Ali Məhkəmə də Aqil Hümbətovun şikayətini təmin etmədi

Onun məcburi müalicəsi haqda qərar üçün məhkəməyə müraciət edən Maştağadakı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovdur.

Foto: Meydan.tv


Artıq Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib

Sosial şəbəkələrdəki çıxışlarında ölkədəki sosial-iqtisadi durumun ağırlığına görə hökuməti və şəxsən Prezidenti ittiham edəndən az sonra psixiatriya xəstəxanasına salınan AXCP üzvü Aqil Hümbətov Ali Məhkəməyə şikayət vermişdi. İyulun 21-də hakim Ələsgər Əliyevin sədrliyilə onun şikayətinə baxılıb.

Məcburi psixiatriya xəstəxanasına yerləşdirilməsi barədə Bakı Apelyasiya Məhkəməsinin 2 apreldə çıxarılan qərarından şikayətçi olan A.Hümbətov tənqidi çıxışlarına görə bu şəkildə cəzalandırıldığını bildirib. Ali Məhkəməyə kassasiya şikayətində də vurğulanıb ki, onun məcburi müalicəyə ehtiyacı olmasına rəy verən komissiya müstəqil olmayıb. Onun məcburi müalicəsi haqda qərar üçün məhkəməyə müraciət edən Maştağadakı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovdur. Rəyi verən isə onun tabeliyində fəaliyyət göstərən həkimlərdir.

Bakı Apelyasiya Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu vurğulayan A.Hümbətov onun ləğvini, ona münasibətdə baş verənlərin Avropa Konvensiyasının 3 (işgəncəyə, ləyaqəti alçaldan, qeyri-insani rəftara məruz qalmamaq), 5 (azadlıq və toxunulmazlıq), 6 (ədalətli məhkəmə araşdırması), 8 (şəxsi həyata hörmət) və 14-cü (ayrıseçkiliyə məruz qalmamaq) maddələrinin pozuntusu kimi tanınmasını istəyib.

Lakin onun şikayəti təmin edilməyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarında A.Hümbətovun psixiatriya xəstəxanasına 1 ay müddətinə yerləşdirilməsi qeyd olunsa da, sonradan bu müddət daha iki dəfə uzadılıb. O, iyulun 30-da xəstəxanadan buraxılıb.

A.Hümbətov haqqında qərardan artıq Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

“Müvəqqəti məcburiyyət tədbiri kimi, Konvensiyanın 39-cu maddəsinə uyğun olaraq, ərizə ilə Avropa Məhkəməsinə müraciət etmişik. Aprel ayında ərizəni göndərmişik, qeydiyyata alınıb, nömrə də verilib”, – deyə A.Hümbətovun vəkili Nemət Kərimli Meydan TV-yə bildirib.

Küçədən tullantılar yığıb çeşidləməklə ailəsini dolandıran, sosial şəbəkələrdə hökuməti tənqid edib, uşaqpulu tələb edən A.Hümbətov martın 29-da belə çıxışlarından bir gün sonra tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra onu bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada saxlandığı müddətdə xəstəxananın baş həkimi Ağahəsən Rəsulov onun məcburi müalicəyə cəlb olunmasına icazə almaq üçün Sabunçu Rayon Məhkəməsinə ərizə verib. Lakin hakim Samir Talıbov aprelin 1-də baş həkimin ərizəsinə baxaraq, onu təmin etməyib. Həmin gün də o, evə buraxılıb. Aprelin 1-də yenidən sosial şəbəkələr vasitəsilə başına gələnləri açıqlayan A.Hümbətov ertəsi gün günorta yenidən zorla xəstəxanaya aparılıb.

Məlum olub ki, baş həkim sözügedən məhkəmə qərarından apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov onun şikayətini təmin edib və dərhal da A.Hümbətov xəstəxanaya salınıb. O vaxtdan da oradan buraxılmayıb.

İddia olunur ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər olub.

Amma A.Hümbətovun xanımı bildirib ki, şikayətçi kimi adı keçən üç nəfərdən onların yaşadığı Zirə qəsəbəsində adamları şərləmək məqsədilə tez-tez istifadə olunur.

Ana səhifəSiyasətAli Məhkəmə də Aqil Hümbətovun şikayətini təmin etmədi