Aksiya keçirən Şahbaz Quliyev DİN-ə çağırılıb

Şahbaz Quliyev. Foto: Meydan TV

Elşad Hacıyev: “Saxlanılmayıb, dəvət edib dinləmişik”

Aprelin 1-də 7 il Emənistanda əsirlikdə olan Şahbaz Quliyev Daxili İşlər Nazirliyinə çağırılıb.

Bu barədə nazirliyin Mətbuat xidmətinin rəsmisi Elşad Hacıyev Meydan TV-yə danışıb.

Elşad Hacıyev bildirib ki, Şahbaz Quliyevi şikayətləri və onu narahat edən məsələlərlə bağlı dəvət edib dinləyiblər: “Daha sonra Şahbaz Quliyev aidiyyatı üzrə də yönləndirilib, yəni onun saxlanılması ilə bağlı hər hansı qərar yoxdur”.

Şahbaz Quliyev bu gün Prezident Administrasiyanın (PA) qarşısında keçirdiyi aksiyada jurnalistlərə deyib ki, 1.3 ildir əsirlikdən azad edilsə də, nə pensiya, nə əlillik, nə veteranlıqla bağlı problemləri həllini tapır: “Dəfələrlə Müdafiə Nazirliyi başda olmaqla digər müvafiq orqanlara müraciət etsəm də, əhəmiyyət vermirlər. 130 manat pensiya yazıblar, imtina etmişəm, çünki həmin pulla bir dəfə bazara gedirsən, qurtarır. Dövlət Məşğulluq Agentliyi müharibə iştirakçısına 160 manat məbacibi olan süpürgəçi işi tapdı. Təsəvvür edirsiniz, bu nədir?!”.

2020-ci ilin 14 dekabrında Ermənistanda girovluqda saxlanılan Azərbaycanlı əsirlər Şahbaz Quliyev və Dilqəm Əsgərov Azərbaycana gətiriliblər.

Dilqəm Əsgərov və Şahbaz Quliyevi 2014-cü ildə Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələrinin girov götürdüyü bildirilir.

Onların yanında olan Həsən Həsənovunsa qətlə yetirildiyi açıqlanmışdı.

Tanınmayan və Azərbaycan tərəfinin separatçı saydığı “Dağlıq Qarabağ Respublikası”nın məhkəməsi Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etmişdi.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan təmas xəttində başlanan döyüşlərə qədər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasında saxlandığı bildirilirdi.

Ana səhifəXəbərlərAksiya keçirən Şahbaz Quliyev DİN-ə çağırılıb