Ali Məhkəmə jurnalistin şikayətini təmin etmədi

Xədicə İsmayıl: ”Amnistiyaya düşməyinə baxmayaraq bəraət istəyirdim, çünki törətmədiyim cinayətə görə mənə qarşı cinayət işi açılmışdı”

Source:


Xədicə İsmayıl: ”Amnistiyaya düşməyinə baxmayaraq, bəraət istəyirdim, çünki törətmədiyim cinayətə görə mənə qarşı cinayət işi açılmışdı”

İyunun 28-də Ali Məhkəmədə Elman Türkoğlunun araşdırmaçı-jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Meydan TV-yə bu barədə məlumat verən jurnalist şikayətin təmin olunmadığını deyib: “Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub və Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb”.

Xədicə İsmayıl deyib ki, ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi amnistiyaya düşüb: “Amnistiyaya düşməyinə baxmayaraq, bəraət istəyirdim, çünki törətmədiyim cinayətə görə mənə qarşı cinayət işi açılmışdı”.

E.Türkoğlu jurnalist X.İsmayılın Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. O, jurnalistin öz Facebook hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edib.

Bakı İstintaq Təcridxanasında Binəqədi Rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyev qərar çıxarıb. Qərara əsasən, X.İsmayıl 2500 manat məbləğində cərimələnib. Qərardan narazı qalan jurnalist apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Bir müddət əvvəl həmin iş üzrə amnistiyaya düşüb.

2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayət təmin edilməyib. Mayın 25-də Ali Məhkəmədə Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb. Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb.

Ana səhifəXəbərlərAli Məhkəmə jurnalistin şikayətini təmin etmədi