Akif Qurbanov partiyalara çağırış etdi

“Hər üç qurum birlikdə qərar versin”

Source:

“Hər üç qurum birlikdə qərar versin”

“5 gündür gözlənilən Referendum kampaniyasına start verilib. Anidən baş verən və öncədən heç bir ictimai müzakirə aparılmadan keçirilən bu prosesə əleyhdarların reaksiyası başa düşülən olsa da (gözlənilməz olduğu üçün), təkliflərin vahimliyi və bizi hara aparması baxımından o qədər də ürəkaçan deyil”.

Bu sözləri Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov öz Facebook səhifəsində yazıb. Onun fikrincə, kimin necə qiymətləndirməsindən və ya hesab etməsindən asılı olmayaraq, ölkədə aparıcı müxalif qüvvələr kimi Milli Şura (AXCP), Müsavat və REAL mövcuddur:

“Kimin güclü və ya zəif, perspektivli və ya perspektivsiz, radikal və ya yumşaq olmasını mübahisələndirmək fikrindən qətiyyən uzağam, bu məsələdə elin gözü tərəzidir. Əsas olan və kimsənin də təkzib edə bilməyəcəyi fakt odur ki, istənilən bir siyasi hadisə olanda istər media, istər cəmiyyət, istərsə də beynəlxalq qurumlar əsas olaraq məhz onların rəyi ilə maraqlanır. Bu ayrı mövzudur ki, ictimai rəyə təsir gücü kimdə daha çoxdur. Lakin birmənalı olan odur ki, kimin istəyindən asılı olmayaraq ictimai rəydə hər 3 qurumun mövqeyi axtarılır, izlənilməyə maraq yaradır. Belə olan təqdirdə, qeyd etdiyim kimi, respublikamızın gələcəyinə heç də xoş mesajlar vəd etməyən bu dəyişikliklərə qarşı olanların fərqli taktika və strategiya yürütməsi hec də ümidverici qənaət bəxş etmir”.

Akif Qurbanov siyasi qurumlara öz təkliflərini verib:

“98-ci ildən bugünə qədər adətən çox dartışılıb: prosesdə iştirak faydalıdır, yoxsa boykot?! Açığı deyim təcrübə göstərib ki, hər ikisinin arqumentləri kifayət qədər inandırıcı və əsaslıdır. Bu gün də bu istiqamətdə dartışmalar izlənilməkdədir. Şəxsi fikrim odur ki, referendumla seçki arasında boykot yanaşmasını fərləndirmək lazımdır. Çünki, ilk növbədə, Seçki Məcələsinin tələbi bu əsası yaradır. Yəni referendumun baş tutması üçün seçicilərin ən azı 25 faizi səsvermədə iştirak etməlidir. Seçkilərdə isə belə tələb yoxdur. Belə olduqda referendumda aktiv boykot kampaniyasının referendumun nəticələrinin hüquqi legitimliyinə ciddi təsiri ola bilir. Eyni zamanda referendumda əleyhdar iştirakçıların fərdi və ya firqə marağı olmadığına görə birgə mövqedən çıxış etmək tərəflərə daha rahat olur. Beləliklə, gəldiyim qənaət odur ki, hər 3 qurumun konkret referendum təkliflərinə münasibətdə aşağıdakı 3 mümkün formada birgə mövqedən çıxış etmələri daha faydalı olardı:

1) Hər 3 qurum birlikdə (hətta digər ictimai şəxsləri, gənclər qurumlarını da cəlb etməklə) təşviqat qurupu yaradır, qeydə alınır, birgə təşviqat aparılır, təkliflərin gerçək mahiyyəti cəmiyyətə çatdırılır və xalq aktiv boykota çağrılır. Bu halda qeydiyyata alınmama ehtimalı çox azdır və resursların istifadəsi baxımından daha qənaətçildir.

2) Hər biri ayrı-ayrılıqda təşviqat qrupu yaradır. Lakin birlikdə hərəkət ediləcəyi haqqında saziş bağlanılır, bütün hərəkətlər birlikdə planlaşdırılır və icra olunur. Bu halda hər hansı birinin qeydiyyata alınmama ehtimalı çoxdur və resursların istifadəsi baxımından qənatəçil deyil. Lakin təşviqat baxımından, xüsusilə də TV-dən istifadə imkanları daha geniş ola bilər. Birlikdə olmaq barədə saziş də qeydiyyata alınma problemindən sığortalaya bilər. Hətta problem yaradılsa belə qeydə alınmış digər qrup adından hər 3 qurum istifadə edə bilər.

3) Hər 3 qurum birlikdə qərara alır ki, rəsmi prosedurlarda iştirak etmirlər, fərqli birgə mübarizə taktikası seçilərək xalqı aktiv boykota səsləyirlər.

Nə qədər çətin və mübahisəli olsa da, uzunmüddətli seçki təcrübəm belə qənaət yaradır ki, referendum istəsək də, istəməsək də təqvim olaraq baş verəcəkdir. Belə vəziyyətdə daha optimal variant prosesdə aktiv iştirak, vətəndaşla daha çox ünsiyyət imkanları əldə etməkdir. Ünsiyyət vaxtının son anında yenə da aktiv boykota səsləmək mümkündür. Burada əsas hədəf sadəcə xalqı bilgiləndirmək, aktivliyini artırmaq, onu nələrin gözlədiyi barədə açıq, konkret mesajlar vermək və problemlərin həllinin ancaq onun adekvat reaksiyasına bağlı olduğunu çatdırmaq olmalıdır.

Çünki 1998-dən bu dövrə olan proseslər aşağıdakı qənaətləri formalaşdırıb:

1. Birlik konkret hədəfli olmalıdır, çox uzağa gedən nəticəyə gəlmək kimi gerçək olmayan mesajlar verilməməlidir. Yəni indiki halda yuxarıda qeyd etdiyim gerçəklikdən dolayı müxalif fikrin daşıyıcısı olan qurumların birliyi konkret referendum layihəsinə qarşı olmalıdır. Referendumdan sonra kimin hansı fəaliyyət seçməsi sərbəst olmalıdır.

2. İştirak edib-etməmək gerçək problemləri göstərməyə mane olmur. Həmçinin prosesin legitimiləşdirilməsi nöqteyi nəzərdən istirak edib-etməməyin arasında elə bir fərq yoxdur. İndiki təkliflər də göstərir ki, hakimiyyəti legitimlik az maraqlandırır.

3. Nəhayət, anlamalıyıq ki, “dəyirmana sü tökmə” mübahisələri yersizdir. Hər iki tərəfin arqumentlərinin təsir gücü təxminən bərabərdir. Belə vəziyyətdə bir-birini yıpratma savaşına girmə ümumən cəmiyyətdə hakimiyyət alternativliyinə iddia edənlərə qarşı neqativ əhval yaradır və iqtidar da bundan yaxşı yararlana bilir. Bir sözlə, indiki halda işirak edənin etməyənə və ya əksinə kampaniya aparması cəmiyyətdə birmənalı qarşılanmayacaq. Yəni nə AXCP-nin iştirak etməməsi Musavat və Real-ın iştirakını tam neqativ göstərə bilməz, nə də əksinə. Maksimalizmdən əl çəkməliyik və anlamalıyıq ki, hədəfin bir-birinə yönəldilməsi daha çox ümumi neqativi artırır, nəinki düz olmayanı müəyyənləşdirir və nəticədə onu sıradan çıxardır. Belə olsa idi nə AXCP olardı, nə də Müsavat.

Yekun olaraq qənaətim odur ki, hər 3 qurum təcili müzakirə edib ortaq bir məxrəcə gəlməlidir. İştirak və ya boykot (aktiv və ya passiv) qərarı birgə alınmalıdır”.

Ana səhifəXəbərlərAkif Qurbanov partiyalara çağırış etdi