İclasda məlum olub ki, Mustafayev birbaşa karserdən məhkəmə zalına gətirilib
Bu gün, mayın 22-də “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin Ali Məhkəmədə şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.
İclasda məlum olub ki, Mustafayev birbaşa karserdən (cərimə təcridxanası) məhkəmə zalına gətirilib.
İşə Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə baxılıb. Məhkəmə Elvin Mustafayevin şikayətini təmin etməyib və aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb.
Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə təqsirləndirilərək 2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
O, ittihamları qəbul etmir və üzərinə narkotik maddənin qoyulduğunu bildirir.
2025-ci il mayın 6-dan etibarən Mustafayev müxalif siyasətçi Tofiq Yaqublu və digər siyasi məhbusların azad olunması tələbilə aclıq aksiyasına başlamışdı.
Aksiyadan sonra ona təzyiqlərin artdığı, saxlandığı müəssisənin dəyişdirildiyi və bir müddət harada saxlanıldığına dair məlumat verilmədiyi bildirilirdi.
Hazırda Elvin Mustafayevin 6 saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanıldığı deyilir. Qanunvericiliyə əsasən, mayın 19-da karserdən çıxarılmalı olsa da, əlavə 10 gün orada qalacağı bildirilib.
“İşçi Masası” Konfederasiyası və Elvin Mustafayevin yaxınları onun səhhətindən ciddi narahat olduqlarını bildirərək dərhal karserdən çıxarılmasını tələb edirlər.
2022-ci ildə Azərbaycanda işçi hüquqlarını müdafiə məqsədilə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir.
Onların hər biri müxtəlif ittihamlarla üzləşsə də, bu ittihamların siyasi motivli və qurama olduğu bildirilir.