Mənbə: Meydan TV

Ali Hərbi Məktəbin keçmiş rəisi: MTN-də elə vurdular, qulaqlarımın pərdəsi deşildi

“300 min dollar pul istəyirdilər, bir də o dövrdə müdafiə naziri olan Səfər Əbiyevin əlehinə ifadə”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Nizami Şirinov və nazirlikdə onun tabeliyində işləmiş Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovun işi üzrə məhkəmə araşdırmaları davam edir.

Bu işə Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyilə baxılır. Ötən məhkəmə iclasında general və müdafiəçiləri məhkəmənin qapalı keçirilməsi barədə vəsatət qaldırmış, lakin məhkəmə təmin etməmişdi. Oktyabrın 14-də isə hakim göstəriş verib ki, məhkəməyə jurnalistlər buraxılmasın. Amma açıq məhkəmə prosesinə digər şəxslər buraxıldığı halda, jurnalistlərə qoyulan qadağanın səbəbi izah edilməyib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, məhkəmədə Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifov ifadə verib. O bildirib ki, uzun müddət polkovnik rütbəsində Müdafiə Nazirliyində çalışıb, 2009-cu ildən 2013-cü ilə qədər Ali Hərbi Məktəbinin rəisi olub. Onun sözlərinə görə, 2007-ci ildə MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə dəvət edilib: “Orada məni şantaj elədilər ki, haqqımda cinayət işi acacaqlar, məni həbs edəcəklər. Məndən 275 min dollar bir, 25 min dollar bir aldılar. Bununla da kifayətlənmədilər. Daha sonra 15 min dollar verməyə məcbur elədilər. Məndən cəmi 315 min dollar pul alınıb”.

Mirzəli Yusifov bildirib ki, 2013-cü ildə Ali Hərbi Məktəbin rəisi vəzifəsindən azad olunub. Bundan sonra onu yenidən Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə çağırıblar: "Orada məni döydülər, qulaqlarımın pərdəsi deşildi. Həmin vaxtı Elcan Abdullayev və Nadir Nəzirov orada iştirak edib. 300 min dollar pul istəyirdilər, bir də o dövrdə müdafiə naziri olan Səfər Əbiyevin əlehinə ifadə. Mən imtina elədim. Mənə dedilər ki, razılaşmırsansa, səni də tutacağıq, Səfər Əbiyevlə eyni kamerada olacaqsan. O biri kamerada isə Məmməd Beydullayev, Şahin Sultanov olacaq. Mən yenə qəti şəkildə imtina etdim. Söz verdilər ki, səni tutduracağıq. Elə də oldu, rüşvət almaqda ittiham olunaraq saxlanıldım. 2 il 2 ay həbs cəzası çəkmişəm”.

Məhkəmə prosesi oktyabrın 21-də davam edəcək.

Bu cinayət işində zərərçəkmişlərdən Rahib Ağayev isə Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun sürücüsü olub. O da ötən məhkəmə iclasında dindirilmiş, ondan MTN-də hədə-qorxu ilə külli miqdarda pul alındığını bildirmişdi.

Nizami Şirinovdan fərqli olaraq, digər təqsirləndirilən şəxslər həbsdə deyil. Onların barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

General və tabeliyində işləmiş sabiq idarə rəisləri müxtəlif adamları zorakılığa məruz qalacaqları, barələrində rüsvayedici məlumatların yayılacağı ilə hədələyib, onların külli miqdarda pulunu almaqda, cinayət yoluyla əldə edilən əmlakların leqallaşdırılmasında ittiham olunur.

Amma onlar məhkəmədə ittihama münasibət bildirərkən deyiblər ki, özlərini təqsirli bilmirlər. Sabir MTN-çilər zərərçəkmiş və şahidlər dindiriləndən sonra ifadə verəcəklərini bildiriblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/410fgg

Ən çox baxılan