İlqar Vəlizadə: "Putinin Sumqayıt hadisələrini xatırlatması erməni auiditoriyası üçün nəzərdə tutulub"
Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 22-də "Valday" Diskussiya Klubunun toplantısında Azərbaycanla bağlı çıxışı sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Rusiya dövlət başçısı deyib ki, Azərbaycan əraziləri uzun illər yadlaşdırılıb və bu əbədi davam edə bilməzdi: “Uzun illər müxtəlif variantlar təklif edilmişdi və bir neçə dəfə həll yoluna yaxın idik, lakin heç bir nəticə alınmadı”.
Putinin sözlərinə görə, hər iki ölkə onlar üçün bərabərhüquqlu tərəfdaşdırlar: “Bizim üçün insanların orada ölməsi faciədir. Hər iki tərəfdən yeni bir qarşıdurmanın başladığı gündən bəri ölənlərin sayı 5 minə yaxındır”.
Rusiya prezidenti hər gün İlham Əliyev və Nikol Paşinyanla danışdığını da söyləyib.
Türkiyənin Qarabağla bağlı mövqeyinə gəlincə, o, mövqelərin hər şeydə üst-üstə düşmədiyini söyləsə də, “ancaq Ərdoğanla işləmək xoşdur” deyə əlavə edib: “Ərdoğan müstəqildir və xarici təzyiqlərə baxmayaraq qərarlarını verir”.
"Rusiyanın mesajları bütün tərəflərə ünvanlanıb"
Siyasi şərhçi İlqar Vəlizadə bildirib ki, Vladimir Putinin söylədikləri həm Rusiya auditoriyası, həm digər maraqlı tərəflər, həm də münaqişə tərəfləri üçündür: “Yəni mesajlar bütün tərəflərə ünvanlanıb. Digər maraqlı tərəflər Minsk Qrupunun həmsədr ölkələridir, ABŞ, Fransa və Avropa İttifaqı”.
İlqar Vəlizadə hesab edir ki, Putin ilk dəfə açıq şəkildə Azərbaycan ərazisinin işğalda olduğunu bəyan edib: “Azərbaycan üçün xeyirli məqam budur. Hətta Rusiya dövlət başçısı işğalın əbədi davam edə bilməyəcəyini də vurğulayıb. Bu açıqlama Azərbaycanın son addımlarına bəraət qazandırmaqdır. Düzdür, bundan əvvəl Putin müharibənin Ermənistanın ərazisində getmədiyini də söyləmişdi. Rusiyanın yanaşması budur ki, Azərbaycan öz ərazisində müharibə apardığından buna haqqı var. Eyni zamanda, Putin ilk dəfə açıq dedi ki, Azərbaycan və Ermənistan onlar üçün çox vacib tərəfdaşdırlar, yəni tərəzidə eyni çəkiyə malikdirlər. Hərçənd Rusiyanın bir çox siyasi xadimləri, ekspertləri jurnalistləri Ermənistana yardım etməyi vacib sayırlar. Putin misal gətirdiyim fikri onlara da mesaj idi”.
İlqar Vəlizadə Putinin münaqişəni etnik konflikt kimi qiymətləndirməsi, Sumqayıt hadisələrini xatırlatmasını erməni auiditoriyası üçün səsləndirdiyini düşünür: “Məsələ ondadır ki, Rusiyada Putini Ermənistanı dəstəkləməməkdə ittiham edirlər. Rusiyada ermənipərəst dairələr bu yöndə daha fəaldırlar. Əslində, Putin Ermənistandakı Rusiyapərəst qruplara mesaj verir. Məncə, Nikol Paşinyan devrilmə astanasındadır. Bundan sonra Ermənistan daxilində siyasi proseslər sürətlənəcək. Düzdür, Putin onlara açıq dəstək verə bilməsə də, bu cür ifadələrlə münasibətini sərgiləyir. Amma cəbhədə cərəyan edən proseslər bu frazalar təsir etmir. Bizim üçün vacibi Rusiyanın müharibədə iştirak etməməsidir, bu da var”.
"Diplomatiyamız münaqişənin etnik yox, ərazi iddiasına dayandığına fokuslanmalıdır”
Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Rusiya Prezidentinin çıxışında Azərbaycan üçün pozitiv və riskli tərəflərə toxunub.
Akif Qurbanovun sözlərinə görə, Azərbaycan üçün pozitiv hissəsi odur ki, əvvəllər heç olmadığı qədər əlverişli geopolitik şərait yaranıb: “Bunun çox müxtəlif – bilinən və bilinməyən səbəbləri var. Rusiya şərhçiləri də etiraf edir ki, ilk dəfədir Putinin dililə Rusiyanın Azərbaycan və Ermənistana bərabər münasibət bəslədiyi ifadə edilir. Ona görə də şücaətli ordunun işğaldan azadetmə əməliyyatı sürətlə davam etməli, BMT qətnamələrinin yarım qalmış hissəsi də icra olunaraq bitməlidir. Riskli hissəsi o idi ki, Putin Qarabağ konfliktini dövlətlərarası və ərazi münaqişəsi kimi yox, məhz etnik münaqişə kimi təqdim etdi. Bunu da o zaman Qarabağda və Sumqayıtda baş verən etnik "qırğın"ları misal olaraq göstərərək məhz etnik münaqişənin fakt olduğunu vurğuladı. Bu qeydin arxasında bir neçə səbəb yata bilər. Birinci, Vladimir Putin SSRİ DTK-nın yaratdığı strategiyanın arxasında durur. İkincisi, Vladimir Putin münaqişənin dövlətlərarası olmadığını göstərməklə KTMT-nin dəstəyini vermək məsuliyyətindən yayınır. Üçüncüsü, münaqişənin məhz etnik olduğunu göstərməklə ermənilərə "öz müqəddaratını təyin etmə" hüququndan istifadə etmə şanslarının hələ də qaldığı mesajını verir. Bu halda həm də bölgəyə sülhməramlıların yerləşdirmə əsasını yaratma məqsədi daşıyır. Göstərilənlərdən birinci və ikinci bəndin bizim üçün əhəmiyyəti yoxdur. Əsas risk üçüncü səbəblə bağlıdır. Ona görə də ordunun öz işini görməsilə paralel diplomatiyamız və ictimai kəsim bu münaqişənin etnik yox, məhz ərazi iddiasına dayandığına fokuslanmalıdır”.
"Siyasi rəhbərliyin, media və tarix qurumlarına rəhbərlik edənlərin kütbeynliyi nəticəsində Sumqayıt hadisələrinin əsl mahiyyəti açılmayıb"
“Rusiya dövlət başçısının çıxışının tərcüməsi o idi ki, Rusiya Qarabağ münaqişəsinə qarışmayacaq, Azərbaycan və Ermənistan ikilikdə məsələni həll edə bilərlər. Nəzərə alsaq ki, hələlik hərbi müstəvidə problemin həlli gedir, deməli, Rusiya ordusu münaqişəyə cəlb edilməyəcək”, – bunu isə siyasi şərhçi Zərdüşt Əlizadə deyib.
Zərdüşt Əlizadə Putinin Sumqayıt hadisələrini xatırlatmasını belə qiymətləndirib: “Bizim siyasi rəhbərliyimizin, həm də media və tarix qurumlarına rəhbərlik edən insanların kütbeynliyi və xəyanəti nəticəsində Sumqayıt hadisələrinin əsl mahiyyəti açılmayıb. Vaxtında bu məsələnin mahiyyətini açıb hadisəni DTK təşkil edib, o zaman Putin bu barədə danışmazdı. Heç olmasa, hüquqşünas Aslan İsmayılovun kitabını təbliğ etsəydilər, indiki mənzərə yaranmazdı. Aslan İsmayıloz özü deyirdi ki, AMEA Prezidenti Ramiz Mehdiyev qətiyyətlə Sumqayıt hadisələrinin mahiyyətinin açılmasına imkan vermirdi, məqsəd də o idi ki, 32 il əvvəl baş vermiş hadisəni Azərbaycanın başına milli qınaq kimi qaxsınlar”.
Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub.
24 gündür ki, davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu Cəbrayıl, Füzuli və Zəngilan rayonlarını azad edib.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ (1991-ci ildə Azərbaycan Milli Məclisi muxtar vilayəti ləğv edib.
Azərbaycan BMT-yə üzv olduqda artıq bu status yox idi – red) ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib.
Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.