Ali Məhkəmə jurnalistin cəzasını azaltdı

Elçin İsmayıllıya 7 il cəza təyin edilib

Source:
jurnalist Elçin İsmayıllı
jurnalist Elçin İsmayıllı


Elçin İsmayıllıya 7 il cəza təyin edilib

Noyabrın 20-də Ali Məhkəmədə bir sıra media orqanları ilə əməkdaşlıq etmiş jurnalist Elçin İsmayıllının kassasiya şikayətinə baxılıb. Qərara əsasən, E.İsmayıllının ittiham olunduğu üç maddədən ikisinə – Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311 (rüşvət alma) maddələri ilə ittihamlara xitam verilib. Jurnalistin üzərində 182-ci maddə (hədə-qorxu ilə tələb etmə) saxlanılıb. Onunla da 7 il cəza təyin edilib.

Məhkəmədə jurnalistin vəkili Elçin Sadıqov ona qarşı ittihamların hamısının əsassız olduğunu bildirərək, bəraətverici əsaslarla onun barəsində cinayət işinə xitam verilməsini istəyib. Deyib ki, zərərçəkmiş qismində tanınan şəxslərin özləri də E.İsmayıllının onlardan hədə-qorxu ilə pul tələb etmədiyini bildiriblər.

Özü də İsmayıllı rayonunda yaşayan E.İsmayıllı 2017-ci il fevralın 17-də həbs olunub. O, rayondakı vəzifəli şəxslərdən barələrində rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə, rüşvət almaqda ittiham edilib.

İsmayıllı rayonunun icra başçısı da bu iş üzrə istintaqda dindirilib.

Elçin İsmayıl özünü təqsirli bilmir və icra başçısının sifarişilə şərlənərək həbs edildiyini söyləyir.

E.İsmayıllı Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilmişdi. Şəki Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlamışdı.

Ana səhifəXəbərlərAli Məhkəmə jurnalistin cəzasını azaltdı