“Aksiz dərəcələrinin artırılması qaçaqmalçılığa şərait yaradacaq”

Foto: Meydan TV

Nemət Əliyev: “Azərbaycanda əhalinin sosial vəziyyəti həddən-ziyadə ağırdır”

Aprelin 14-dən Azərbaycana gətirilən siqaret və qəlyan tütünlərinin qiyməti bahalaşıb.

Artım 2021-ci il martın 14-də Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə edilən dəyişikliklə əlaqədardır.

Eyni zamanda, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə də dəyişiklik edilib.

2024-cü il 31 dekabr tarixinədək qüvvədə olacaq bu qərara əsasən, idxal edilən qəlyan üçün tütün əvəzləyicilərinin bir kiloqramına bir ABŞ dolları gömrük rüsumu müəyyən edilib.

Həmçinin idxal edilən birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədinə 15 % gömrük rüsumu tətbiq ediləcək.

Qərara əsasən, tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin aksiz vergisi 43,0 manatdan 46,5 manata qaldırılıb.

İstehlak olunan tütün və tütün məhsullarının aksiz vergisi də (12,9 manatdan 14 manata) artırılıb.

Dəyişikliklərə əsasən, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin 1 kiloqramına görə 30 manat aksiz vergisi müəyyən edilib. Həmçinin birdəfəlik istifadə olunan elektron qəlyan, siqaret üçün aksiz dərəcəsi 0,25 manat müəyyən olunub.

Alkoqollu içkilərin də qiymətində dəyişiklik edilib

Qərara əsasən, denaturasiya olunmamış etil spirti üçün (80 həcm faiz və ya çox spirt qatılığı ilə, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti) aksiz dərəcəsi 1 litr üçün 5,2 manatdan 6 manata qaldırılıb.

Aksiz dərəcəsi üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 1 litr üçün 7,2 manatdan 8 manata, viskinin 1 litri 11,2 manatdan 12 manata qədər artırılıb.

“Qiymət artımı ciddi problemlər yarada bilər”

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, tütün məhsullarına tətbiq edilən qiymət artımı ciddi problemlər yarada bilər:

“Tütün məmulatlarının qiyməti həddindən artıq bahalaşanda qaçaqmalçılığın artmasına şərait yaranır. Bundan əlavə, ölkə daxilində saxta spirtli içkilərin istehsalına da rəvac verir. Qaçaqmalçılıq ölkə iqtisadiyyatına ziyan vurmasa da, müəyyən neqativ fon yaradır. Yəni ölkəyə qeydiyyatsız keçirilən tütün məmulatlarını vergiyə cəlb etmək mümkünsüzdür. Söhbət təkcə aksiz vergisindən getmir. Bu məhsullar qeyri-leqal olduğundan satışdan əldə edilən gəlirdən büdcəyə vergi ödənməyəcək. Ona görə də burada qızıl ortanın tapılmasına ehtiyac var”.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

“Bahalaşma əhalinin həyat səviyyəsini daha da ağırlaşdıracaq”

İqtisadçı Nemət Əliyev isə hesab edir ki, Azərbaycanda böyük əksəriyyətin istifadə etdiyi siqaretin bahalaşması əhalinin həyat səviyyəsini daha da ağırlaşdıracaq:

“Siqaret və tütün məhsullarının qiymətinin artması ilk növbədə istifadəçilərə mənfi təsir göstərəcək. Çünki Azərbaycanda siqaretdən istifadə edənlərin sayı çoxdur. Yəni bu müəyyən kateqoriya insanlar deyil. Az qala, hər ailədə siqaret çəkən adama rast gəlmək mümkündür. Kütləvi istehlak məshulu olduğuna görə siqaretin və tütün məhsullarının qiymət artımına barmaqarası baxmaq olmaz”.

Nemət Əliyev
Foto: Meydan Tv

İqtisadçı deyir ki, tətbiq edilən aksiz vergisi dolayısıyla digər məhsul istehsalçıları və satıcılarda psixoloji olaraq qiymət artımı qənaətini yaradacaq:

“Digər məhsulları satan adamlar baxacaqlar ki, siqaretin qiyməti artıb, istər-istəməz özlərinin istehsal etdiyi, yaxud da satdıqları məhsulların qiymətini artırmağa psixoloji istəkləri yaranacaq. Azərbaycanda əhalinin sosial vəziyyəti həddən-ziyadə ağırdır. Əhalinin alıcılıq qabiliyyəti onsuz da pisləşib, həyat səviyyəsi çox ağırdır. Siqaret və alkoqollu içkilərin qiymət artımına sıradan bir məsələ baxılması doğru deyil”.

Ana səhifəSosial“Aksiz dərəcələrinin artırılması qaçaqmalçılığa şərait yaradacaq”