Ali Məhkəmə İlqar Məmmədovun işini yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb (yenilənib)

Rəsul Cəfərov: ”Bu qərar biabırçılıqdır”

Source:

İlqar Məmmədov həbsxanada, 2017-ci il
İlqar Məmmədov həbsxanada, 2017-ci il


***


Respublikaçı Alternativ Partiyası (ReAl) Ali Məhkəmə Plenumunun partiya sədri İlqar Məmmədov barəsində 29 iyun tarixli qərarına münasibət bildirib.


Partiyanın bəyanatında, bu qərar siyasi sifarişli kimi qiymətləndirilib və İlqar Məmmədovu həbsdə saxlamağa hesablanmış adlandırılıb.


“İlqar Məmmədov Avropa İnsan Haqları Məhkəməsinin onun barəsində ədalət mühakimə hüququnun pozuntusunu tanıyan 16 noyabr 2017-ci il tarixli və siyasi motivlərə görə azadlıq hüququnun pozuntusunu tanıyan 22 may 2014-cü il tarixli qərarları tam icra edilərək dərhal azadlığa buraxılmalı idi. Plenum isə işin yenidən Şəki Apelyasiya Məhkəməsinə geri qaytarılması ilə bağlı qərar qəbul etməklə bir tərəfdən guya Avropa Məhkəməsinin qərarını icra etmə təəssüratı yaratmağı hədəflədi, digər tərəfdən isə siyasi hakimiyyətin verdiyi sifarişi icra etdi. Nəticə etibarilə Avropa Məhkəməsinin qərarları icra edilməməkdədir”.


Partiya İlqar Məmmədova qarşı istifadə edilən ittihamlara xitam verməyə, onu dərhal və şərtsiz azadlığa buraxmağa çağırıb.

***


Rəsul Cəfərov: ”Bu qərar biabırçılıqdır”

Ali Məhkəmənin Plenumu iyunun 29-da ReAL Partiyasının sədri İlqar Məmmədov barəsində Ali Məhkəmənin cinayət kollegiyasının və Şəki Apelyasiya Məhkəməsinin qərarlarını ləğv edib. İş yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarılıb.

Bu məlumatı İlqar Məmmədovun vəkili Fuad Ağayev yayıb.

Vəkil bildirib ki, Ali Məhkəmənin Plenumu əslində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü də İlqar Məmmədova aid hissədə ləğv etməli, onun barəsindəki qətimkan tədbirini ləğv etməli, onu azad etməli idi.

F.Ağayevin sözlərinə görə, Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarını icra etməli, İlqar Məmmədovu azad edib, iş üzrə icraata cinayət hadisəsi olmadığına görə xitam verməlidir!

“Bütün bu müddətdə İlqar Məmmədovun təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilməlidir və təxribatlar yolverilməzdir. Yeri gəlmişkən, onun yeganə vəkili olaraq mənim barəmdə də. Mənim də təhlükəsizliyim və toxunulmazlığıma görə iqtidar məsuliyyət daşıyır”, deyə vəkil qeyd edib.

Hüquq müdafiəçisi Rəsul Cəfərov plenumun qərarını biabırçılıq adlandırıb:

“İlqar Məmmədov barəsində Ali Məhkəmənin Plenumunu heç kimə xəbər etmədən, gizli keçiriblər. Yəni azad etmək əvəzinə işi uzatmaq üçün aşağı məhkəmə qərarlarını ləğv ediblər. Ancaq İlqarın özünə iyunun 27-də bildiriş gəlib ki, 29-da Plenum olacaq”.

O hesab edir ki, digər biabırçılıq qəbul edilmiş qərardır.

“İlqar Məmmədov azadlığa buraxılmaq əvəzinə onun barəsində aşağı məhkəmə instansiyalarının qərarları ləğv edilib və iş yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarılıb. Əsl faciə odur ki, İlqar Məmmədov 5 il 4 aydır məhkumdur. Plenumun qərarından sonra İlqar Məmmədov yenidən məhkum olunmamış şəxs sayılır, amma adam bu müddəti həbsdə keçirib”.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ də azadlığa buraxılmayıb.

Ana səhifəXəbərlərAli Məhkəmə İlqar Məmmədovun işini yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb (yenilənib)