Akif Çovdarovun 30 milyonluq əmlakıyla bağlı prokurorluq protest verdi

Foto: Meydan TV

Keçmiş MTN əməkdaşının 30 milyon manatdan çox dəyəri olan əmlakı var

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş, general-mayor Akif Çovdarovun müsadirə olunmuş əmlaklarının geri qaytarılmasıyla bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarından Baş Prokurorluq Ali Məhkəməyə kassasiya protesti verib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Akif Çovdarovun həbsindən sonra onun özü və ailə üzvlərinə məxsus 30 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuş və onun haqqında hökm çıxarılanda da əmlakların müsadirəsinə qərar verilmişdi.

Akif Çovdarov azadlığa buraxılandan sonra təxminən ilyarım sonra – 2022-ci ilin dekabrında Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədov sabiq MTN generalının ailə üzvlərinin əmlaklarla bağlı şikayətini təmin edərək, onların geri qaytarılmasına qərar vermişdi.

Bu qərar birmənalı qarşılanmamışdı. Məsələn, geri qaytarılan əmlaklardan biri – “8-ci kilometr bazarı”nın keçmiş Çingiz Əsədov deyir ki, cinayət işinin materiallarında bu bazarı Akif Çovdarovun zorla ələ keçirdiyini sübut edən şahid ifadələri, sənədlər var. Belə olan halda, hakimin o əmlakı Akif Çovdarovun qızına qaytarması haqda qərarı qanunsuzdur.

Cinayət işinin materiallarında iddia olunur ki, 2005-ci ildə bazarı sahibi, “Maral-Veqa” MMC-nin təsisçisi Cəfər Səfərov və qardaşlarının əlindən zorla alıblar. Sonradan bazarın səhmlərinin 50 faizi Akif Çovdarovun qızı Aidə Qasımovanın, 50 faizi isə o dövrdə Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışan Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına keçirilib.

Bakı Apelyasiya Məhkəməsi “8-ci kilometr bazarı” ilə yanaşı aşağıdakı əmlakları da Akif Çovdarovun ailə üzvlərinə qaytarıb:

Biləcəri qəsəbəsində 0.6 hektar və 560 kvadrat metr torpaq sahələri – 300 min və 95 min manat;

Məhəmməd Xiyabani küçəsi 5 ünvanında 250 kvadrat metrlik obyekt – 230 min manat;

Bülbül prospekti ev 65, mənzil 38 – 483 min manat;

Novxanı kəndində bağ evləri – 800 min manat, 700 min manat;

Xızı rayonu, Qızılqazma kəndində 2 hektar torpaq sahəsi – 400 min manat;

Şamaxı rayonu Nağaraxana kəndində hektarlarla torpaq sahələri və tikililər – 750 min manat;

Kürdəmir rayonunda torpaq sahələri və tikililər – 650 min manat;

Metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeyri-yaşayış sahələri;

Bakıda 7-ci mikrorayonda 4941 kvadrat metrlik 6 mərtəbəli bina – 3.1 milyon manat;

Nəsimi rayonu, Cavadxan küçəsi 62 ünvanında 7 mərtəbəli qeyri-yaşayış binası – 4.5 milyon manat…

Vətəndaşların pullarını, əmlaklarını ələ keçirmək üçün onları MTN-ə gətirdib hədələməkdə, zor tətbiq etməkdə, vəzifə səlahiyyətlərini aşmaqda, əməliyyat-axtarış tədbirləri və s. məqsədlərlə ayrılmış vəsaitlərin mənimsənilməsində və başqa əməllərdə ittiham olunan Akif Çovdarov 2015-ci ildə həbs edilib. O, 12 il azadlıqdan məhrum olunub. Lakin 2020-ci ilin aprelində əfv sərəncamıyla azadlığa buraxılıb. O, məhkəmədə ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyib.

Ana səhifəSiyasətAkif Çovdarovun 30 milyonluq əmlakıyla bağlı prokurorluq protest verdi