Telekanalın müflis olması qərarı qüvvədə saxlanılıb
“Lider” telekanalının rəhbərliyi teleradio şirkətinin müflis elan edilməsi və əmlakının hərraca çıxarılmasıyla razılaşmır. Ona görə Bakı Kommersiya Məhkəməsinin bu haqda qərarından yuxarı instansiyalara da şikayət vermişdi. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Fevralın 17-də isə Ali Məhkəmədə Kəmalə Abıyevanın sədrliyilə bu işə baxılıb.
“Lider TV və Radio-Azərbaycan” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin müraciəti əsasında müflis elan edilib. Qərara əsasən, “Lider”ə əmlak inzibatçısı da təyin edilib.
Ali Məhkəmədə “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi”ni bu qurumun hüquqşünası Əflatun Şərifov, “Lider”i isə bu telekanalda hüquqi mövzuda verilişin aparıcısı olan vəkil Adəm Məmmədov təmsil edib.
Adəm Məmmədov teleradio şirkətinin kassasiya şikayətini müdafiə edib. Bildirib ki, “Lider”in müflis elan olunması üçün əsas yoxdur. Apelyasiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu vurğulayan vəkil onun ləğv olunmasını istəyib.
Əflatun Şərifov isə əksinə, təmsil etdiyi qurumun iddiasının əsaslı olduğunu vurğulayıb və aşağı instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını istəyib.
Ali Məhkəmə şikayəti təmin etməyib və “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi haqda qərar qüvvədə saxlanılıb.
Teleradio şirkətinin müflis elan olunması üçün qaldırılmış iddia ərizəsində göstərilib ki, şirkət müqavilə öhdəliklərinə əməl edə bilmir, ona görə də müflis elan edilməlidir. Əmlak inzibatçısının təyin olunmasına gəlincə, şirkətin mülkiyyətində olan əmlak qiymətləndiriləcək və öhdəliklərin icrasına yönəldiləcək.
“Lider” telekanalında maliyyə durumunun ağır olması, əməkdaşların öz hesabına məzuniyyətə göndərilməsi barədə xəbərlər xeyli vaxtdır ki, yayılıb.
“Lider” telekanalı 2000-ci ilin sentyabrından efirdədir. Lakin “Lider TV və Radio-Azərbaycan” MMC bundan öncə – 1999-cu ildə təsis olunub. Şirkətin rəhbəri Ədalət Əliyev prezidentin mərhum əmisi Hüseyn Əliyevin nəvəsidir.