Fasilədən sonra davam edən prosesdə şahid Rauf Sultanov ifadə verib. O bildirib ki, Nəsib Əliyevin dələduzluq əməlləri ilə bağlı MTN-nə şikayət ediblər:
“Nəsib Əliyevin qohumu Baş Prokurorluqda işlədiyi üçün biz MTN-ə onun əməllərindən şikayət etdik. Bundan sonra Nəsib Əliyev bizə dəyən ziyanın əvəzində mənzil verib. Bizə demədi ki, həmin evlər əvvlər başqa adamlara satılıb”.
A.Çovdarov işində zərərçəkən N.Əliyev hazırda həbsdədir.
İclasdan sonra zərərçəkmiş şəxslərdən Cahangir Alışov da jurnalistlərə açıqlama verib. “Yeni Yasamal” MTK-nın rəhbəri olan C.Alışov deyib ki, ona 6 milyon 322 min manat zərər dəyib:
“Akif Çovdarov əvvəl özünü xəstəliyə vurmuşdu, son vaxtlar aktivləşib. Bu da ona görədir ki, vəkilləri onu arxayın edib. Ümid edirik ki, dəymiş zərər ödənilər. Qanunun aliliyi təmin edilər. Mənə Akif Çovdarov təzyiq edib. Döymək və həbslə hədələyib. Mənəvi zərər çəkmişəm. Bu yolla əmlakımızı mənimsəyib. Cinayətlər öz təsdiqini tapıb. Bəzilərini Akif Çovdarov təsdiq edib, bəzilərində isə başını aşağı salıb, susub”.
Proses martın 1-də davam edəcək.
***
”Bunlar leş yeyən quşlar kimidirlər”
Fevralın 27-də Sabunçu rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan idarə rəisi, general Akif Çovdarov və nazirliyin digər əməkdaşlarının məhkəmə iclası davam edib.
Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclas açıq keçirilsə də, yenə jurnalistlər prosesə buraxılmayıb.
İclasdan sonra jurnalistlərə açıqlama verən A Çovdarovun vəkili Sadiq Rəsulov deyib ki, prosesdə onlar vəsatətlə çıxış ediblər. Belə ki, vəkillər “Yeni Yasamal” MTK-nın qeydiyyat jurnalının məhkəməyə təqdim edilməsini istəyiblər. Məhkəmə vəsatəti təmin edib.
İclasda zərərçəkmiş şəxslərdən Nadir Feyziyev vəkillərin suallarını cavablandırıb. Vəkillər ondan MTN-də kimin tərəfindən saxlanıldığını, ondan ev və pulu kimin tələb etdiyini soruşublar. O, istintaq zamanı verdiyi ifadəsində onu MTN-də saxlayan şəxsin Alı Nəbiyev olduğunu deyib. İclasda onunla A.Nəbiyev arasında üzləşmə olub. N.Feyziyev onu saxlayan adamın A.Nəbiyev olmadığını, pul tələb edən şəxsləri xatırlamadığını söyləyib.
Vəkillər zərərçəkmiş şəxs Cahangir Alışovdan A.Çovdarovla necə əlaqə saxladıqlarını soruşublar. O, telefonla əlaqə saxladıqlarını bildirib. Vəkillər isə onların arasında 2014-cü ilə kimi hər hansı telefon danışığının olmadığını deyiblər. C.Alışov A.Çovdarovun otağının MTN-də dördüncü mərtəbədə olduğunu deyib. A.Çovdarov isə otağının dördüncü mərtəbədə olmadığını deyib və C.Alışovun yalan danışdığını bildirib:
“Bunlar leş yeyən quşlar kimidirlər. Gəliblər mənim vəziyyətimdən istifadə etməyə. Cahangir Alışovun barəsində korrupsiya ilə bağlı cinayət işi var. Onu buraya qoşublar ki, tutmasınlar”.
Proses fasilədən sonra davam edəcək.
Təqsirləndirilən şəxslər – Akif Çovdarov, Səlim Məmmədov həmin Məcəllənin Akif Əliyev və Orxan Osmanov Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.