“Toplum TV işi” üzrə həbsdə olan Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov saxlanıldığı Kürdəxanı İstintaq Təcridxanasından bu iş üzrə şahid kimi ifadə verəcək şəxslərə müraciət edib.
Onun müraciəti “Facebook” səhifəsində paylaşılıb.
Akif Qurbanov bildirib ki, bazar ertəsi günü- 27 oktyabr 2025-ci ildə növbəti “məhkəmə” iclasında artıq şahidlərin dindirilməsi prosesinə başlanılacaq. O qeyd edib ki, iş üzrə 49 şahidin adı var.
““İstintaq” dövründə hər birinizdən necə ifadə alınmasından, sizə edilən təzyiqlərdən, hədələrdən xəbərdarıq. Ona görə də səmimi şəkildə və qəti olaraq deyirəm ki, bizə görə hər hansısa narahatçılığınız olmasın. Onsuz da Əliyev mənə və dostlarıma “cəzanı” öz standartları ilə təyin edəcək. Hər hansı ifadənin və ya faktın “cəzaya” təsiri olası deyil”, – Akif Qurbanov müraciətində belə yazıb.
Akif Qurbanov “Toplum TV işi” üzrə həbs olunub.
“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.
Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.
Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.
O qeyd edib ki, şahid kimi ifadə verəcək şəxslərin təhlükəsizliyi daha önəmlidir.
“Bizim “məhkəmə”də mübarizəmiz ictimai maraq, dəyərlərimizin müdafiəsi, yolumuzdan dönməzlik, bizə inananların ümidini qırmamaq və tarix üçündür. Sizə də nə uyğundursa, ifadədən sonrakı vəziyyətiniz necə rahat və təhlükəsiz olacaqsa, elə də davranın”.
“Əmin edirəm ki, sizi- bizi təqib etdirənlər və edənlər bütün özbaşına və şər əməllərinə görə cavab verəcəkləri günə də hamılıqla şahid olacağıq”,- Akif Qurbanov sonda vurğulayıb.