Park salınacaq deyə evindən çıxarılmış, əşyaları oğurlanmış ailə…
“Dedilər, bu tikililər söküləcək, yerində park salınacaq və “Heydər Məscidi”nə birləşdiriləcək. Bizi tələsik – 1 saatın içində evdən çıxartdılar. Aldatdılar ki, Sumqayıtda ev var, ora köçürsüz, sonra sənədləşdirmə də olacaq. İnandıq, getdik. Bir neçə gün sonra məlum oldu ki, o evi bizə verməyiblər, bizi ora kirayəyə köçürüblər. İndi də bizə yaxın durmurlar. 3 uşaq, xəstə həyat yoldaşım və mən – aqibətimiz necə olacaq, bilmirik”.
Bunu Meydan TV-yə hazırda Sumqayıt şəhərinin 4-cü mikrorayonunda yaşayan Sakitə Məmmədova deyir. O, 7 ay əvvələdək ailəsi ilə Bakıda – 9-cu mikrorayon, Babaşov küçəsində köçkünlərin məskunlaşdığı tikilidə yaşayıb. Ötən ilin payızında Binəqədi və Sumqayıt şəhər icra hakimiyyətlərinin nümayəndələri yaşadıqları ünvana gələrək, “bina təcili boşaldılmalıdır, sabahadək gözləmək mümkün deyil, səhər burda söküntü işləri başlayacaq” – deyiblər və onları tələsik evdən çıxarıblar. Sakitə xanım deyir, bunadək bina iki dəfə – əvvəl 2013-cü, sonra 2017-ci ildə boşaldılıb. Köçkünlərə ev verilsə də, köçkün olmadıqları üçün hər dəfə təkcə bu ailə başqa yerə köçürülməyib.
Bir köçkünün evini aldıq
“Əvvəlcə ondan başlayım ki, həyat yoldaşım müharibə veteranıdır. O vaxt müharibədən bir çox xəstəliklə və kontuziyayla qayıdıb. 1998-ci ildə vəziyyəti ağırlaşdı, baxmayaraq ki, canındakı ağrılar müharibənin fəsadlarıydı, hökumət yaxın durmadı, əməliyyatı, müalicələri özümüz etdirməli olduq. Bu üzdən xeyli borclandıq. Məcbur qalıb “Nasosnı”dakı evimizi satdıq. Borcları qaytarandan sonra əlimizdə çox az pul qaldı. Bu məbləğə sənədli mənzil almaq mümkün deyildi. Soraqlayıb 9-cu mikrorayondan – köçkünlərin məskunlaşdığı binadan bir köçkünün evini aldıq. Köçkünlər həmin binanı 90-cı illərin əvvəllərində, yarımtikili vəziyyətdə olarkən zəbt etmişdilər deyə binadakı evlər sənədsiz idi. Binaya qeydiyyat da yox idi, heç ünvan da verilməmişdi. Eləcə, Babaşov küçəsi, “təcili yardım stansiyasının yanı” deyilirdi. Satdığımız ev Sumqayıt şəhərinin inzibati ərazisi olduğundan həmin evdən qeydiyyatdan çıxanda elə Sumqayıt Şəhər Polis İdarəsinin yerləşdiyi ünvana qeydiyyata düşmüşdük. Faktiki isə 1998-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Babaşov küçəsindəki tikilidə yaşayırdıq. 2013-cü ildə xəbər gəldi ki, yan-yana olan iki binanı söküb yerində park salacaqlar, “Heydər məscidi”nə birləşdirəcəklər”.
İlk köçürülmə…
2013-cü ildə “Qaçqınkom” binadakı köçkünləri Mehdiabaddakı köçkün şəhərciyinə köçürür. Binada təkcə Sakitə Məmmədova və ailəsi qalır. “Qaçqınkom” bildirir ki, ailə köçkün olmadığından köçürülməsi də bu qurumluq deyil:
“Binəqədi Rayon İcra Hakimiyyətinə getdik, ordan da bildirdilər ki, yaşayış qeydiyyatımız Sumqayıta olduğundan bizim məsələ ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti məşğul olmalıdır. Həmin icra hakimiyyətinə müraciət etdik, onlar da üzərlərindən atdılar, dedilər: “20 ildir orada yaşayırsız, sizi Binəqədi Rayon İcra Hakimiyyəti yerbəyer etməlidir”.
Sakitə Məmmədova Heydər Əliyev Fonduna üz tutur. Orada ona bildirilir ki, park layihəsinin gerçəkləşməsinə hələ zaman var. Odur ki, narahat olmasın. Vaxtı çatanda onun ailəsi də mənzillə təmin olunacaq. Sakitə xanım sözünə davam edir:
“Binada bizdən başqa kimsə qalmamışdı. Rəsmi qurumlardan gəlib-gedənlərin də ayağı çəkilmişdi. Bir qədər sonra köçkünlər geri qayıtmağa başladılar. Hökumətin verdiyi mənzilləri kimisi satmışdı, kimisi kirayə vermişdi… Beləcə, yenidən binaya yığışdılar… 2017-ci ilədək yaşayış davam etdi. Keçən il yenə Binəqədi Rayon İcra Hakimiyyəti və “Qaçqınkom” gəldi, yenə köçkünləri siyahıya aldılar, kimisini geri qaytardılar, kimisinə yenə başqa yerdə ev verdilər… Bizə isə “köçkün statusunuz yoxdur, başınıza çarə edin”, – dedilər. Mən ikinci dəfə Heydər Əliyev Fonduna getdim. Bilirsiz ki, orada şikayətçiləri Mehriban xanımın yaxın qohumu Məlahət xanım qəbul edir. İkinci dəfə qəbulunda oldum, dedim, Məlahət xanım, axı siz arxayın etmişdiz ki, bizə dəyib-toxunmayacaqlar, bu problem 2013-cü ildən həllini tapmır, indi bizi çölə atırlar. Söz verdi ki, küçədə qalmayacağıq”.
Növbəti köçürülmə…
7 ay əvvəl Binəqədi və Sumqayıt şəhər icra hakimiyyətlərinin nümayəndələri binaya gəlib. Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ailədən evi təcili tərk etməyi tələb ediblər. Bildiriblər ki, növbəti gün ərazidə söküntü işləri başlayacaq və binada qalmaq olmaz. Sumqayıt Şəhər İcra Hakimiyyətindən gələnlərsə bildiriblər ki, ailə üzvlərinin yaşayış qeydiyyatı Sumqayıta olduğundan onlara mənzil də həmin şəhərdə verilir. Onlar ailə üzvlərindən əşyaları toplayıb evdən çıxmağı xahiş ediblər. Əşyaların bir hissəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin özləri ilə gətirdikləri maşına yüklənib və Sumqayıt şəhəri, 4-cü mikrorayon, H.Əliyev prospekti, ev 33, mənzil 15-ə daşınıb. Sakitə xanım söhbətin bu yerində göz yaşlarını tuta bilmir:
“Bizi bu evə gətirdilər, dedik, olmasın Bakı, olsun Sumqayıt, əsas odur ki, küçədə qalmayaq, başımızın üstündə tavan olsun. Gətirdiyimiz əşyaları evə yığdıq. İcra hakimiyyətinin işçiləri bildirdilər ki, evə yığışandan sonra bir neçə günə mənzilin sənədləşməsi də olacaq”.
Əşyaların oğurlanması, puç olan mənzil ümidi…
Növbəti gün ailə üzvləri keçmiş evlərinə qayıdıblar ki, qalan əşyaları da götürsünlər. Ancaq əşyalarının oğurlandığını görüblər:
“Evimiz birinci mərtəbədə idi. Divarı yarıb iri dəlik açmışdılar. O dəlikdən evdə qalan əşyaları daşımışdılar. Dördgözlü qaz sobası, uşaqların və özümüzün çarpayılarımız, stol, stullar, tozsoran, paltar şkafı, kitab rəfi, palazlar… Bir sözlə, biz ordan bir az qab-qacaq və yorğan-döşək götürmüşdük, nə qalmışdısa, hamısını oğurlamışdılar. Polisə də müraciət etdik, nəticəsi olmadı”.
Bu, sadəcə, küçə hərəkəti idi
Sakitə xanım danışır ki, sonradan ortaya çıxan bir həqiqət ailəni necə sarsıdıbsa, oğurluq hadisəsini kölgədə qoyub. Belə ki, bir neçə gün sonra onlara bəlli olub ki, köçürüldükləri mənzil onlara verilməyib, mənzilin başqa sahibi var və onlar burada kirayədə qalırlar:
“Başımızdan od çıxdı. Getdim Sumqayıtın icra hakimiyyətinə, hamı aradan çıxdı, heç kəs yaxın durmadı. Bircə onu dedilər ki, kirayəhaqqını icra hakimiyyəti ödəyir, ev məsələniz düzəlincə orada qalacaqsız. 7 aydır ki, nə evin sahibini tanıyırıq, nə də kirayəhaqqının məbləğindən xəbərimiz var… Burda nə qədər qalacağıq, onu da bilmirik. Sabah icra hakimiyyəti kirayəhaqqını ödəməsə, evin sahibi gəlib bizi çölə atacaq. Üç uşaqla, xəstə həyat yoldaşımla hara gedəcəyik, bilmirik. Başımıza gələnlər bizi sarsıdıb, övladlarım dərs oxumaq əvəzinə başımıza gələnlərin əzabını çəkirlər, stress yaşayırlar. Yoldaşımın səhhəti günbəgün ağırlaşır. Şəraitsiz, təmirsiz bir evə atılmışıq və burada nə vaxta kimi yaşayacağıq, bilmirik. Mənə təsir edən odur ki, bizi küçədən keçən yox, dövlətin qurumunda çalışan və dövlət qurumu adından danışanlar aldadıb. Vətəndaşı arxayın edəsən ki, “dur yığış, sənə ev verilib” və bir neçə gün sonra məlum ola ki, səni əslində kirayə evə yerləşdiriblər. Bir azdan da deyəcəklər ki, kirayəhaqqını ödəmək imkanımız yoxdur, özünüz ödəyin. Bu, sadəcə, küçə hərəkəti idi, başqa ad tapa bilmirəm”.
Sakitə xanım deyir, bir neçə ay əvvəl mənzil verilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətindən tələb olunan bütün sənədləri toplayaraq quruma təqdim edib. Lakin bir müddət sonra nəticəylə maraqlananda ona bildirilib ki, eyni sənədləri təzədən toplamalıdır:
“Süründürürlər, bezdirirlər, adamı sanki sındırmağa çalışırlar. Yoldaşım xəstəlikləri ilə əlaqədar əmək fəaliyyəti ilə məşğul ola bilmir. Mənsə gündəlik 5-6 manatlıq işə görə Sumqayıtdan Bakıya – “İnşaatçılar” metrosunun yanına gedib-gəlirəm. Hər sənədin dalınca beş dəfə qaçmaq olmur”.
Qurum nə deyir?..
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, ailənin narahatlığına əsas yoxdur. Mənzil növbəsinə dayanmaq üçün Sakitə xanıma müvafiq sənədləri toplayıb quruma təqdim etməsi tapşırılıb. Lakin Sakitə xanım sənədlərini hələ də təqdim etməyib: “Əvvəla, ailə əvvəlcədən kirayə mənzilə köçürülməsi barədə məlumatlandırılıb. Ona görə də Sakitə xanımın bu barədə dedikləri həqiqətəuyğun deyil. Mənzil verilməsinə gəlincə, xanıma təqdim etməli olduğu sənədlərin siyahısı verilib, lakin sənədlər hələ də quruma təqdim olunmayıb”.