Ali Məhkəmə Yalçın İmanovla bağlı qərarları qüvvədə saxladı

Vəkil: “Məhkəmədən ədalət gözləntim yox idi”

Source: Meydan TV


Vəkil: “Məhkəmədən ədalət gözləntim yox idi”

Oktyabrın 1-də Ali Məhkəmədə Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılması məsələsinə baxılıb. Hakim Rahib Nəbizadənin sədrliyilə keçirilən prosesin nəticəsi olaraq, aşağı instansiya məhkəmələrinin bu məsələ ilə bağlı qərarları qüvvədə saxlanılıb.

Ali Məhkəməyə Y.İmanov Gəncə Apelyasiya Məhkəməsinin qərarından şikayət vermişdi. Bu instansiya Y.İmanovun vəkillikdən kənarlaşdırılması barədə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarını qüvvədə saxlamışdı.

2017-ci il noyabrın 20-də Y.İmanovun vəkillikdən uzaqlaşdırılmasına qərar verən Vəkillər Kollegiyasının Rəyasət Heyəti bundan ötrü Gəncə İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdi. Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsin – Nardaran hadisələrinə görə həbs olunmuş Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması (dəmir dirəyə bağlanıb, 40 dərəcə istidə günün altında saxlanması, dəyənəklə döyülməsi və s.) şikayəti haqda mediaya açıqlama verdiyinə görə vəkillikdən uzaqlaşdırılıb.

Lakin yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları vəkilin bu addımında qanun pozuntusu olmadığını, əksinə, müvəkkilinin hüquqlarının müdafiəsi üçün bütün qanuni addımlar atılmasının vəkilin borcu olduğunu bəyan edib.

Y.İmanov Meydan TV-yə bildirib ki, vəkillikdən uzaqlaşdırılmasıyla əlaqədar bir müddət öncə Avropa Məhkəməsinə şikayət göndərib və ərizəsi qəbul edilib.

Gəncə İnzibati İqtisadi Məhkəməsində Vəkillər Kollegiyasının Y.İmanova qarşı iddiasına baxılanda o da Kollegiyaya qarşı qarşılıqlı iddia qaldırmışdı. Lakin qarşılıqlı iddia qəbul edilməmişdi. Həmin qərardaddan öncə apelyasiya məhkəməsinə, daha sonra Ali Məhkəməyə şikayət verilmiş, lakin nəticə dəyişməmişdi. Ali Məhkəmənin qərarından sonra Avropa Məhkəməsinə şikayət göndərilib.

"İki işi – həm Vəkillər Kollegiyasının mənə qarşı, həm də mənim Kollegiyaya qarşı iddiam üzrə işləri birləşdirib, birlikdə göndərmişəm. Baxmayaraq ki, Kollegiyanın şikayəti üzrə Ali Məhkəmənin qərarı yox idi, Avropa Konvensiyası 13-cü maddəsinə əsaslanıb, yəni bu işdə Ali Məhkəməni səmərəsiz hesab etdiyimizdən, gozləməyib şikayəti göndərdik".

Y.İmanov deyir ki, bugünkü Ali Məhkəmədən də ədalət gözləntisi yox idi. Sadəcə, qərarı alıb, surətini əvvəlki şikayətinə əlavə olaraq, Avropa Məhkəməsinə göndərəcək.

Y.İmanov "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadə, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim, jurnalist Xədicə İsmayılova və bir çox başqa ictimai-siyasi fəalların hüquqlarını müdafiə edib.

Son bir neçə ildə xüsusən siyasilərin hüquqlarının müdafiəsində iştirak edən bir çox vəkillər ya Vəkillər Kollegiyasından uzaqladırılıb, ya da onların fəaliyyəti müvəqqəti dayandırılıb. Vəkillikdən tam uzaqlaşdırılanlar arasında Y.İmanovla yanaşı, Xalid Bağırov, Əlayif Həsənov, İradə Cavadova da var.

Ana səhifəXəbərlərAli Məhkəmə Yalçın İmanovla bağlı qərarları qüvvədə saxladı