Ali Məhkəmə bloqqerlə bağlı yekun qərar verib
Fevralın 7-də Belarus Ali Məhkəməsi bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərarın qanuni olduğunu etiraf edib. Bu barədə məlumatı BELTA agentliyi yayıb.
Bloqqerin işinə qapalı məhkəmə iclasında baxılıb. Minsk Şəhər Məhkəməsinin hökmünün qanuniliyi yoxlanıb. Aleksandr Lapşin məhkəmədə iştirak etməyib.
Bir müddət əvvəl prezident Lukaşenko bildirib ki, Minskin Lapşini Azərbaycana verməmək üçün heç bir əsası yoxdur.
“Belarus Ali Məhkəməsinin bugünki qərarı yekun qərardır, ondan şikayət və etiraz verilə bilməz” – deyə, hakim bildirib.
Aleksandr Lapşin 2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Minskdə saxlanılıb. Yanvarda Belarus Baş Prokurorluğu onun Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. Bloqqer bu qərardan Minsk şəhər məhkəməsinə şikayət verib, yanvarın 26-da məhkəmə Belarus baş prokurorunun müavininin Aleksandr Lapşinin təhvil verilməsi haqqında hökmünün qanuni olduğu barədə qərar çıxarıb.
Lapşin Bakıda erməni separatçılarını dəstəkləməkdə və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş çağırışlarda və Azərbaycana saxta sənədlərlə gəlməkdə ittiham olunur.