Alimlər peyvənd sınamaq üçün pandemiyanın qaynar nöqtələrini axtarır

Bu günə qədər təqribən 370,000 insanın ölümünə səbəb olan və 6 milyondan çox insanı yoluxdurmuş koronavirus xəstəliyinə son qoymaq üçün peyvəndin əldə edilməsi önəmlidir.

Source: Foto: sosial şəbəkə


“Bunun üçün insanların cəmiyyətdə yoluxma riski olmalıdır”

COVID-19 pandemiyasının ilk dalğası sönə bilər və virusa qarşı peyvənd hazırlayanlar üçün bu problem ola bilər, -“Reuters” xəbər verir.

Avropa və ABŞ alimləri deyirlər ki, bəzi bölgələrdə və ölkələrdə təcrid tədbirləri və sosial məsafə siyasəti nisbi müvəffəqiyyətlə nəticələnərək virusun yayılmasının sürətini aşağıya salıb. Bu, eyni zamanda o deməkdir ki, potensial peyvəndi test etmək üçün ətrafda kifayət qədər xəstəlik yoxdur.

Peyvəndlə bağlı inandırıcı nəticələr əldə etmək üçün alimlər daha uzaq ərazilərə, Afrika və Latın Amerikasında mövcud pandemiya qaynar nöqtələrinə baş çəkməli olacaqlar.

“Əgər biz infeksiyanın qaynar nöqtələrini ləğv etmək üçün ictimai sağliq tədbirlərindən istifadə etsək, o zaman təəssüf ki, peyvəndi sınaqdan keçirtmək bizim üçün daha da çətin olacaq,” Amerika Birləşmiş Ştatlarının Milli Səhiyyə İnstitutunun direktoru Frensis Kollins (Francis Collins) deyib.

Bu günə qədər təqribən 370,000 insanın ölümünə səbəb olan və 6 milyondan çox insanı yoluxdurmuş koronavirus xəstəliyinə son qoymaq üçün peyvəndin əldə edilməsi önəmlidir. Dünya liderləri peyvəndi kilidlənmiş dünya iqtisadiyyatının yenidən dirçəlməsi üçün yeganə real yol olaraq görürlər.

Alimlər qeyd edirlər ki, tamamilə yeni bir xəstəliyə qarşı potensial peyvəndin genişmiqyaslı klinik sınaqdan keçirilməsi mürəkkəb prosesdir. Pandemiyanın dəyişkən dövrlərində bu sınaqlarda effektivliyə nail olmaq xüsusilə çətindir və virusun müvəqqəti olaraq qarşısını almaq bu prosesi daha da çətinləşdirir.

“Bunun üçün insanların cəmiyyətdə yoluxma riski olmalıdır. Virus müvəqqəti olaraq təmizlənibsə, onda nəsə etmək faydasızdır,” İngiltərənin “Warwick Business School”-da mövcud dərmanların yeni terapevtik məqsədlər üçün istifadəsi üzr ekspert Ayfer Ali deyib.

“Məsələnin həlli infeksiyanın geniş yayıldığı bölgələrə keçmək ola bilər – hazırda bu ərazilər Braziliya və Meksika kimi ölkələr olacaq”.

Peyvənd sınaqları zamanı insanlar müalicə qrupu və nəzarət qrupuna bölünür. Müalicə qrupu eksperimental peyvənd qəbul edərkən və nəzarət qrupu placebo (funksiyasız dərman) qəbul edir.

Bütün iştirakçılar xəstəliyin yayıldığı cəmiyyətə geri dönür və sonrakı yoluxma dərəcələri müqayisə olunur. Ümid edilir ki, nəzarət qrupunda infeksiya artdığı zaman müalicə qrupunda azalma baş versin.

İngiltərədə, materik Avropa və ABŞ-da COVID-19 epidemiyasının ötürülmə sürəti aşağı endiyi üçün elm adamlarından ötrü əsas vəzifə xəstəliyin yayğın olduğu ölkələrdə könüllü axtarmaqdır.

Bənzər problem 2014-cü ildə Qərbi Afrikada Ebolaya qarşı potensial yeni peyvənd sınamaq istərkən də ortaya çıxmışdı.

Ana səhifəDünyaAlimlər peyvənd sınamaq üçün pandemiyanın qaynar nöqtələrini axtarır