Akif Qurbanov: Azay Quliyev ictimaiyyəti aldadır

”3-5 QHT-nin problemini həll etməklə müsbət nəticə görüntüsü yaratmaq doğru deyil”

Source:
Hüquqşünas  Akif Qurbanov
Hüquqşünas Akif Qurbanov


”3-5 QHT-nin problemini həll etməklə müsbət nəticə görüntüsü yaratmaq doğru deyil”

2016-cı ildə 556 qeyri-hökumət təşkilatının (QHT) layihəsi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib.

Bu barədə danışan şura sədri, deputat Azay Quliyev bir çox QHT-lərin üzləşdiyi problemlərlə əlaqədar hökumətlə dialoq nəticəsində 9 təşkilatın hesabından həbsin götürüldüyünü, 8-nə açılmış cinayət işi və yaxud vergi orqanları tərəfindən başlanmış istintaq əməliyyat işlərinə son qoyulduğunu, birinin haqqında başlanan cinayət işinin isə dayandırıldığını deyib:

“Eyni zamanda, onlarla QHT nümayəndəsinə sərhəd keçid məntəqələrində tətbiq edilən məhdudiyyət və yaxud yoxlamalar aradan qaldırılıb. 15 QHT-nin qeydiyyat problemi öz həllini tapıb”.

O, prezidentin vahid pəncərə sistemini tətbiq etdiyini xatırladaraq bildirib ki, bundan sonra xarici donor institutları Azərbaycanda fəaliyyətini çox rahat şəkildə quracaqlar:

“Əvvəllər sənədlərin baxılmasına 30 gün yaxın vaxt tələb olunurdusa, indi qeydiyyat və donorluq fəaliyyətinin həyata keçirilməsi məqsədilə sənədlərə baxılması üçün Ədliyyə Nazirliyinə cəmi 1 gün vaxt verilib. Vahid pəncərə sistemi ilə sənədlər Ədliyyə və Maliyyə nazirliklərinə təqdim ediləcək. Maliyyə Nazirliyi müraciətə iqtisadi və maliyyə vəziyyəti ilə bağlı rəy verəcək. Əvvəllər iqtisadi, maliyyə vəziyyəti ilə bağlı rəyin alınması, eyni zamanda donor kimi fəaliyyət göstərməsi üçün qeydiyyata alınması ilə bağlı təkcə donorlar müraciət edirdisə, indi qeyri-hökumət təşkilatlarına da bu hüquq verilir. Vahid pəncərə sistemi 2017-ci il yanvarın 1-dən rəsmi fəaliyyətə başlayıb. Artıq bir çox təşkilat öz fəaliyyətlərini yenidən beynəlxalq qurumlar və donor təşkilatları ilə bərpa etmək imkanı əldə edəcəklər”.

Azay Quliyevin fikirlərini Meydan TV-yə şərh edən hüquqşünas Akif Qurbanov bu barədə Əliməmməd Nuriyevin də oxşar münasibətlər səsləndirdiyini dedi:

“Onların qarşısına açıq suallar qoymuşam ki, dialoq varsa, harda aparılır, tərəfdaşları kimdir, predmeti və nəticələr nədən ibarətdir? Təəssüf ki, suallarıma cavab verilməyib. Əslində, gerçək dialoq yoxdur, sadəcə, bu işin kurasiyası Azay Quliyevə həvalə olunub, o da bu missiyanı icraçıları vasitəsilə həyata keçirir, yəni dialoqun mahiyyəti bundan ibarətdir”.

Hüquqşünas  bildirib ki, Azay Quliyevin misal çəkdiyi rəqəmlərin əksəriyyəti Mədən Sınayesi Şəffaflıq Koalisiyası üzvlərinə yönəlib:

“Amma koalisiyada da problemlərin həlli gerçək olaraq üzə çıxarılmır. Birinci, hansı QHT-lərdən söhbət getdiyi açıqlanmır, rəqəm üzərində statistik oynanılır. Bəli, kimlərinsə qeydiyyat problemi həll olunur, hesablarından həbs götürülür, ancaq selektiv xarakter daşıyır. Məsələn, koalsiyanın üzvü olan 36 təşkilatın qeydiyyatının olmadığı hər kəsə bəlli idi, amma problemin həll olunduğu kampaniyası qurulmuşdu. Sonra 17 QHT-nin probleminin həll edildiyi bildirildi. Ardınca bunun da davamlı proses olduğu deyildi, amma 17 təşkilat barədə detallı şəkildə məlumat verilmədi. Hətta koalisiya şurası Ədliyyə Nazirliyinə rəsmi sorğu göndərsə də, nazirlik qanunun tələbini pozaraq cavab vermədi. Bu amil aparılan işin siyasi məqsədli olduğunu göstərdi. Çünki əgər informasiya açıqdırsa, niyə xəbər yayılmır? Yaxud dialoq tərəfləri apardıqları prosesi nə üçün ictimailəşdirmirlər və rəqəmlər üzərində oynayırlar? Deməli, bu işlər şəffaf aparılmır, burda hakimiyyəti yerli ictimaiyyət narahat etmir, daha çox beynəlxalq ictimai rəyə yönləndirilib”.

Akif Qurbanov Azay Quliyevin vahid pəncərə sistemi barədə dediklərini belə şərh etdi:

“Birincisi, sərəncamın hüquqi qüvvəsi qanunda müəyyənləşmiş çərçivədən üstün deyil və qanunda göstərilən məhdudiyyəti aradan qaldıra bilməz. İkinci, sərəncama uyğun olaraq 11 və 24 yanvar Nazirlər Kabinetinin qərarları, “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası” və “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldı edilməsi Qaydası” tənzimləyici qaydaları var, bunlar sərəncama uyğun dəyişdirilib. Burda texniki sənədlər azaldılıb, əslində bunların olması absurd idi, çünki məlumatlar Ədliyyə Nazirliyinin mərkəzləşdirilmiş qaydada bazasında var. Ona görə nazirlik bunları əlavə sənəd kimi istəməməli idi. Yaxud texniki olaraq müddət üzərində oynanılıb. Əvvəllər qrant müqaviləsi qeydə alındıqdan sonra 15 gün ərzində müraciət olunmalı idi, indi 1 aya qədər artırıblar. Bunlar məsələnin texniki tərəfləridir, əksinə, qaydaların özündə məhdudlaşdırıcı halların artırılması öz əksini tapıb. Buna dair Sivil Toplum Platformasının mövqe sənədində həmin hallar açıqlanıb. Yəni bu hallar qaldıqca, yaxşılaşmadan danışmaq mümkün deyil”.

O, Azay Quliyevin Ədliyyə Nazirliyinin 1 gün ərzində sənədlərin baxıb cavab verməsi barədə dediklərini ciddi olaraq ictimaiyyəti aldatma hesab edir:

“Nazirlər Kabinetinin dəyişikliklərində aydın göstərilir ki, müraciət edən tərəfin ərizələrinə baxılması müddəti dəyişməyib, 15 gün qalır. İkinci, yeni dəyişikliklərə yeni bənd salınıb, Ədliyyə Nazirliyi Maliyyə Nazirliyindən qrantın məqsədə müvafiqliyinə dair rəy alınması üçün sənədləri ikinciyə göndərir. Bu müddətdə Ədliyyə Nazirliyi sənədin baxılması vaxtını dayandırır və Maliyyə Nazirliyindən cavab aldıqdan sonra baxmağa başlayır. Bu, o deməkdir ki, 7 gün müddətində Maliyyə Nazirliyi sənədlərə baxmalıdır və 7 gün də əlavə vaxt uzada bilər. 14 gündən sonra Ədliyyə Nazirliyi yenidən müddətin axınına başlayacaq, deməli, 1 aydan tez başa gəlməyəcək, hətta 2 ay uzana bilər. Belə olduğu halda  “sənədlərə 1 günə baxıb qərar veriləcək” demək, yalandır”.

Onun həmkarı Bəşir Süleymanlı hesab edir ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin sadaladığı məsələlərdə selektiv yanaşma mövcuddur:

“Azay Quliyev özü də “Bir çox QHT-lərin üzləşdiyi problemlərlə əlaqədar hökumətlə dialoqda olduqları üçün problemləri aradan qaldırılıb” deməklə bunu isbat etmiş olur. Daha çox Mədən Sanayesində Şəffaflıq Koalisiyasının üzvlərinin problemlərini həlll etməklə məslələrin kosmetik həllində maraqlı olduqlarını göstərirlər. Və yaxud da zaman udmaqla məsələni yubatmağa çalışırlar. Əslində problemin əhatə dairəsi o qədər böyükdür ki, 3-5 QHT-nin problemini həll etməklə müsbət nəticə görüntüsü yaratmaq doğru deyil”.

Bəşir Süleymanlı foto sosial şəbəkə

“Bizim istəyimiz odur ki, ümumilikdə 2014-cü ildə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən açılmış cinayət işinə xitam verilsin. Vətəndaş cəmiyyəti nümayəndlərinin, vəkillərin bank hesablarından həbslər götürülsün, sərhəd-keçid məntəqələrində əsassız yoxlamalara məruz qalmasın və əsassız olaraq yazılmış vergi borcları silinsin. Vətəndaş Cəmiyyətinin əsas aparıcı şəxsləri İntiqam Əliyev, Anar Məmmədli, Samir Kazımlı, Rəsul Cəfərov, Əsabəli, Mustafayev, Ənnağı Hacıbəyli, Şəhla İsmayıl, vəkillər Xalid Bağırov, Elçin Sadıqov və digərləri sadaladığım problemlərdən əziyyət çəkənlərdir. Bu gün xeyli sayda QHT qeydiyyatdan keçə bilmir və Ədliyyə Nazirliyinin əsassız süründürməçilikləri ilə üzbəüz qalır. Son ayda qrantların qeydiyyatı ilə bağlı Nazirlər Kabineti tərəfindən bəzi dəyişiklik edilsə də, bu yetərli deyil və imitasiya xarakterlidir. Əgər, dogurdan da, Vətəndaş Cəmiyyətinin problemlərinin həllində maraqlıdırlarsa, bugünlərdə STP tərəfindən yayılmış sənəddə qeyd edilən məhdudiyyətləri aradan qaldırmaq lazımdı. O sənədi ölkədə fəaliyyət göstərən əksər müstəqil QHT dəstəkləyir”,-deyə Süleymanlı fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlərAkif Qurbanov: Azay Quliyev ictimaiyyəti aldadır