Alim Qasımovun evindən oğurluqda ittiham olunan kürəkəninin hökmü dəyişdi

Foto: Amerikanın səsi

Bakı Apelyasiya Məhkəməsi cəzanın azaldılmasına qərar verib

Xalq artisti Alim Qasımovun evindən külli miqdarda dəyəri olan qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunan kürəkəni Elnur Mövlanov haqqında hökm dəyişib. Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 9 ildən 8 ilə endirib.

1979-cu il təvəllüdlü Elnur Mövlanov eyni zamanda, həyat yoldaşı Fərqanə Qasımovanın keçmiş prodüsseri Rəşadət Fərzəliyevi döyməkdə, həmin vaxt onun üstündə olan pulu da götürməkdə ittiham olunur. Məhkəmə onu Cinayət Məcəlləsinin həm 177.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), həm də 180.2.4 (insanların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq) maddələrilə təqsirli bilib.

Cinayət işində Elnur Mövlayevin qayınanası – Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova, eləcə də keçmiş prodüsser Rəşadət Fərzəliyev zərərçəkmiş qismində tanınıb.

İş materiallarında yazılıb ki, Xalq artisti ailəsilə Şamaxıda olarkən kürəkəni özündə olan ehtiyat açar vasitəsilə evə daxil olub. O, evdən zinət əşyaları ilə yanaşı, xeyli sikkələr götürüb.

Təqsirləndirilən Elnur Mövlanovun Alim Qasımovun evindən oğurlanan qızıl-zinət əşyaları və pulu İsmayıllıya aparıb, bir müddət Basqalda gizlətdiyi iddia olunur. Məhkəmədə dindirilən polis əməkdaşı bildirib ki, təqsirləndirilən şəxs sonradan qızılların bir hissəsini narkotik satışıyla məşğul olan birinə verib.

Foto: Publika.az

Elnur Mövlanovun Əməkdar artist Fərqanə Qasımova ilə evliliyindən 4 övladı var. Onlar xeyli vaxtdır ki, faktiki ayrı yaşayırlar.

“Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Allah bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir. Çox heyf ki, hər şey arzuladığımız kimi olmur. Elnur geri dönüşü olmayan bir yolu tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır. Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər, yaxşı olar, kimsə başqasına rişxənd etməsin…”, – Fərqanə Qasımova sosial şəbəkələrdə baş verənlərə belə münasibət bildirib.

Ana səhifəSosialAlim Qasımovun evindən oğurluqda ittiham olunan kürəkəninin hökmü dəyişdi