Aleksandr Lapşinin məhkəməsi başlayır

Hazırlıq iclasını İsrail səfirliyinin nümayəndəsi də izləyib

Source:
Aleksand Lapşin


Hazırlıq iclasını İsrail səfirliyinin nümayəndəsi də izləyib

İyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesi İsrailin Azərbaycandakı səfirliyinin konsulu və azərbaycanlı hüquq müdafiəçiləri də izləyib. Hakim bildirib ki, A.Lapşin Aəzrbaycan dilini bilmədiyi üçün rus dilindən tərcüməçilər dəvət edilib. Onun anket məlumatları dəqiqləşdirilən zaman bildirib ki, evlidir, iki yaşında uşağı var. A.Lapşin ittiham aktını aldığını, Rusiya, Ukrayna və İsrail vətəndaşı olduğunu deyib.

Dövlət ittihamçısı Nəsir Bayramov isə çıxışında deyib ki, A.Lapşinin Azərbaycanda yaşayış yeri olmadığı üçün onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilə bilməz. Prokuror işin məhkəmə baxşına verilməsini istəyib.

A.Lapşinin vəkili Eduard Çernin isə hər hansı vəsatətinin olmadığını bildirib.

Hakimlər iş üzrə məhkəmənin baxış iclasını iyunun 30-na təyin ediblər.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilir.

O, 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib.

Ana səhifəXəbərlərAleksandr Lapşinin məhkəməsi başlayır