Yadigar Sadıqlı

Mənbə: Meydan TV

Başlıq: Yadigar Sadıqlı

Aleksey Kulak - qəhrəman satqın

Məqalə yeniləndi:  11 Oktyabr 2020

Sovet İttifaqı Qəhrəmanı uzun illər ərzində ABŞ-ın xeyrinə casusluq edib

1984-cü ilin avqustunun son günlərində Mendeleyev adına Moskva Kimya Texnologiyası İnstitutunda bu ali təhsil müəssisəsinin vəfat etmiş əməkdaşı Aleksey İsidoroviç Kulakla vida mərasimi keçirilirdi. Çıxış edənlər Kulakın vətən qarşısında xidmətlərindən ağızdolusu danışırdılar. İnsafən, danışmağa mövzu da vardı. İkinci dünya müharibəsi zamanı artilleriya zabiti olan Kulak igidliklə döyüşmüş, Berlinə qədər gedib çıxmışdı. Müharibədən sonra isə ali təhsil alaraq özünü istedadlı kimyaçı alim kimi göstərmişdir. Amma yenə də vətənə xidmət naminə elmi tərk edərək diplomat kimi fəaliyyət göstərmiş, BMT-də öz ölkəsini ləyaqətlə təmsil etmişdir.

Mərhumun cənazəsinin önündə həm müharibə, həm də dinc dövrdə aldığı dövlət təltifləri düzülmüşdü: Sovet ittifaqı Qəhrəmanının qızıl ulduzu, Lenin ordeni, Qırmızı Bayraq ordeni, Aleksandr Nevski ordeni, iki Qırmızı Ulduz ordeni və çoxlu medallar. Fəxri qarovul, çoxsaylı əklillər də öz yerlərində idilər.

Mərasimdə iştirak edənlərdən yalnız bir neçəsi Aleksey Kulakın əslində diplomat deyil, kəşfiyyatçı olmasından, BMT-də diplomat adı altında ABŞ-a qarşı kəşfiyyat məlumatları toplamasından xəbərdar idilər. Amma bu, dövlət sirri idi və aydındır ki, bu barədə danışmaq olmazdı.

Vida mərasimindən sonra mərhum xidmətlərinə layiq şəkildə, hərbi ehtiramla Kuntsevo məzarlığında dəfn edildi. Bir il sonra isə sovet kəşfiyyatı inanılmaz məlumat əldə etdi: Sovet İttifaqı Qəhrəmanı Aleksey Kulak uzun illər ərzində ABŞ-ın xeyrinə casusluq edib.

***

Məqalənin qəhrəmanı 1922-ci ildə Moskvada anadan olub. Müharibənin ilk aylarında orduya çağrılıb və zabit kurslarına göndərilib. 1942-ci ildən döyüş yolu başlayıb. Artilleriyaçı olan Kulak bir çox döyüşdə fərqləndiyinə görə orden və medallarla təltif olunur. Berlin əməliyyatı zamanı göstərdiyi şücaətə görə isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

1947-ci ildə kapitan Kulak ehtiyata göndərilir. Elə həmin il Moskva qida sənayesi institutuna daxil olur, amma bir il sonra Moskva Kimya Texnologiyası İnstitutunda atom sənayesi fakültəsinə keçir. Buranı bitirdikdən sonra elmi fəaliyyətlə məşğul olur, 1957-ci ildə "Nadir metalların radioaktiv analizi" adlı dissertasiya müdafiə edərək elmlər namizədi adını alır. Amma elmi karyerası çox sürmür, o, Dövlət Təhlükəsizlik Komitəsində işə cəlb olunur və öncə kəşfiyyat məktəbinə göndərilir. 1961-ci ildə BMT-nin atom radiasiyası üzrə elmi komitəsində SSRİ-yə ayrılan kvota üzrə əməkdaş təyin edilir. Əslində isə elmi-texniki sahədə məxfi informasiyalar toplamaq, belə informasiyaya malik ABŞ vətəndaşlarını əməkdaşlığa cəlb etməli idi.

1962-ci ilin martında Aleksey Kulak könüllü olaraq Federal Təhqiqat Bürosunun (FTB) Nyu-Yorkdakı şöbəsinə gələrək əməkdaşlıq təklif edir. Onun bu xəyanətinin motivləri indiyə qədər mübahisəlidir. Burada siyasi səbəblər də mümkün idi. Həmin dövrdə SSRİ-də destalinizasiya prosesi gedirdi. Kulakın belə bir addımı onun stalinist olması ilə, ya da əksinə, Stalin cinayətlərinin üstü açıldıqca sovet quruluşundan məyusluğu ilə izah oluna bilərdi.

Digər bir səbəb əksər xəyanətlərin səbəbi olan maliyyə ola bilərdi. Amma baxmayaraq ki, Kulak amerikalılara müftə işləmirdi (onun xidmətləri ABŞ federal büdcəsinə 100 min dollara başa gəlmişdi ki, indiki kursa çevirəndə böyük məbləğ alınır) bu da inandırıcı görünmür, ən azı ona görə ki, belə hallarda casus sonda Qərbdə qalmağa üstünlük verir.

Səslənən versiyalardan biri və mənə daha ağlabatan görünəni isə ondan ibarətdir ki, müharibə qəhrəmanı o qədər də bacarıqlı kəşfiyyatçı deyildi. O, amerikalıları casusluğa cəlb edə, məxfi informasiya toplaya bilmirdi. Bu isə onun mənliyinə toxunurdu. Təsadüfi deyil ki, FTB ilə razılaşmasının şərtlərindən biri də özünün informasiya ilə təmin edilməsi olmuşdu. Amerikalılar da elə də qiymətli olmayan, vaxtı ötmüş informasiyaları, daha çox da dezinformasiya verməyə razı idilər.

FTB əməkdaşlarının "Fedora" ləqəbi verdikləri Aleksey Kulakın xəyanətinin acısını ilk çəkənlərdən biri Ukrayna əsilli ABŞ vətəndaşı Con Uilyam Butenko oldu. O, sovet kəşfiyyatını ABŞ-ın rabitə sistemi və Strateji aviasiya komandanlığı barədə məlumatlarla təchiz edirdi. 1963-cü ilin payızında həbs olunan Butenko 30 illik həbs cəzasına məhkum edildi.

Kulakın ilk ezamiyyəti altı il davam etdi və 1967-ci ildə Moskvaya qayıtdı. Rəhbərlik onun işindən (FTB-nin bilərəkdən ötürdüyü informasiyalardan) razı idi və Kulak hətta iki ordenlə, Qırmızı Bayraq və Qırmızı Ulduz ordenləri ilə təltif olundu. Təsadüfi deyil ki, 1971-ci ildə yenidən Nyu-Yorka göndərildi, bu dəfə sovet səfirliyində elmi attaşe kimi.

Qeyd etmək lazımdır ki, Kulakın ABŞ-a işləməsindən xəbərdar olan Mərkəzi Kəşfiyyat İdarəsi FTB-dən fərqli olaraq onun səmimiyyətinə inanmır, DTK-nın tapşırığı ilə hərəkət etdiyini düşünürdü. Bu, MKİ-nin əks-kəşfiyyat xidmətinə 21 il (1954-1975-ci illər) başçılıq edən Ceyms Enqltonun sovet satqınları ilə bağlı ümumi skeptizminin nəticəsi idi. Məsələn, 1964-cü ildə Cenevrədə ezamiyyətdə olan sovet kəşfiyyatçısı Yuri Nosenko ABŞ-a qaçdı. MKİ onun səmimiliyinə inanmayaraq iki il müddətində təkadamlıq kamerada saxladı. Yalnız sonralar Nosenko azad edildi və ona 137 min dollar kompensasiya ödənildi. Amma MKİ-dən fərqli olaraq FTB və onun yarıməsrlik şefi Edqar Quver "Fedora"ya inanırdı.

Aleksey Kulakın məzarı

Aleksey Kulakın məzarı

Mənbə: google.az

1977-ci ildə yenidən Moskvaya qayıdan Kulakın amerikalılara xidməti başa çatır. Casusluğun SSRİ-də davam etdirilməməsinin Kulakın özünün, yoxsa amerikalıların seçimi olması aydın deyil. 1970-ci illərin sonlarından isə Dövlət Təhlükəsizlik Komitəsinə Nyu-Yorkda sovet kəşfiyyatını təmsil etmiş, amma amerikalılara işləyən "Fedora" kod adlı xainin mövcudluğu barədə məlumatlar daxil olmağa başlayır. Bu məlumatlarda bir çox detallar həmin adamın Aleksey Kulak olmasına işarə edirdi. Amma bir tərəfdən Sovet İttifaqı Qəhrəmanının xəyanəti inandırıcı deyildi, digər tərəfdən isə gələn məlumatlarda konkret sübutar yox idi.

Bununla belə, DTK şübhələri tam inkar edə bilməzdi. Vaşinqtondan qayıdan Kulakın iyirmi il əvvəl tərk etdiyi iş yerinə, kimya texnologiyası institutuna qaytarılması da yəqin bununla bağlı idi. Onu mühakimə etmək üçün sübutlar yoxdu, amma hər ehtimal, məxfi məlumatlardan və əməliyyatlardan uzaq tutmaq lazım idi.

1985-ci ildə MKİ-nin SSRİ-yə qarşı əks-kəşfiyyat idarəsinin rəhbəri Oldriç Eyms sovet səfirliyinə gələrək pul müqabilində əməkdaşlıq təklif etdi. Növbəti görüşlərin birində o, amerikalılara casusluq edən sovet vətəndaşlarının siyahısını təqdim etdi. Bu siyahıda Aleksey Kulakın da adı var idi. Onun "Fedora" olması nəhayət ki, təsdiq olundu.

Amma Kulakı mühakimə etmək üçün artıq gec idi. O, bir il öncə beyin xərçəngindən vəfat etmişdi. Eymsin məlumatından sonra Kulakın portreti DTK-nın Şöhrət zalı adlı qapalı sərgi yerindən götürüldü. 1990-cı ildə isə SSRİ Ali Sovetinin Rəyasət heyəti onu bütün dövlət təltiflərindən, o cümlədən Sovet İttifaqı Qəhrəmanı adından məhrum etdi. O, belə bir cəzaya məruz qalan son adam oldu. Növbəti ildə SSRİ süquta uğradı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  11 Oktyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pqtako

Ən çox baxılan