"Dedilər ki, müstəqil adamdır, hara istəyir getsin. Getdi, amma qayıdandan sonra tutdular"
Bu gün, iyunun 7-də Suriyada qanunsuz silahlı dəstələrin tərkibində fəaliyyət göstərməkdə ittiham olunan bir qrup məhkumun ailə üzvləri İçərişəhər metrostansiyası yaxınlığındakı Filarmoniya bağı yaxınlığında etiraz aksiyası keçirməyə cəhd göstərib.
Əslində plan Prezident Administrasiyasının binası qarşısında etiraz etmək olsa da, ora yaxınlaşa bilməyən valideynlər bağın önündə övladlarına qarşı irəli sürülən ittihama etiraz ediblər.
Valideynlər övladlarının üzərindən Cinayət Məcəlləsinin 214-cü (Terrorçuluq) və 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma) maddələrinin götürülməsini istəyirlər.
Etirazçılardan Südabə Heydərova bildirib ki, oğlu Zaur Heydərov 2013-cü ildə Suriyaya gedib: “Biz başa düşürük, özləri öz ayaqları ilə getdilər, amma bir ay yarıma qayıtdılar. Deməli, nəsə başa düşüb qayıdıblar da. Bəs onda gedənlərə çağırış edildi ki, qayıdın, gəlin sizə heç nə edilməyəcək. Prezident İlham Əliyev özü televiziyada çıxış etdi. Dedi: “Ey mənim həmvətənlərim, qayıdın gəlin vətəninizə. Siz məsuliyyətə cəlb edilməyəcəksiniz”. Amma gələndən 1 il 8 ay keçəndən sonra oğlumu həbs etdilər. Niyə? Həmin 1 il 8 ay müddətində Azərbaycanda qaldığı dövrdə öyrənin görün birinin toyuğuna “kiş” deyibmi? Kimə nə edib, qan salıb? Niyə terrorçuluq ittihamı ilə həbs edilib?”
Südabə Heydərova deyir ki, həyatda hamının səhvi olur. Böyük vəzifələrdə çalışanların da səhvi var, amma işləyirlər, onların uşaqları isə həbs edilir: “Nə olar bizim övladlarımıza da rəhm edin. Ana kimi Prezidentimizdən, Mehriban xanım Əliyevadan xahiş edirəm: bizim balalarımızın işinə baxın. 214 və 218-ci maddələri onların üzərindən götürün. Yazıqdır, 3 balası var, oğlu əsgərlikdədir. Biz demirik onları azadlığa buraxın, amma bu maddələri onların üzərindən götürün”.
Həbs olunanlardan Ramiz Məmmədovun anası da oğlunun ittiham edildiyi 214 və 218-ci maddələrlə razı deyil.
O deyir ki, oğlu Suriyada cəmi 2 ay olub: “Gələndən 4 ay sonra, 2014-cü ilin martında həbs edilib. Cəzaçəkmə müəssisəsindədir, onun orada cəza çəkməsinə etirazım yoxdur. Sadəcə üzərinə qoyulan maddələrlə razı deyilik. Oğlum həmin maddələrin üzərindən götürülməsinə görə 21 gün aclıq da edib. Bura gəlməklə Prezident İlham Əliyevdən xahiş edirəm, daha öncə dəfələrlə məktublar da yazmışam. İstəyirəm biləsiniz ki, bizim uşaqların terrorçuluqla əlaqələri yoxdur. Nə olar, həmin maddələrin onların üzərindən götürülməsinə yardımçı olasınız. Oğlum ilk həbs olunanda bizə deyildi ki, araşdırılacaq, cinayəti aşkarlanmasa, sərbəst buraxılacaq. İki dəfə Suriyaya sorğu göndərdilər. Hər ikisində cavab təmiz gəldi. Bunu dövlət də bilir, hakimlər də bilir. Onların səhvi yoxdur. Olmayan cinayətə görə birinə terrorçu ittihamı qoyula bilərmi? 8 ildir yollardayıq, artıq taqətimiz qalmayıb. Bizə kömək edin”.
Ana bildirib ki, onların övladlarının hər hansı günahı varsa, qanun qarşısında cavab verməlidirlər, amma onların hər hansı bir günahı faktla sübuta yetirilməyib: “Onların günahı yoxdur. Xahiş edirik onların üzərindən o ağır ittihamları götürün”.
Anaxanım Mərdanovanın oğlu Maarif Mərdanov da terrorçuluqda ittiham edilib həsb edilənlər arasındadır. Ana bildirir ki, onun oğlu heç vaxt terrorçu olmayıb: “Mən terrorçu anasına oxşayırammı? Azərbaycanda terror yoxdur. Təkcə ermənilər bizə qarşı terror törədiblər. Mən Prezidentdən, Mehriban Əliyevadan xahiş edirəm, bizim uşaqlarımızın üzərindən terrorçu damğasını götürsünlər, onları əfv etdinlər”.
Anaxanım Mərdanova deyir ki, oğlu 2014-cü ildə həbs edilib. Deməsinə görə, bircə ayın güdazına gedib: “Türkiyədən gələndə Gəncədə həbs edilib. Eldar Mahmudovun dəstəsi onu həbs edib, döyüb və bəzi şeyləri boynuna qoyub. Mənim oğlumun, ümumiyyətlə, bizim uşaqlarımızın terrorla bir əlaqələri yoxdur. Suriyaya gedib, bəli, aldanıb. Amma mən onunla hər gün danışırdım. Deyirdi ki, Türkiyədədir və xalçayuma yerində çalışır".
Etirazçılardan Sevil Qənbərova oğlu Azər Qənbərovun 2014-cü ildə Türkiyədən gələndə o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edildiyini və günahının olmadığını deyir: “Türmədədir, xəstədir, döyülüb. 3 övladı var, onlara görə onu əhv edin. Zəif olduğuna görə heç əsgərlikdə olmayıb. Belə biri necə terrorçu ola bilər? Biz gedirik Prezident Administrasiyasına, ancaq qəbul etmirlər. Xahiş edirik ki, onları əfv etsinlər. Üzərlərinə qoyulan maddələr Azərbaycana yaraşmır”.
Həbs edilənlərdən Orxan Hacıyevin anası isə bildirib ki, oğlu 218 (Cinayətkar birlik (təşkilat) yaratma) və 183-cü maddələrlə (Xüsusi dəyəri olan əşyaları talama) həbs edilib.
Ana deyir ki, Orxanın yoldaşının gözünün görmə qabiliyyəti 0 faiz idi. Eşitmişdi ki, orada əməliyyatı pulsuz edirlər. Elə ona görə getmək qərarı vermişdi: “Orada əməliyyat etdirəcəyəm, orada yaşayacam deyib getmək istəyirdi. Mən o zaman getdim Milli Təhlükəsizlik Nazirliyinə. Bildirdim ki, oğlum Suriyaya getmək istəyir, onu aldadırlar. Mən isə icazə vermirəm. Dedilər ki, müstəqil adamdır, hara istəyir ora gedə bilər. Bu, 2014-cü ildə olmuşdu. Mən müraciət edəndə dövlət vecinə almadı, onun qarşısını kəsmədi. Gedəndən sonra isə üstünə “terrorist” adı qoydular. Hətta o Suriyada döyüşmədiyi üçün 21 gün həbsdə oturub. Necə gedib, elə də qayıtmışdı. Dönəndən sonra isə uşağın üstünə ad qoydular. Üstəlik, əllərində bir sübut, fakt yoxdur”.
Ana bildirir ki, oğlunun 2 körpəsi var, bütün ailəsi birlikdə zülm çəkirlər: “Aldanıb sadəcə. Gedib vəziyyəti görəndən sonra da qayıdıb. O öz səhvini anlayıb. Nə olar, siz də onu bağışlayın. Prezidentdən xahiş edirəm, bizə kömək etsin. Fakt mən oğlumu Türkiyədən gətirmişəm. Gələndə də ikimiz qayıtmışıq. Amma deyirlər ki, guya qrup şəklində həbs edilib. Niyə belə yalanlar uydurulur, haqsızlıq edilir? Mən Mehriban Əliyevadan xahiş edirəm, göstəriş versin, bu iş ədalətli araşdırılsın. Bizim uşaqlara rəhm edilsin”.
Mehparə Musayeva oğlu İlqar Musayevin 2015-ci ildə həbs edildiyini deyir. Bildirir ki, oğlu heç Suriyaya getməyib. 2013-cü ildə Türkiyəyə gedib, elə oradan da qayıdıb gəlib: “Taksi işləyirdi. Sonradan tutuldu. Mən övladımdan arxayınam, o, terrorçu deyil. Hökumətimizdən xahiş edirik, onları əfv etsinlər. Biz demirik övladlarımız günahsızdır. Hardasa səhvləri var. Niyə getmək haqqında düşünürdülər – bu, səhvdir, bəli. Artıq illərdir həbsdədir, peşmandır, nə olar, onu buraxın. Atasının ürəyi partladı öldü. İndi hər şey tək mənim öhdəmdə qalıb. Xahiş edirəm, bizə kömək edin”.
Qəmər Məmmədəliyevanın oğlu Məmmədşah Məmmədəliyev də terror ittihamı ilə həbs edilənlərdəndir. Ana deyir ki, oğlu ailəsi ilə birgə Misirə gedəndə həbs edilib: “Bu zaman ona bildiriblər ki, pasportunda “stop” var. Qaytarıblar. Deyiblər ki, səhər tezdən gələrsən MTN-ə. Həmin gündən də həbs edilib. Onun 3 övladı var. Heç biri məktəbə getmir. Çünki onların atasının üstündə terrorçu adı var. Utanırlar, oturublar evdə. Bu uşaqların hamısının üstündən terror adı götürülməlidir”.
Ana bildirir ki, qəbula da getmək istəyirlər, ancaq onlara gedib sözlərini demək üçün imkan verilmir.
Diləfruz Mustafayeva Tariyel Mustafayevin Türkiyəyə müalicə üçün getdiyini bildirir: “Oradan da Suriyaya müalicəyə getdi. Dönəndən 6 ay sonra onu MTN-ə çağırdılar. Sonra da terror ittihamı ilə həbs edildi. Məhkəmədə də günahsız olduğu məlum oldu. Ondan 2 il sonra 13 il 6 ay həbs edildi. Həbs edilənlərdən heç birinin günahı yoxdur. Prezidentdən, Mehriban Əliyevadan xahiş edirəm, övladlarımızı əfv etsinlər. Qoy çıxıb övladlarını dolandırsınlar, biz daha dözə bilmirik”.
2014-cü il sentyabrın 23-də keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən 26 Azərbaycan vətəndaşı həbs edilib.
İttiham aktında təqsirləndirilən şəxslərin 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya ərazisində həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində fəaliyyət göstərmələri əksini tapıb.
Həbs edilənlər və ailələri bununla razılaşmır. Ailələr övadlarının təqsirsiz olduğunu, həbsləri ilə bağlı fakt, əsas olmadığını bildirirlər.