“Alimentlər Fond tərəfindən ödənilməli, sonra borcludan məcburi qaydada alınmalıdır”

Ombudsman Aliment Fondunun yaradılmasını təklif edir

Source: google.az


Ombudsman Aliment Fondunun yaradılmasını təklif edir

Ombudsman uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən ödənilməsi üçün, sonradan borcludan məcburi qaydada alınması şərti ilə Aliment Fondunun yaradılmasını təklif edib.

Bu, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində yer alıb.

Məruzədə qeyd edilir ki, aliment üzrə borcların ödənilməsi məsələsi getdikcə ciddi vəziyyət almaqdadır:

“Odur ki, alimentin borclu tərəfindən ödənilməməsi ilə bağlı problemə həlli vacib prioritet məsələ kimi diqqət ayrılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir:

“Bu müddəanın aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi hallarına tətbiqi zamanı bəzən ziddiyyətli vəziyyət yaranır. Belə ki, əmlak və gəlirləri aşkar edilməyən, maddi çətinlik səbəbindən aliment ödənişlərini vaxtında həyata keçirə bilməyən borclu beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Bu zaman borclu ilk növbədə cəriməni ödəməyə çalışır və aliment ödənişləri yenidən gecikir.

Qeyd olunanları və aliment öhdəliklərinin spesifik xüsusiyyətini nəzərə alaraq, aliment tələbinə dair məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətin ayrıca maddədə göstərilməsi, həmin pozuntuya görə cərimə cəzasının işin halları və pozuntunu törədən şəxsi maddi durumu nəzərə alınmaqla tətbiqi təklif olunur. Bununla yanaşı, aliment tələbi üzrə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qəsdən yerinə yetirilməməsinə görə ayrıca məsuliyyətin müəyyən edilməsi təklif olunur.

Aliment öhdəliklərinin icrasından yayınan (boyun qaçıran) şəxslərin icbari qaydada əmək fəaliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin edilməsi, buna müvafiq olaraq, icra qurumları ilə məşğulluq orqanlarının əlaqəli fəaliyyət mexanizmlərinin yaradılması məqsədəmüvafiqdir.

Qeyd olunanları nəzərə alaraq, Ombudsmanın hələ 2006-cı ildən etibarən Aliment Fondunun yaradılması ilə bağlı dəfələrlə irəli sürdüyü təklifə hazırda da baxılması məqsədəmüvafiqdir”.

Ombudsmanın illik məruzəsi martın 10-da Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Ana səhifəXəbərlər“Alimentlər Fond tərəfindən ödənilməli, sonra borcludan məcburi qaydada alınmalıdır”