Bu gün, iyulun 23-də Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin şikayətinə baxılıb.
Məhkəməyə hakim Nazim Mövsümov sədrlik edib.
AXCP sədri Əli Kərimli məhkəmə gəlməyib, onu vəkili Fəxrəddin Mehdiyev təmsil edib.
Fəxrəddin Mehdiyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə çıxarılmış hökmün, həmçinin həmin hökmü qüvvədə saxlayan apellyasiya məhkəməsinin qərarının əsassız olduğunu bildirib.
Vəkil bildirib ki, bu iş ümumiyyətlə icraata götürülməməli idi, çünki bunun üçün hüquqi əsas olmayıb.
Fəxrəddin Mehdiyev qeyd edib ki, Əli Kərimli ilə bağlı çıxarılmış ittiham hökmü Azərbaycanın qoşulduğu İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 10-cu (ifadə azadlığı) və 18-ci (Konvensiyadankənar məqsədlərlə hüquq və azadlıqların pozulmaması) maddələrinin pozulmasıdır.
AXCP sədri Əli Kərimli haqqında çıxarılmış ittiham hökmü illər öncə partiyadan uzaqlaşdırılmış Aydın Əliyevin şikayəti əsasında verilib. O iddia edib ki, partiya sədri müxtəlif media çıxışlarında onun haqqında böhtan xarakterli fikirlər səsləndirib.
Ötən il dekabrın 2-də Nəsimi rayon Məhkəməsində Əli Kərimli barəsində ittiham hökmü çıxarılıb. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 147.1-ci maddəsiylə min 500 manat cərimələnib. Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Şikayətçi və vəkili Elvin Əliyev Ali Məhkəmədə çıxış edərək aşağı instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını tələb ediblər.
Qısa müşavirədən sonra Ali Məhkəmənin hakimlər kollegiyası həmin qərarın qüvvədə saxlandığını elan edib.
Partiyadan verilən məlumatda deyilir ki, məhkəmənin hökmü ilə bağlı növbəti hüquqi addım Avropa Məhkəməsinə müraciət olacaq.