Vəkil təqsirləndirilən şəxslərlə görüşə bilmədiyini deyir
Mayın 23-də Sumqayıt Apelyasiya Məhkəməsində ötən il Siyəzəndə aksiyadan sonra saxlanılan şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Meydan TV-nin məlumatına görə, hakim Nazim Mövsümovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslər iştirak etməyib.
Təqsirləndirilən şəxslərdən Zaur Şəkərov, Nizami Qəniyev və Coşqun Bəgişovun vəkili Elçin Sadıqov bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxslərlə görüşə bilmir. Onların saxlanıldığı istintaq təcridxanasının rəhbərliyi orderlə kifayətlənmir, məhkəmənin icazə məktubunu tələb edir. Vəkil məhkəmədən razılıq məktubu verilməsi barədə vəsatətlə çıxış edib.
Hakim vəsatəti təmin edib. Vəkilin təqsirləndirilən şəxslərlə görüşünə imkan yaradılması üçün ilkin baxış iclası iyunun 1-nə qədər təxirə salınıb.
Məhkəmədə təqsirləndirilən şəxslərin ailə üzvləri də hakimə müraciət edərək, yaxınları ilə görüşlərinə icazə verilməməsindən gileyləniblər. Onlar hakimdən görüşə şərait yaradılmasını xahiş etsələr də, hakim bu məsələnin məhkəməyə aidiyyəti olmadığını bildirib.
2016-cı il yanvarın 12-13-də Siyəzəndə qiymət artımına, işsizliyə etiraz olaraq bir qrup sakin Siyəzən Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyinə dair vəd verdikdən sonra sakinlər dağılışıb. Amma gecə saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları evlərə gedərək, etirazçıları saxlayıb. Onlardan bir qisminə inzibati həbs cəzası verilib. 11 nəfər barəsində isə Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221 (xuliqanlıq), 228 (qanunsuz silah saxlama), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər), 234 (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham verilib.
Siyəzən rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərdən Müslüm Əzimov və Zaur Şəkərov 6 il, Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev və Nizami Qəniyev 4 il, Aydın Səfərli isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onların haqqındakı hökmdən apelyasiya şikayəti verilib. Şikayətdə barələrində bəraət hökmü çıxarılması istənilib.