“Başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”
Bloqqer Alexander Lapşin Dövlət Təhlükəsizliyi Xidmətindən Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Məlumatı APA yayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, hazırda onunla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Fevralın 7-də Belarus Ali Məhkəməsi bloqqer Alexander Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərarın qanuni olduğu qənaətinə gəlmişdi.
Ondan öncə isə Minsk şəhər Məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar qəbul etmişdi.
Alexander Lapşin 2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Minskdə saxlanıb. Yanvarda Belarus Baş Prokurorluğu A.Lapşin-in Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. Bloqqer bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət verib. Yanvarın 26-da məhkəmə Belarus baş prokurorunun müavininin A.Lapşin-in təhvil verilməsi haqqında hökmünün qanuni olduğu barədə qərar çıxarıb.
A.Lapşin Bakıda erməni separatçılarını dəstəkləməkdə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş çağırışlarda ittiham olunur. Onun həmçinin, Azərbaycana saxta sənədlərlə gəldiyi bildirilir.
A.Lapşin eyni zamanda İsrail, Rusiya və Ukrayna vətəndaşıdır.