Ali Məhkəmə Alayif Hasanovun şikayətini təmin etmədi

”Aşağı instansiya məhkəmələrinin absurd qərarları qüvvədə saxlanılıb”

Source:


”Aşağı instansiya məhkəmələrinin absurd qərarları qüvvədə saxlanılıb”

Fevralın 7-də Ali Məhkəmə Alayif Hasanovun vəkillikdən çıxarılmasına dair işə baxıb. Məlumatı vəkil Samirə Ağayeva yayıb.

O, qərarın gözlənilən olduğunu deyib:

“Rahib Nəbizadənin sədrlik etdiyi məhkəmə prosesində Alayif bəyin həmişəki kimi möhtəşəm çıxışı oldu. O, məhkəməni tarixə baxmağa və tarixi qərar qəbul etməyə çağırdı. Təəssüflər olsun ki, bu dəfə də şikayət təmin olunmayıb. Aşağı instansiya məhkəmələrinin absurd qərarları qüvvədə saxlanılıb”.

Ə.Həsənov hazırda xaricdə olan hüquq müdafiəçisi Leyla Yunusun vəkili olarkən Vəkillər Kollegiyasından uzaqlaşdırılmışdı. Kollegiya öz qərarını vəkilin məhkum edilməsi ilə əsaslandırmışdı.

Ə.Həsənovun məhkum edilməsi ilə bağlı məhkəmə hökmü var idi. Həmin hökm Kürdəxanıdakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın şikayəti əsasında çıxarılmışdı.

Leyla Yunus vəkili vasitəsilə ictimaiyyətə açıqlamasında əvvəllər də məhkum olunmuş N.Hüseynovanın onun saxlanıldığı kameraya məqsədli şəkildə salındığını bildirmişdi. Üstəlik, hüquq müdafiəçisi bildirirdi ki, həmin qadın onu döyüb. N.Hüseynova buna görə vəkili məhkəməyə vermiş, onun barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə hökm çıxarılmasına nail olmuşdu.

Əlayif Həsənov vəkillik fəaliyyətinə xitam verilməsinin siyasi sifariş olduğunu deyib.

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili – Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Ana səhifəXəbərlərAli Məhkəmə Alayif Hasanovun şikayətini təmin etmədi