Vahid Mustafayev: ”Kaş biz də o vaxt birinci Qarabağ müharibəsində öləydik, bu günü görməyəydik…”
Sentyabrın 21-də Ali Məhkəmədə “ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un məlumatına görə, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə ANS-in vəkili Sevda Məhərrəmova vəsatətlə çıxış edərək prosesin təxirə salınmasını istəyib. Vəsatət təmin olunmayıb.
ANS-in vəkili Fuad Ağayev çıxışında bildirib ki, bu telekanalın efirində nəinki Fətullah Gülənlə müsahibə, heç müsahibənin anonsu da getməyib: “Bunu başqa KİV-lər veribsə, ANS-ə nə dəxli var? Kimsə kimisə güllələsə, ANS məsuliyyətə cəlb olunmalıdı? Təəssüf ki, həmin anonsu vermiş KİV-lərin heç birini də çağırıb məhkəmədə dindirməyiblər” – deyən vəkil əlavə edib ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir.
ANS-in prezidenti Vahid Mustafayev isə çıxışında deyib ki, Türkiyədəki olaylarla bağlı efirə verdikləri kadrlar əsasən Türkiyə kanallarından götürülüb. “Məsələlərə bir az da qanun çərçivəsində baxaq. Hakimlər, prokurorlar mənə desin ki, “qardaş, bunu səhv eləmisən”, mən də əsaslandırım ki, səhv eləməmişəm. Azərbaycan vətəndaşı olaraq, mənə bu haqqı heç kim vermədi. Kaş biz də o vaxt birinci Qarabağ müharibəsində öləydik, bu günü görməyəydik ki, bizi terrorçulara dəstək verməkdə günahlandırırlar. Anam ötən il rəhmətə getdi, 89 yaşlı atam eşidəndə ki, onun övladlarını belə bir əməldə ittiham edirlər, çox sarsıldı. Axı belə olmaz…”
Vahid Mustafayev “ANS ÇM” radiosunun bağlanmasından da danışıb: “Çingiz Mustafayevin adını daşıyan radiostansiyanı niyə bağladılar? Onun nə günahı var? Çingiz təkcə mənim qardaşım deyil, bütün Azərbaycanın sərvətidi. Biz məsələnin yalnız məhkəmə yolu ilə həllinə çalışırıq. Bizi başqa ölkədə baş verən olaylarda suçlamağa imkan verməyin. Qaranlıq otaqda qara pişiyi tapmaq çox çətindi, xüsusən, əgər o pişik orada yoxdursa…”
ANS-n baş direktoru Mirşahin Ağayev Türkiyədə məlum hadisələr baş verən gecə efirə verdikləri materialları bir-bir sadalayıb: “Biz Türkiyə səfirini 40 dəqiqə axtarandan sonra evindən çıxarıb idman geyimində gətirdik. Efirə çıxartdıq, Türkiyə hömumətinin mövqeyini ifadə etdi”.
MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov isə ANS-in kassasiya şikayətinin təmin olunmamasını istəyib.
Məhkəmə heyəti saat 15.00-dək müşavirəyə yollanıb.
Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib. Daha sonra MTRŞ “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib. ANS həmin qərardan kassasiya şikayəti verib.