Aleksandr Lapşin: Azərbaycan xalqı qarşısında yalnız mənəvi günahım var

”Mənim bu bölgə haqqında təsəvvürüm yox idi”

Source:


”Mənim bu bölgə haqqında təsəvvürüm yox idi”

İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin məhkəmə iclası başa çatıb.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda A.Lapşinin vəkili Eduard Çernin müdafiə nitqi ilə çıxış edib. O, A.Lapşinin barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. Bildirib ki, ittihamlar əsassızdır: “Ekspert rəyi də mötəbər sübutlara əsaslanmayıb. Çünki Lapşin məqalələrində heç bir halda Azərbaycanın ərazi bütövlüyünü pozan çağırışlar etməyib”.

Daha sonra A.Lapşin son sözlə çıxış edib. O, azərbaycanlılara mənəvi əzab verdiyi üçün peşman olduğunu deyib. Bildirib ki, ittihamları qəbul etmir: “Mənim Azərbaycan xalqı qarşısında günahım yalnız mənəvi günahdır. Mən başa düşürəm ki, Qarabağ Azərbaycan üçün nə qədər vacibdir. Mən heç bir halda erməni hakimiyyəti ilə cinayət əlaqəsinə girməmişəm. Ümid edirəm Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Mən peşmanam ki, Qarabağa səfər edərək, işğal nəticəsində əziyyət çəkən sakinlərə mənəvi əzab vermişəm. Mənim işğal haqqında təsəvvürüm olmayıb. Burda olanda da mənə yaxşı münasibət göstərilib”.

A.Lapşin deyib ki, indiyə kimi yüzdən çox ölkədə olub: “Mənim bu bölgə haqqında təsəvvürüm yox idi. Məlumatlar axtaranda isə yalnız erməni mənbələrinə rast gəlmişəm”.

Proses iyulun 20-də davam edəcək. Həmin gün hökm elan ediləcək.

Rəsmi məlumatlarda qeyd edilib ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A.Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

Ana səhifəXəbərlərAleksandr Lapşin: Azərbaycan xalqı qarşısında yalnız mənəvi günahım var