“Cəmiyyətə demək istəyirlər ki, hamımızın məqsədi birdir, təmiz adam yoxdur…”
III Respublika Platformasının Spikeri, “Toplum TV” işi ilə bağlı həbs edilən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Akif Qurbanov onunla bağlı mediada yayılan iddialara Apelyasiya Məhkəməsində cavab verib.
Meydan TV istintaq sirri sayılacaq fikirlərlə bağlı xırda ixtisarlar edərək çıxışın tam mətnini yayımlayır:
“Hörmətli məhkəmə, heç bir hüquq pozuntusuna yol vermədiyimiz, cəmiyyətimiz və ölkəmizə ziyan vuracaq heç bir əməl törətmədiyimiz halda, hakimiyyət bizi öz repressiya maşınının cənginə atıb. Siyasi hakimiyyət silsilə və sistemli xarakter alan bu repressiyalarla bizi təkcə fiziki cəzalandırmaq, usandırmaqla kifayətlənmir, həmçinin cəmiyyətin gözündən salmaq üçün hər cür qarayaxma və böhtandan yararlanmağa çalışır. Bu sırada təkcə şəxsimiz deyil, həm də ailə üzvlərimiz, yaxın çevrəmizdə olan, heç bir ictimai münasibətlərimizə qarışmayan, sadəcə, şəxsi münasibətimiz olan insanları belə qatmaqdan nə çəkinir, nə utanır, nə də hər hansı bir qırmızı xətləri var. Təbii ki, bu fikirləri qeyd etməklə nə insanları qorxutmaq fikrindəyəm, nə də bu əməllərin bizi sarsıtdığını demək istəyirəm. Bu addımlar bizi əsla inandığımız, mənəvi güc aldığımız əqidəmizdən, dəyər və prinsiplərimizdən bir an belə yayındırmır. Sadəcə, bizim ölkəmizə hansı təfəkkürün rəhbərlik etdiyini, bizim cəmiyyəti nəzarətə götürdüyünü demək, eyni zamanda, onlara acıdığımı bildirmək istəyirəm. Hər kəs özünə yaraşan hərəkətləri etdiyi kimi, bunların da nəyi özünə yaraşdığırdığını ictimaiyyətin diqqətinə çatdırmaq niyyətindəyəm.
Həbs olunan gündən indiyə qədər başımıza gətirilənlərlə bağlı xüsusi şikayətçi ritorikasında olmamağa çalışmışam. Ona görə yox ki, hər şey hüquq çərçivəsində və çox nəzakətlə edilib, sadəcə, heç bir halda nə qədər mümkündürsə, cəmiyyətə neqativ mesajın çatdırılmasını faydalı hesab etməmişəm. Bu sistemin əsas idarəetmə metodlarından biri cəmiyyəti xofda saxlamaqdır. Ona görə də xof məsələsində onların çörəklərinə yağ sürtməməyə çalışırıq. Məni tanıyan dostlarım bilir ki, xarakter etibarilə də “ağı ədəbiyyatı”nı sevən biri deyiləm. Problemlərə sinə gərməyi bacarırıq.
Bu fikirləri bölüşməkdə də əsas məqsədim sizin diqqətinizi problemlərə çəkmək, yuxarıda dediklərimi təkzib etmək deyil, sadəcə, bizi cəmiyyətin gözündən salmağa cəhd etdiklərinə aydınlıq gətirməkdir. Bilirsiniz ki, uzun müddətdir bu sistemdə çalışanlar korrupsiya, yeyinti, özbaşınalığı həyat tərzinə çeviriblər. Onların bu əməlləri dəfələrlə sübut olunsa da, heç nə olmamış kimi yenə də davam edirlər. Hətta tez-tez İlham Əliyev “müxalifət lideri obrazı”na girmiş kimi bu qanunsuzluqlardan, rüşvət və korrupsiyadan, məmur özbaşınalığından sanki özünə aid deyilmiş kimi danışır. Elə bil ki, onun haqqında danışdığı məmurları və idarəetmə sistemini mən qurmuş və başında da mən dayanmışam. Əslində, özləri nə etdiklərinin fərqindədirlər. Ona görə də onların cəmiyyətin etimadını qazanmaq kimi bir dərdləri yoxdur. Bu düşüncənin sahibləri hər yerdə bu günün psixologiyası ilə yaşayırlar. Sabah nə olacağı onları düşündürmür. Bu günün uğuru üçünsə zorbalığa, fiziki gücə, pula və yalana arxalanaraq, insanları aldatmağa çalışırlar. Eyni zamanda, cəmiyyətin kiməsə etimadından çox narahat olurlar. Ona görə də kim parlasa, beşikdəcə boğur, müxtəlif iyrənc metodlarla cəmiyyətin gözündən salmağa çalışırlar. Bu metod vasitəsilə verdikləri əsas mesaj budur ki, hamı eynidir, fərqli olan yoxdur. Demək istəyirlər ki, bu ölkənin ictimai-siyasi həyatında olan hər kəsin “xəmiri eyni su ilə yoğrulub” və heç kəs təmiz deyil, hamı bulaşıb.
Cəmiyyətə demək istəyirlər ki, hamımızın məqsədi birdir, sizi düşünən, sizə xidmət etmək istəyən yoxdur, yəni gözləməyin, ümidlənməyin və mövcud vəziyyətlə barışın. Azərbaycan xalqının içindən yaxşı birisı çıxası deyil, “hamı eyni bezin qırağı”dır.
Mövcud hakimiyyət bu rəyin formalaşmasında əsas alət və iştirakçı kimi bizim içimizdən çıxmış və ya hələ də içimizdə sandıqları “sapı özümüzdən olan baltalar”dan istifadə edir. Özünü müxalif sayan, amma hakimiyyətin “ucuz işçi qüvvəsinə” çevrilən öz əqidəsizliklərinə, düşərgə dəyişmələrinə, karyera və məişət problemlərinin əsasında müxalifik etdiklərinin üzə çıxmasını ört-basdır etmək üçün “haqq yolu”na qayıtdıqlarına təsəlli tapmağa çalışırlar. Ona görə də istər həbsdən əvvəl, istərsə də həbsdən sonra haqqımızda yazılan qarayaxmaların əsas məqsədi bizə olan etimadı sarsıtmaqdır. Həmçinin, bu addımlar qondarma istintaq prosesinə əsaslar yaratmaq, legitimlik qazandırmaq məqsədi daşıyır.
Həbsimizin və aparılan istintaqın hüquqi əsaslandırması tamamilə qondarmadır. Bu, İlham Əliyevin dözümsüzlüyündən, ictimai nəzarəti itirmə və yeni yer alan siyasi qüvvənin potensial olaraq cəzbediciliyinin təhlükəli olmasından doğan refleksidir. Burada təkcə məni yox, heç bir məsuliyyəti, təşkilatçı və sərəncamverici, qərarverici rolu olmayan dostlarımın da həbs edilməsi, şəxsi ünsiyyətdə olduğum ictimai işə aidiyyatı olmayan insanların da cəzalandırılması həm bizləri sarsıtmaq, həm də ətrafımıza və cəmiyyətə qorxu mesajı verməkdir ki, bizə yaxın gəlməsinlər. Məqsəd odur ki, kimlərsə də gələcəkdə belə “xam xəyallar”a düşməsinlər. Bizdən öncəkilərə də təbii ki, eyni metod tətbiq edilib. Əlbəttə, biz dövlət aparatını zəbt edərək onun adından edilən hüquqa və insanlığa zidd bütün əməlləri, özbaşınalıqları, onların saxta “sübut”larını irəlidəki zamanlarda xalq və dünya qarşısında ifşa və biabır edəcəyik. Əslində, xalqımızın bu saxta ittiham və sübutlara inanmadığına əminəm.
Girişi uzun olsa da, bu yazıda əsas məqsədim odur ki, haqqımızda yazılan və yazdırılan mətnlərin, yayımlanan efir və videoların istinad etdiyi “fakt” və “rəqəmlər”in heç biri hökumətin əlaltı mediasının araşdırması deyil. Bunlar hüquq mühafizə orqanlarının Prezident Admintrasiyasının siyasi sifarişi ilə yalan-doğru məlumatları bir-birinə qataraq yığa bildiyi, hədə-qorxu ilə insanların boyunlarına qoyduqları söz yığınıdır.
Məsələn, qeyd olunur ki, mənim və Ələsgər Məmmədlinin bank hesablarına on minlərlə pul gəlib və biz onu qanunsuz əldə etmiş və ya istifadə etmişik, guya onlar cari hesablar olub. Onu yazanlar da, yazdıranlar da gözünün içinə qədər və həyasızcasına cəmiyyətə yalan danışırlar. Çünki həmin hesablar VÖEN əsasında açılıb. Sahibkarlıqla məşğul olanlar bunu yaxşı bilirlər. Uzun illər həmin hesablardan xidmət müqaviləsi əsasında vəsait əldə etmişik və vergi daxil olmaqla bütün dövlət ödənişləri həyata keçirilib. Bizim vergilərimiz əsasında maaş alan mirzələr bax beləcə ağ yalanlarla cəmiyyətin gözünə kül üfürməyə çalışırlar.
Hörmətli məhkəmə, haqqımda qarayaxmanın əsas mövzularından biri və bunun əsasında da istintaqın üzərinə həbs qoyduğu əmlakımdır. Bu barədə hələ 2019-cu ildə məni çəkindirmək və nüfuzumu ləkələmək üçün sifarişlə hüquq-mühafizə orqanlarından birinin hazırladığı yazı və müxtəlif materiallar yayımlanmışdı. Həbsimdən sonra da bunu yeniləyib davam etdirirlər. Hələ utanmazca bu yazını media araşdırması kimi təqdim edirlər. Eyni zamanda, dediyim o mirzələrdən – düşərgəsini dəyişən “ucuz işçi”lərdən istifadə edirlər. Halbuki həmin adamların 2003-cü ildə həbsdə olanda seçki üçün yığılmış ianəni bağ evini tikdirməyə və təmir etməyə xərclədiyi yaxşı yadımızdadır. Amma mən hələ yazı 2019-cu ildə yayılanda dərhal canlı yayım açaraq sənədlərlə, rəsmi faktlarla cəmiyyətə bəyan etdim ki, nəyim var və hansı mənbələr hesabına əldə etmişəm. Maraqlanlar azca zəhmət çəkib saytlarda və “Youtube”də həmin çıxışa, sənədlərə və faktlara baxa bilərlər.
İndi də açıq bəyan edirəm ki, mənim və ailəmin nə əmlakı varsa, hamısı 2019-cu ilə qədər əldə olunub. 2019-cu ildən sonra heç bir əmlak əldə etməmişəm. Əldə etdiklərim də gizli deyil, açıqdır və cəmiyyətə hesabatını vermişəm. Onların mənbəyi də açıqdır. 2006-2016-cı ilə qədər MSK-nın üzvü olaraq dövlət büdcəsindən o dövr üçün yüksək maaş və mükafatlar almışam. Həmçinin VÖEN əsasında fiziki şəxs kimi 2015-ci ildən etibarən xidməti müqavilə əsasında rəsmi bank hesabım üzərindən gəlir əldə etmişəm. Eyni zamanda, həyat yoldaşım 2006-cı ildən indiyə qədər beynəlxalq qurumlarda çalışır və aldığı məvacib Azərbaycanın orta göstəricilərindən xeyli yüksəkdir. Bunu da dövlət qurumları yaxşı bilirlər, çünki dövlətə hər ay ödəmələr edir və həmin vergi əsasında “mirzə və canişin”lər evlərinə çörək aparırlar.
Əldə etdiyim əmlakların qısa tarixçəsini deyim ki, 25 yaşımda MSK-da üzv olarkən subay idim və valideynlərimlə birgə yaşayırdım, heç bir əmlakım da yox idi. Sonra 2007-ci ildə işlənmiş “Vaz-2107” aldım. Onu öz pulumla təxminən 3700 manata almışdım. Hətta MSK, Milli Məclis və digər yerlərə həmin maşınla gedirdim. Təbii ki, statusuma görə mühitdə qəribə görünsə də, gənc olmağım və süni kultun yaratdığı atmosfer məndə heç bir kompleks yaratmırdı. O qəribə nəzərləri sezsəm də, heç nə vecimə deyildi, indi də belədir…
2009-cu ildə biz yoldaşımla evləndik. Toyqabağı xərclər üçün avtomobilimi satdım. Planımıza görə toyumuzdan sonra kirayədə yaşamalı idik və buna görə “Neftçilər” metrosuna yaxın kirayə mənzil də tutmuşdum. Ondan xeyli əvvəl isə isə müvafiq sənədləri toplayıb ipotekaya müraciət etmişdim. Bəxtimizdən toy gününün səhəri (elə bil hədiyyə oldu) bankdan zəng gəldi ki, sizin ipoteka müraciətiniz, nəhayət, qəbul olundu, təcili ev tapın. 2008-ci ildən etdiyim müraciətlər, nəhayət, nəticə vermişdi.
Bir neçə günə “Qara Qarayev” metrostansiyası ətrafında 2 otaqlı – gənc ailələr üçün şəraiti münasib olan köhnə tikilidə bir mənzil tapdıq. Əlimizdə olan ilkin ödənişlə 50 minlik ipoteka götürərək 70 min manatlıq mənzil aldıq. 2010-cu ildə böyük övladımın dünyaya gəlməsi ərəfəsində maşın əldə etmək qaçınılmaz zərurətə çevrildi və kreditlə 9 min AZN-lik 2007-ci il buraxılışı “Mercedes E-class” almalı oldum.
2016-ci ildə MSK-da səlahiyyət müddətim bitdiyi üçün məvaciblə yanaşı, rəsmi olaraq birdəfəlik əlavə pul verildi. Sonra isə “Mercedes”i sataraq “Hyundai – Veracruz” (2008 buraxılışı) aldım. Yəni köhnə maşınımı 11 minə sataraq 16 minə yeni işlənmiş maşın aldım. Hazırda həmin maşın durur. Amma mən istifadə etmirəm, həbsimdən əvvəl atam öz maşınını satdığı üçün maşını ona verdim. O vaxtdan maşından istifadə etmirəm, əsasən piyada gəzir, havalar yaxşı olanda velosiped sürür, zəruri hallarda taksidən istifadə edirdim. Atam da sağ olsun, ailəmiz üçün zəruri hallarda nəqliyyatın dəstəyini təmin edir.
2017-ci ildə artıq 7 və 4 yaşlı iki övladımız olduğu üçün 2 otaqlı mənzil əlverişli deyildi. Ona görə də daha uyğun bir şəraiti olan evə köçmək zərurəti yaranmışdı. Əldə etdiyimiz yüksək rəsmi gəlirlər də imkan verdiyinə görə yoldaşım yeni ipotekaya müraciət edərək 145 minlik məbləğ əldə etdi və biz indiki yaşadığımız (hardasa, 1 kvm 1450 AZN) 113 kvm mənzili aldıq. Eyni zamanda, bu illər ərzində yoldaşım əldə etdiklərini depozit şəklində bankda yığırdı. Mən isə gəlirimi daha çox ailə xərclərinə yönəldirdim. Bizi tanıyanlar da bilir ki, izafi xərclər etməyən, gəlirimiz orta təbəqə standartlarına uyğun gəlsə də, heç də standartla yaşamayan, heç bir zərərli vərdişi olmayan tərzdə həyat sürmüşük. Bu dövr ərzində yığdığımız vəsait hesabına 2017-2018-ci illərdə həm mənzili təmir etdik, həm də 12 sotluq təminən 25 min manat dəyərində torpaq aldıq. 2018-2019-cu illər ərzində həmin torpaqda qanunun tələbələrinə uyğun 180 kvm-lik 5 otaqlı bağ evi tikdik. Oranı görən dost-tanış da bilir ki, minumum standartlar tətbiq etməklə təmir-tikinti işləri aparılıb. Yığım depozitinin sənədləri (illər üzrə) əldə edilən gəlirlərin məbləği və onu təsdiq edən rəsmi sənədlər çox aydın təsəvvür yaradır ki, ortada uyuşmayan heç bir nəticə yoxdur. Əldə olunan rəsmi gəlirlərə və götürülən kreditə uyğun olaraq əldə edilmiş əmlaklar da tam adekvatdır. Hətta həmin gəlirlər xərclərdən üstün olduğu üçün əlimizdə vəsait də qalıb.
Onu da qeyd etmək yerinə düşər ki, mənim Vətəndaş Cəmiyyətində aktiv fəaliyyətim 2016-cı ildən başlayıb, 2013-cü ildən rəsmi olsa da, 2016-ci ilin aprelinə qədər əsasən MSK üzvü kimi fəaliyyətdə idim. Əmlaklarımı da 2017-2018-ci illərdə tamamlamışam və 2019-cu ildən bu yana heç bir əmlak əldə etməmişəm. Əldə etdiyimiz gəlirləri də ailənin yaşam xərcləri və kreditlərin ödənişinə yönəltmişik. Eyni zamanda, yoldaşım da gəlirlərinin bir qismini uşaqların gələcəyi üçün yığmağa başlayıb. Son 3 ilin bank sənədləri də bu yığımın onun gəlirlərinə necə uyğun gəldiyini aydın göstərir.
Hörmətli məhkəmə, hələ biz həbs olunmamışdan əvvəl bir neçə dəfə aydın şəkildə açıqlama vermişdim ki, mənim və yoldaşımın gəlirləri rəsmi olaraq xarici valyuta ilədir. Ona görə də mənim üzərimdə valyuta gəzdirməyim və dəyişməyimdən təbii nə ola bilər? Maraqlıdır ki, mən bunu açıq ifadə etdiyim halda siz nəyi axtarır və sorğulayırsınız? Bu mesajların açıqlanmasına rəğmən ağlabatan başqa bir ittiham fikirləşə bilmədilər, çünki bunlarda proqram ağıl, intellekt, məntiq, savad agahlıq üzərində qurulmayıb, ya da o cür işlənmir. Hesab edirlər ki, istədikləri yalanı sırıya bilərlər.
İndi Azərbaycan da Stalin və onun NKVD üsulu ilə idarə olunur. Necə ki Stalin direktiv göndərərək “minin belinə, etiraf etməyincə düşməyin” üslubunu tələb edir, NKVD də icra edirdi.
Stalin “ziyankarların” – müxaliflər və “daxili düşmənlər”in günahını “sübut” edən materialların mətbuatda – “Pravda”, “İzvestiya” qəzetlərində dərc edilməsini tapşırırdı. Sonra da elan verdirirdi ki, bu yaramazların hamısı güllələnəcək.
İndi eyni yanaşma bizdə – müstəqil Azərbaycanda tətbiq olunur. Hüquq-mühafizə sistemi İlham Əliyevin istəklərini Sovet NKVD-si üsulu ilə icra edir. Yəni “APA”, “Report”, “Musavat.com”, “Qafqazinfo” və digər korrupsiyadan qidalanan medialar “Pravda”nı əvəz edir. Onlar sifarişi dərc edir, sonra da cəza icra edilir. Yəni faktiki Azərbaycanda stalinizm davam edir…
Burada həm də guya bizim arxamızda xarici və xüsusi qüvvələrin olduğunu, guya ölkəni qarışdırmaq istədiyimizi deməklə Gebbels üsulunu tətbiq edib “yalan nə qədər böyük olarsa, o qədər inandırıcı olar” prinsipi ilə davranırlar. Bu tip rejimlər cəmiyyətə guya xaricdən təhdid var, xarici düşmən obrazını diri tutmaqla həm insanların diqqətini real problemlərdən yayındırmağa, həm də özlərinin törətdiyi özbaşınalıqlara haqq və legitimlik qazandırmağa çalışırlar. Halbuki bunları azacıq tanıyan, ictimai proseslərdən xəbərdar olanlar yaxşı bilirlər ki, bizim vətən sevgimiz, xalqımızın və ölkəmizin gələcəyini düşünməyimiz daha səmimidir, yoxsa onları…
Həmişə dediyim kimi, ölkəmizdə ən ucuz şey insan həyatıdır. Əgər bir rejim insanların cibinə girirsə, ləyaqətli yaşamağa imkan vermirsə, hər şey yalnız tək adam və onun ailəsinə xidmət üçündürsə, burada hansı vətənpərvərlikdən danışmaq olar? Əgər İlham Əliyev, həqiqətən də, vətənpərvərdirsə, buyursun, mənim kimi özünün və ailəsinin əmlakını, maliyyə mənbələrini və gəlirlərini açıqlasın. Sonra da onun ardınca məmurları açıqlayıb xalqa hesabat versinlər. Uzun illərdir ki, icra etmədikləri gəlir deklarasiyasını yerinə yetirsin…
Bir məqamı da xüsusi olaraq qeyd edim ki, mən dəfələrlə hansı ölkədə və rejimdə yaşadığımızın aydın fərqində olmuş və bunu bəyan etmişəm. Buna baxmayaraq, heç vaxt gəlirimi gizlətməmişəm. Hətta bunların nəzarətində olan banklardan almışam və ya depozit saxlamışam. Əmlaklarımı da onlar kimi xaricdə, başqalarının adına deyil, öz ölkəmdə və ailə üzvlərimin adına əldə etmişik. Əgər başqa gizli niyyət olsaydı, mən olanlar kimi davrana bilməzdimmi? Hətta onlardan fərqli olaraq halal vəsaitimizi başqa yerə aparsaydım belə, qəbahət olmazdı. Amma bütün risklərə rəğmən belə etməməyim bu təfəkkür sahibləri üçün qeyri-adi idi. İndi “oğru elə bağırır ki, doğrunun bağrı yarılsın” və onlar da oğurlamaqda davam etsinlər. Amma zaman heç vaxt onların qondarma fəaliyyətinə haqq qazandırmaz və fayda verməyəcək.
Bizi izləyən dostlara da mesajım odur ki, heç bir halda ümidsiz olmayın.
III Respublika Platformasının Quruluş bəyanında qeyd etdiyimiz kimi inanın ki, hər bir qaranlığın sonunda mütləq bir işıq var. Sizi o işığın mütləq gələcəyinə inama və ümidsiz olmamağa səsləyirəm. Bilin ki, indiki vəziyyət, sadəcə, belə xarakterizə oluna bilər: “Gecənin ən qaranlıq saatı gün doğandan əvvəl olur”.
Bizə dəstək olmaq istəyən dostlara da bəyanımız odur ki, gözləntimiz imkanı olanların, sadəcə, bizə ictimai dəstək verməsidir. İctimai dəstək verə bilməyənlər də sağ olsunlar. Onlar da istəsələr, şəxsi dəstəklərini ifadə edə bilərlər. Başqa heç bir halda, o cümlədən beynəlxalq dəstək vermək istəyənlərə də demək istəyirəm ki, İlham Əliyevdən və onun istintaqından bizim üçün mədət ummağa gərək yoxdur. Bu istiqamətdə kiminsə səmimi olaraq səy göstərmək istəyinə hörmətimizi ifadə etməklə yanaşı, aydın bildirirəm ki, bizim belə arzu və istəklərimiz yoxdur. Onlar da bilsinlər ki, belə çabaların heç bir faydası olmayacaq. Hakimiyyət buraxmaq istəyəndə öz addımını atır, müraciətləri də lazım olanda özü tələm-tələsik təşkil edərək addımlarını atır. Ona görə də nə sizin pis vəziyyətə dşüməyinizi, nə də cəmiyyətdə yalançı gözləntilərin yaradılmasını istəyirik. Beynəlxalq qurumlara dair də aydın mövqeyimiz odur ki, sizin apardığınız “səssiz diplomatiya” bizi az maraqlandırır. Bizim üçün dəyərli olan “public diplomacy”dir. Bu istiqamətdə çalışan dostlardan da xahişmiz budur: demokratik dəyərlər və beynəlxalq hüququn qorunması üçün görüşdükləri şəxs və qurumlara məhz bu mövqeyimizi çatdırsınlar.
Sonda bizə dəstək olan hər kəsə səmimi salamlarımı çatdırır və dəstəyə görə təşəkkürümü bildirirəm. Biz möhkəmik, sizin də dayanıqlı və möhkəm olmağınızı arzu edirik”.
Akif Qurbanov 2024-cü ilin martın 6-da “Toplum Tv” işi ilə bağlı saxlanılıb.
Martın 8-də Xətai Rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
“Toplum Tv” işi üzrə həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının üzvü Ruslan İzzətli, “Toplum TV”-nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.
Təqsirləndirilən şəxlər qaçaqmalçılıqda ittiham edilirlər, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş sayırlar.