 adlı ultrasərin cırtdan ulduzun orbitində dövrə vurur. Onların təxmin edilən kütlələri deməyə əsas verir ki, bu ekzoplanetlər Yupiter kimi qazşəkilli deyil,Yer kimi qayalıq və torpaqdan ibarətdir. Planetlərdən TRAPPİST-1e, f və g ulduzun həyata əlverişli zonasında yerləşirlər. Onların səthində okeanların olduğu təxmin edilir. Alimlər TRAPPİST-1f planetində həyatın mövcud ola biləcəyinə daha çox inanırlar”, – deyə məlumatda bildirilir.
Araşdırmanı aparanlardan Kembric Universitetinin professoru Amauri Trayud deyib ki, bu kəşf yad planetdə həyatın aşkar edilməsinə doğru atılmış həlledici addımdır:
“Planetlərin atmosferindəki qazların öyrənilməsi orada həyatın olub-olmaması barədə suala cavab verəcək. Əgər oradakı qazlar da Yerin atmosferindəki kimidirsə, deməli o planetlərdə də həyat var. Aşkar edilmiş ekzoplanetlərin orbitləri bir-birinə son dərəcə yaxındır. Məsələn, yenicə tapılmış ulduz sistemində ulduzun özü ilə ən uzaq planet arasındakı məsafə Günəşlə Merkuri arasındakı məsafədən 5 dəfə azdır. Bu planetlərin öz “günəşləri” ətrafında tam dövrəsi vaxt etibarilə müxtəlifdir. Beləki planetlərdən birində bu müddət 1 Yer günü, başqa birində isə 13 Yer gününə bərabərdir. Ulduzdan ən aralı planetdə tam dövrənin müddəti hələlik naməlumdur. Bu planetlərdən birinin səthində dayansanız, Günəşdən 200 dəfə az işıq alacaqsınız, lakin o qədər enerji alacaqsınız ki, bədəniniz isti qala bilsin. Bu plantlərin mənzərəsi də ecazkar olmalıdır. Burada başınızın üstündə Aya bənzəyən bir neçə səma cismi asılacaq. Məsələn TRAPPİST-1f planetinin səmasında günəş bizim səmamızdakı Günəşdən 3 dəfə böyük görünür. Lakin bu ulduz qırmızı olduğundan, alimlərin ehtimalına görə,onun planetlərdəki işığı da çəhrayı rəngin çalarlarındadır”.
Alimlərin ehtimalına görə, sözügedən ulduz sistemindəki planetlərin ulduza ən yaxın olanları bizim Ay kimi öz oxu ətrafında fırlanmır və deməli yalnız bir tərəfi ilə günəş-ulduza baxır. Bu planetlərin bir üzündə daim gecə, digər üzündə daim gündüzdür. Həyatın bu planetlərdə olduğu düşünülür.
40 işıq ili məsafəsi o qədər də uzaq səslənməyə bilər, lakin bizim oraya çatmağımız üçün milyonlarla il vaxt lazımdır.