Azərbaycanda kino çəkilişi üçün idxal olunacaq texniki avadanlıqlar və digər ləvazimatlar gömrük rüsumlarından və vergilərdən azad edilir
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin noyabrın 1-də keçirilən iclasında “Gömrük tarifi haqqında” qanuna və Vergi Məcəlləsinə əlavələr müzakirəyə çıxarılıb. “Gömrük tarifi haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan 20.0.20 maddəsinə əsasən, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə rüsumlardan azad edilir.
Vergi Məcəlləsinə əlavəsi planlaşdırılan 106.1.18-ci maddəyə görə, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olur.
164.1.36-cı milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Təklifləri Meydan TV-yə şərh edən kinorejissor Ali İsa Cabbarov Milli Məclisin Mədəniyyət Komitəsinin bu addımını müsbət qiymətləndirib: “Çoxdan gözlənilən təkliflərdir”.
O bildirib ki, kinematoqrafçıların əsas yükü gömrük rüsumlarından əlavə vergidir: “Kinematoqrafçılar neft çıxarmırlar, qızıl istehsal etmirlər. Neftin qiyməti ucuzlaşandan sonra qeyri-neft sektorunun inkişafı çox vacibdir. İndi kino çox perspektivli və yeni dirçəlməkdə olan sahələrdəndir. Bu təkliflər gerçəkləşsə, kinoya nəfəs verə bilər. Ona görə Milli Məclisin müvafiq komitəsinin təkliflərə müsbət rəy verməsi çox yaxşı oldu. Ümif edirəm ki, deputatlar təklifləri tezliklə qəbul edəcəklər. Üç il də çox yaxşı müddətdir, məncə, dəyişikliklər təsdiqlənsə, effekti olacaq”.