“Silah almaq istəyən hər bir adamın tərcümeyi-halı diqqətlə yoxlanılmalıdır”
52 yaşlı amerikalı aktyor və prodüser Metyu MakKonahi ABŞ-da silaha nəzarəti gücləndirməyə çağırıb.
O, Ağ Evdə keçirdiyi mətbuat konfransında 2022-ci il mayın 25-də ABŞ-ın Texas ştatında ibtidai məktəbə silahlı hücum zamanı 19 uşaq və iki müəllimin ölümü ilə nəticələnmiş hadisədən danışıb.
Aktyor çıxışında Demokratlar və Respublikaçılar partiyalarına öz aralarındakı fikir ayrılıqlarına son qoymağı, çoxsaylı qurbanlara səbəb olmuş kütləvi atışma kimi problemləri həll etməyə çağırıb.
MakKonahi 21 yaşından kiçik olan şəxslərə AR-15 avtomatlarının satışı qadağan edilməsi təklifi ilə çıxış edib.
Əlavə edib ki, silah almaq istəyən hər bir adamın tərcümeyi-halı diqqətlə yoxlanılmalıdır.
AR-15 (ArmaLite Rifle) – yarımavtomatik tüfəngdir.
Silah mülki əhalinin özünümüdafiə, ovçuluq və sair məqsədilə istifadəsi üçün nəzərdə tutulur, polisin isə ştat üzrə standart silahlanmasında yer alır.
MakKonahi həmçinin hakimiyyəti kütləvi atışma, ölüm kimi sensasiya doğuracaq xəbərlərin mediada işıqlandırılmasını məhdudlaşdırmağa çağırıb.
Mayın 25-də Texas ştatının Yuvald şəhərindəki ibtidai məktəbə silahlı hücum olub, nəticədə 21 nəfər ölüb.
Həlak olanlardan 19 nəfərin şagird, 2 nəfərin yaşlı şəxs olduğu bildirilib.
Hücum edən 18 yaşlı Salvador Ramos adlı yerli şəxs olub.
O, polis tərəfindən güllələnib.
Salvador Ramosun tapança və AR-15 tüfəngindən istifadə etdiyi bildirilir.
Hücumdan sonra açıqlama verən ABŞ Prezidenti Co Bayden 18 yaşlı bir oğlanın mağazadan silah ala bilməsi fikrinin yanlış olduğunu deyib.
Əlavə edib ki, bu cür kütləvi atışma dünyanın başqa bir yerində nadir hallarda olur.
Statistikaya əsasən, ABŞ-da mülki vətəndaşların 390 milyondan çox silahı var.