Akif Qurbanov: ”Son seçkilər 2013-cü ildəki mövqeyimin doğru olduğunu göstərdi”

“Mənim MSK-dakı fəaliyyətim artıq bitmək üzrədir”

Source:


“Mənim MSK-dakı fəaliyyətim artıq bitmək üzrədir”

Milli Məclisin yeni tərkibinin müəyyənləşməsi Mərkəzi Seçki Komissiyasının da yenidən formalaşdırılmasını gündəmə gətirib. Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdə çoxluqda olan partiyanın, üçdə bir hissəsini bitərəflərin, üçdə bir hissəsini azlıqda qalan partiyaların təqdim etdiyi nümayəndələr tutur.

MSK-nın hazırki üzvləri isə bu şəxslərdir: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov (Yeni Azərbaycan Partiyasının nümayəndələri), Mikayıl Rəhimli (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Akif Qurbanov (Ümid Partiyası), Tamam Cəfərli (Demokratik İslahatlar Partiyası (Vətəndaş Birliyi və Sosial Rifah partiyaları ilə birgə), Bəxşeyiş Əsgərov (Böyük Quruluş Partiyası), Etibar Quliyev (Ana Vətən Partiyası), Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (bitərəf deputatların nümayəndələri).

Meydan.TV-nin MSK-nın yeni tərkibinin formalaşması ilə bağlı sorğusunu cavablandıran Akif Qurbanov bildirib ki, budəfəki tərkibdə təmsil olunmayacaq: “Mənim MSK-dakı fəaliyyətim artıq bitmək üzrədir. Yaxın günlərdə parlament tərəfindən MSK-nın yeni tərkibi formalaşdırılacağı zamanı səlahiyyət müddətim rəsmən bitmiş olacaq. İndiki Milli Məclisin tərkibi mənim növbəti dönəm üçün MSK üzvü kimi seçiləcəyimi mümkünsüz edir. Eyni zamanda bildirmək istəyirəm ki, əslində, mənim yenidən MSK üzvlüyüm üçün bir surpriz də baş verməyib. Yəni növbəti dönəmdə artıq yenidən MSK üzvü olmayacağım 2013-cü il Prezident seçkilərində verdiyim qərar zamanı da mənə aydın idi. Ona görə də elə o zamandan mənim düşüncəmdə 2015-ci ildən sonrakı dönəm üçün gələcək fəaliyyət MSK-dan kənar nəzərdə tutulub. Son parlament seçkiləri də əslində, 2013-cü il seçkilərində tutduğum mövqeyin doğru olduğunu bir daha göstərmiş oldu”.

Akif Qurbanov bundan sonra fəaliyyətini rəhbəri olduğu Demokratik Təşəbbüslər İnstitutunda (IDI) davam etdirəcəyini deyib: “Mən həm də 2013-cü ilin 5 noyabrından etibarən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) sədri olaraq fəaliyyət göstərirəm. İctimai fəaliyyət üçün şəraitin ağır olmasına baxmayaraq, bundan sonra da IDI-nin rəhbəri kimi fəaliyyət göstərəcəyəm və bunu bir vəzifə olaraq, həm də özüm üçün ictimai məsuliyyətin paylaşılması hesab edirəm. Digər sahələrdəki fəaliyyətim və gələcək planlarım haqqında isə MSK üzvlüyüm rəsmi sonunclandıqdan sonra ictimaiyyətə açıqlama verəcəyəm”.

1 noyabr Parlament seçkilərinin nəticələrinə görə, Milli Məclisdə çoxluğu YAP qazanıb (71 nəfər), 11 partiya azlıqda qalıb (12 nəfər). Parlamentə seçilənlərin 42-si partiyasızdır.

Milli Məclisə düşən azlıq partiyalarından Vətəndaş Həmrəyliyi Partiyası 2 mandat alıb. Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Sosial Rifah Partiyası, Sosial Demokrat Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 mandat qazanıblar. Bu o deməkdir ki, MSK-nın 6 üzvünü 11 partiya müəyyənləşdirəcək.

2010-cu ildə formalaşmış Milli Məclisdən fərqli olaraq bu dəfə Ümid və Ədalət partiyaları parlamentə düşə bilməyib. Əvəzində isə 1 noyabr seçkilərində parlamentə üç yeni azlıqda olan partiya (Sosial Demokrat Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyas) düşüb.

Ana səhifəXəbərlərAkif Qurbanov: ”Son seçkilər 2013-cü ildəki mövqeyimin doğru olduğunu göstərdi”