Bu gün “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib.
“Toplum TV işi” ilə bağlı keçirilən məhkəmə prosesi hakim Azər Tağıyevin sədrliyi ilə baş tutub.
“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.
Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.
Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.
Bugünkü məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslər “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli və jurnalist Fərid İsmayılovun vəkilləri onların səhhətindəki problemləri əsas gətirərək, həmin şəxslərin ev dustaqlığına buraxılmaları üçün vəsatət qaldırıblar. Müdafiə tərəfi bu qərarın həm hüquqi, həm də humanitar baxımdan zəruri olduğunu bildirib.
Hakim vəsatətləri rədd edərək, təqsirləndirilən şəxslərin səhhətinin pisləşdiyini təsdiqləyən hər hansı həkim müayinəsi və ya tibbi rəyin təqdim olunmadığını bildirib.
Təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov isə əvvəlki iclasda başladığı çıxışını başa çatdırıb.
Çıxışının davamında o, ictimai-siyasi fəaliyyətə başladığı dövrdən etibarən ailə üzvlərinin müxtəlif təhdid və təzyiqlərlə üzləşdiyini bildirib və bu hallar üzrə məsuliyyətin birbaşa hakimiyyətin üzərinə düşdüyünü vurğulayıb.
Növbəti məhkəmə iclası avqustun 4-nə təyin edilib.