Aleksandr Bortnikov Qərbin Qafqaza NATO kontingenti gətirmək istədiyini deyir

NATO-Rusiya. Foto: Vitalii Stock/shutterstock

Sülhəddin Əkbər: “Sülh müqaviləsi Moskvanın bölgədəki perspektivinə böyük zərbə vuracaq”

Rusiya Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Qərbi Cənubi Qafqazda sabitlikdə maraqlı olmamaqda ittiham edib.

Oktyabrın 4-də Astanada MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında çıxış edən Bortnikov bildirib ki, Qərb guya Yerevan və Bakı arasında münasibətlərin nizamlanmasına kömək etmək üçün NATO ölkələrinin “sülhməramlı” kontingentini Cənubi Qafqzda yerləşdirməyə çalışır.

Amerikalılar və avropalılar Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlı deyillər. Yerevanı Bakı ilə danışıqların uzanmasına meylləndirən Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda Birləşmiş Millətlər Təşkilatının, əslində isə NATO-nun himayəsi altında öz “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır”, – deyə A.Bortnikov əlavə edib.

Aleksandr Bortnikov. Foto: Wiki

Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş müşahidə missiyası NATO-nun konkret ölkəsinin maraqları naminə Rusiyaya və onun tərəfdaşlarına qarşı kəşfiyyat fəaliyyəti aparır:

Qərb imtiyazlı silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistan hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasına çalışır ki, bu da Yerevanı Bakı ilə münasibətlər məsələsində NATO-dan daha da asılı vəziyyətə salacaq”.

NATO-nun dünyanın müxtəlif bölgələrində vasitəçilik təcrübəsini nəzərə alsaq, Cənubi Qafqazda möhkəmlənməsi regionda sabitliyə kömək etməyəcək”, – Bortnikov belə deyib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər Meydan TV-yə açıqlamasında Bortnikovun çıxışını yeni dünya nizamının həlledici mərhələyə qədəm qoyması ilə əlaqələndirib.

Onun fikrincə, hazırda dünya gücləri Rusiya və NATO arasında strateji savaşlar gedir:

Sülhəddin Əkbər, Foto: Meydan TV

“Bu savaşlar bütün yer kürəsini əhatə edib və bu qarşıdurma xətlərindən biri də Cənubi Qafqazdan keçirdi ki, onun əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Qarabağ münaqişəsi idi. İndi artıq Qarabağ münaqişəsi həll olunub və bunun hüquqi cəhətdən təsbit olunması mərhələsindəyik. Rusiya da bunun əndişəsindədir. Çünki sülh müqaviləsinin imzalanması Moskvanın bölgədəki perspektivinə böyük zərbə vuracaq. Məsələ ondadır ki, Cənubi Qafqazdakı münaqişələrin arxasında Rusiya dayanırdı, tərəfləri də özündən asılı vəziyyətə salmışdı və danışıqlarda da hakim rol oynayırdı. İndi Rusiyanın bu rolu əlindən alınıb, sülh müqaviləsinin imzalanacağı təqdirdə Moskvanın Bakıda və Yerevanda olan əvvəlki ehtiyacı ortadan qalxacaq. Eyni zamanda, sülh müqaviləsinin imzalanması, Ankara-Yerevan münasibətlərinin yaxşılaşması və Ermənistanda türk qorxusunun aradan qalxmasıdır. Bununla da Ermənistanın Avropa, NATO yolunun açılmasıdır. Bütün bunlar Rusiyanı narahat etdiyindən müxtəlif vasitələrlə bunun qarşısını almağa və sülh prosesində hakim rolunu saxlamaq niyyətindədir”.

Sülhəddin Əkbər hesab edir ki, geopolitik savaşın əsas cəbhələrindən biri də informasiya-psixoloji savaşdır:

Hamıya aydındır ki, sülh müqaviləsinin imzalanması NATO, Türkiyənin və Avropa Birliyinin marağına uyğundur. Çünki regional inkişafın önünü açır və bölgənin Avropaya inteqrasiyasını gücləndirir. Əslində, Bortnikovun “bu, sabitliyə xidmət etmir” açıqlaması o deməkdir ki, sabitliyi pozarıq. Bununla Ermənistanı təhdid edir. Ona görə də Rusiyanın sülh variantı Moskva düzəninin bölgədə saxlanılması deməkdir. İndi bu düzən pozulub. Bu mənada Sergey Narışkinin bir gün əvvəl Bakı səfəri də həmin qəbildəndir”.

20 fevral 2023-cü ildə Avropa İttifaqının uzunmüddətli missiyası Ermənistanda 2 il müddətinə yerləşdirilib və 100 nəfərdən ibarət olub.

2023-cü ilin dekabrında Avropa İttifaqı missiyanın 209 nəfərə qədər genişləndiyini elan edib.

Ana səhifəSiyasətAleksandr Bortnikov Qərbin Qafqaza NATO kontingenti gətirmək istədiyini deyir