Ali Məhkəmə MTN tərəfindən telefonları dinlənilən şəxslərlə bağlı qərar verdi

Telefonların dinlənilməsi. Foto: Only_NewPhoto/shutterstock

Universitet əməkdaşları ilə bağlı hökm qüvvədə saxlanılıb

Oktyabrın 25-də Ali Məhkəmədə Bakı Dövlət Universitetinin (BDU) hüquqşünası Tamilla Çələbiyeva, universitetin Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduzə Səfərzadə, eləcə də Gəncə Aqrar Universitetinin Biologiya kafedrasının müdiri işləmiş, mərhum Zaur Hümbətovla bağlı cinayət işinə baxılıb. Onlar xaricdə (Ukrayna, Rusiya və s.) təhsil alan tələbələri BDU-ya qəbul etdirmək adı altında dələduzluq etməkdə ittiham olunurlar.

Bu cinayət işi üzrə istintaq getdiyi dövrdə Zaur Hümbətov vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə adları çəkilən şəxslərin hər üçü təqsirli bilinib. Tamilla Çələbiyeva və Ulduzə Səfərzadəyə cərimə cəzası kəsilib. Zaur Hümbətov isə öldüyünə görə onun barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Özlərini təqsirli bilməyən Çələbiyeva və Səfərzadə hökmdən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi onların şikayətini təmin edib və barələrindəki ittiham hökmü ləğv olunub. Onların hər ikisinə bəraət verilib. Lakin Zair Hümbətov hissəsində hökm dəyişməyib.

Prokurorluq apelyasiya məhkəməsinin qərarından narazı qalıb və adları çəkilən qadınlarla bağlı bəraət hökmünün ləğvi üçün Ali Məhkəməyə kassasiya protesti verib.

Oktyabrın 25-də bu işi yenidən araşdıran Ali Məhkəmə Tamilla Çələbiyeva və Ulduzə Səfərzadə haqqında bəraət hökmünü qüvvədə saxlayıb. Hətta mərhum Zaur Hümbətova münasibətdə də aşağı instansiya məhkəməsinin qərarı ləğv edilib. Ali Məhkəmə belə nəticəyə gəlib ki, Zaur Hümbətovla bağlı məsələnin də yenidən araşdırılmasına ehtiyac var. Ona görə də işi Zaur Hümbətovla bağlı hissədə təkrar araşdırma üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarıb.

Ali Məhkəmə
Foto: Meydan TV

Tamilla Çələbiyevanın adı MTN generallarıyla bağlı cinayət işində keçirdi. O, MTN-in Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova ilə bağlı hissədə zərərçəkmiş qismində tanınmışdı. MTN tərəfindən onun telefonları qanunsuz dinlənilib.

Barəsində aşağı instansiya məhkəməsinin qərarı ləğv edilən mərhum Zaur Hümbətov Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun atasıdır. Fəhmin Hümbətov iki il əvvələ qədər Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi idi.

Ana səhifəSiyasətAli Məhkəmə MTN tərəfindən telefonları dinlənilən şəxslərlə bağlı qərar verdi