Hakim onun çıxışını yarımçıq saxlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanovun çıxışı dinlənilib.
Akif Qurbanov çıxışında İDİ-nin yaranma tarixçəsindən, gənclərin maarifləndirilməsi üçün keçirilən təlimlərdən söz açıb.
O, istintaqda ifadə verməməsini bununla izah edib ki, istintaq orqanı saxta sübutlara üstünlük verib, bu da onun narazılığına səbəb olub. Akif Qurbanov məhkəmədə ifadə verməsinə belə aydınlıq gətirib ki, məhkəmədən ədalətli mühakimə gözləntisi yoxdur, lakin verdiyi ifadəsi ilə sadəcə cəmiyyəti məlumatlandırmaq istəyir.
Hakim vaxt məhdudiyyətini əsas gətirərək onun çıxışını yarımçıq saxlayıb.
Prosesdə “Toplum TV”-nin əməkdaşı Fərid İsmayılov vəsatətlər qaldırıb. Vəsatətlərin birində o, hökumətyönlü mediada haqqında gedən, istintaq sirri olduğu iddia edilən yazıların araşdırılmasını istəyib. Hakim ondan növbəti iclasda sözügedən yazıların ekran görüntülərini (“skrinşot”) təqdim etməsini tələb edib.
Jurnalist digər vəsatətində isə ötən prosesdə zərərçəkən kimi çıxış edən Dövlət Vergi Xidmətinin “Toplum TV” işinə görə həbs edilənlərdən 79 min manat istəməsini Prosessual Məcəllənin pozuntusu olduğunu qeyd edib. Hakim isə yalnız təqsirləndirilən şəxslər çıxışlarını bitirdikdən sonra zərərçəkən tərəfə suallar ünvanlana biləcəyini deyib.
Bununla da, hakim vəsatətləri baxılmamış saxlayıb.
Prosesin davamı iyulun 14-ü davam edəcək.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.
“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, həmin təşkilatın əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.
Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.
“Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Baş verənlər “Toplum TV”-nin Azərbaycanda fəaliyyətini faktiki olaraq qeyri-mümkün edib.
Media qurumu 2024-cü ilin fevralından etibarən fəaliyyətini ölkə xaricindəki jurnalistlər vasitəsilə davam etdirmək qərarı verib.