“Alıcılar balığın harada tutulması ilə deyil, qiyməti ilə maraqlanırlar”

Fotolar: Meydan TV

Satıcılar bu il məhsulun az olmasından gileylənirlər

“Bu mövsüm başlayandan bazara dəniz balığı az gətirilir. Kütüm günlərlə olmur”.

Bunu Meydan TV-yə Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki bazarın satıcıları bildiriblər.

Ötən illərdə olduğu kimi bu il də bazarın girəcəyində araba və piştaxtalarda balıq satılır. Təmizlənmiş balığın içalatı vedrələrə, vannalara atılır. Qan qarışıq çirkab yağışdan sonra palçıq olan küçəyə, oradan da bazarın içinə qədər axır. Anti-sanitariya içərisində satılan balıqlarla bazarın içərisində ayrılmış şöbədə satılan balıqların qiymətləri arasında 1-2 manat fərq var.

Satıcıların sözlərinə görə, gələn həftədən az da olsa qiymət artacaq. Çünki hava yağmurlu olduğundan dənizdən balıq tutmaq çətinləşib. Eyni zamanda, balıq yemi kəskin bahalaşıb, bir yandan da İrandan balıq gətirilməsi dayandırılıb.

“İndi hər adama balıq tutmağa icazə verilmir. Bazardakı balıqların çoxu yetişdirilib, ən yaxşı halda çaydan tutulub. Düzü, alıcıların çoxu heç balığın haradan tutulması ilə deyil, qiymətilə maraqlanır”,-Neftçaladan olan satıcı Seymur Məmmədov bildirib.

Satıcılardan biri isə deyib ki, dənizdə suyun səviyyəsi enməkdədir, kütüm və digər dəniz balıqları azalır. Digər tərəfdən də süni balıq torlarından istifadə qadağan edilib. Balıq tutanları yaxalayan kimi cərimələyirlər. Çoxu da balığı tutan kimi elə yerindəcə satır.

Satıcılar onu da deyiblər ki, bu mövsümdə bazarda ilanbalığına da rast gəlməyiblər.

Bazarda sazan, xəşəm, forel, xanı, belamur, som və digər balıq növləri tapmaq mümkündür.

Xanı balığının kiloqramı 8-9, belamur 10-12, sazan 10, forel isə 14 manata satılır. Ən ucuz balıq xanı balığıdır. Satıcılar deyirlər ki, qiymətinə görə daha çox xanı və sazan alınır:

“Ət, yağ, meyvə-tərəvəz, gündəlik tələbat malları bahalaşıb. Gündəlik yerpulunu da artırıblar. Balıq hələ ət və toyuğa baxanda ucuzdur. Noyabrın sonuna yaxın qiymətlər qalxacaq. Yoxsa bizim üçün sərfəli deyil. Hər balığın üzərinə uzaqbaşı 40-50 qəpik qoyuruq ki, təki əldə qalıb xarab olmasın”.

Bazarın qarşısındakı küçədə, araba üzərində balıq satan Asya adlı qadın deyir ki, bolluq olduqda qiymət düşür. Amma hələ bazarda balıq bol deyil. Hələlik alver də ötən illərdəki kimi yaxşı getmir, qiymətləri artıra da bilmirlər. Ancaq digər məhsulları satan satıcılara baxanda onlar günün sonunda evlərinə çörəkpulu apara bilirlər.

Ana səhifəSosial“Alıcılar balığın harada tutulması ilə deyil, qiyməti ilə maraqlanırlar”