Akif Çovdarov: Ya hər şeyi danışmalı, ya özümü öldürməliydim

MTN generalı bəraət istədi

Source:
Akif Çovdarov
Akif Çovdarov
Akif Çovdarov
Akif Çovdarov


MTN generalı bəraət istədi

“Mən dövlətə xidmət etmişəm. Hər zaman prezidentə sadiq olmuşam. İstintaqda mənimlə elə rəftar edirdilər ki, ya hər şeyi danışmalı, ya özümü öldürməliydim. Lakin mən bunu etmədim. Fikirləşdim ölsəm, hər şeyi mənim boynuma qoyacaqlar. MTN-də çalışdığım vaxtdan mənə qərəzli münasibət olub”.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, həbsdə olan general Akif Çovdarov məhkəmədəki çıxışı zamanı belə deyib.

Oktyabrın 4-də Bakı Hərbi Məhkəməsində A.Çovdarovun və onun tabeliyində işləmiş daha üç nəfərin – Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda Akif Çovdarov son sözlə çıxış edib. İttihamları qəbul etmədiyini deyən A.Çovdarov istintaqın qərəzli aparıldığını, heç bir günahı olmadığını, hər zaman prezidentə sadiq qaldığını deyib.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib:

“Əgər məhkəmə mənə bəraət yox, cəza verəcəksə, onda təkcə mənə cəza verin, digər şəxsləri azad edin. Siz bir nəfəri tutmaq istəyirdiniz, onu da tuta bilmədiniz. Bizi gətirdiniz bura”.

Daha sonra hakimlər müşavirəyə gediblər. Hökmün nə vaxt elan olunacağı bilinmir.

Akif Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında həbs olunub.

Ümumilikdə həbs edilən “MTN-çi”lərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.

A.Çovdarov və keçmiş işçilərinə qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla, 10-dan artıq maddə ilə ittiham verilib.

Prokuror Akif Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanov və Akif Əliyevin hər birinin isə 9 il azadlıqdan məhrum edilməsini təklif edib. Akif Əliyev və Orxan Osmanova münasibətdə CM-nin 62-ci (cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqi istənilib.

Ana səhifəXəbərlərAkif Çovdarov: Ya hər şeyi danışmalı, ya özümü öldürməliydim