”Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz”

Kamandar Nəsibov: ”Şahidlər siyahısında Eldar Mahmudovun adı yoxdur”

Source:


Kamandar Nəsibov: ”Şahidlər siyahısında Eldar Mahmudovun adı yoxdur”

Oktyabrın 25-də bir müddət ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun vəkili Kamandar Nəsibov mətbuat konfransı keçirib.

Tağı Əhmədov kimi vəzifəli şəxslər cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün ifadə veriblər

Meydan TV-nin məlumatına görə, tədbirdə çıxış edən vəkil Kamandar Nəsibov deyib ki, cinayət işində olan zərərçəkmişlərin bir hissəsi mənəvi zərərçəkmiş şəxslərdir: “Kiminsə telefon danışıqları dinlənilib. Bu əməliyyat tədbiri məhkəmə qərarı ilə olub. İndi həmin adamı çağırıb mənəvi zərərçəkmiş şəxs kimi tanıyıblar. Əgər dinləmə  qanunsuz şəkildə olubsa, o zaman həmin dinləməyə icazə verən hakim də cəza almalıdır. Bir Nardaran hadisələrində təqsirləndirilən şəxslərin işində mənəvi zərərçəkmiş şəxslər var, bir də bu işdə. Təməli Nardaran hadisələri ilə qoyublar, indi də bunu davam edirlər. Zərərçəkmişlərin bir qismi  isə dələduzluqda təqsirləndirilən , bununla bağlı əvvəllər həbsdə yatmış şəxslərdən ibarətdir”.

Vəkil bildirib ki, istintaq zamanı bir neçə adama hədə-qorxu gəlinib və yaxud vədlər verilərək ifadəsi alınıb:

“Məsələn, deyiblər, filan işdə kömək edəcəyik, ifadə ver, səni həbsdən azad edəcəyik, ifadə ver. Bunlar məhkəmədə ortaya çıxacaq. Rusiyada yaşayan bəzi şəxslərdən telefon vasitəsi ilə ifadə alınıb. Müstəntiq yazıb ki, filankəs telefona cavab verdi, bunları dedi. Bunu kim təsdiq edə bilər ki, telefona cavab verən həmin şəxsdir? Rusiyada yaşayan adamı danışdırıblar. O da deyib ki, Akif Çovdarovu tanımır. Bu izahata baxmayaraq həmin şəxsi də zərərçəkmiş kimi tanıyıblar. Zərərçəkmişlərin bir hissəsi də Tağı Əhmədov kimi vəzifəli şəxslərdir ki, onlar da cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün ona qarşı ifadə veriblər”.

Passiv hərəkətlərlə onun ölümünə nail olmaq istəyiblər

Kamandar Nəsibov foto sosial şəbəkə
Kamandar Nəsibov foto sosial şəbəkə

K.Nəsibov deyib ki, Akif Çovdarov bu gündən aclıq aksiyasına başlayıb: “Akif Çovdarov ötən gün bizi təcridxanaya çağırdı. Passiv hərəkətlərlə onun ölümünə nail olmaq istəyiblər. Həkim Natəvan Qurbanova ayda bir dəfə gəlib onu müayinə edir. Həmin həkim 6 ay əvvəl “Deqaksin” adlı dərman yazıb. Akif Çovdarov da həkimə deyib ki, o dərmanı atanda pis olur. Həkim deyib ki, onu 20 gündən artıq içmək olmaz. Akif Çovdarov da deyib ki, axı siz gələndə mənə demirsiniz ki, onu istifadə etmək olmaz. Həmin dərman çox istifadə olunduqda ölümə də səbəb ola bilər. Daha sonra həkim Natəvan Qurbanova onun səhhəti ilə bağlı rəy yazıb. Bildirib ki, səhhəti normaldır. Akif Çovdarov da buna əsəbiləşib, onun yazdığı rəyi cırıb atıb üstünə. Deyib: “Siz bilirsiniz ki, mənim səhhətim pisdir”.  Həkim deyib ki, Tibb Baş İdarədən ona deyiblər ki, elə-belə get-gəl. Bunlara lazımdı desinlər ki, bizim həkim gedib onu müayinə edib. Bundan sonra Akif Çovdarovun ürəyi tutub. Nə təcili yardım çağırıblar, nə də dərman veriblər. Bütün bunlara etiraz olaraq Akif Çovdarov bu gün saat 9-dan aclıq aksiyasına başlayıb”.

Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər

Vəkil oktyabrın 24-də onunla görüşdüyünü bildirib:

“Akif Çovdarov dünən bizimlə görüşdü. Getdik rəisin yanına. Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu  döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər”.

Vəkilin sözlərinə görə, iş üzrə 60 nəfər zərərçəkmiş kimi, 2 nəfər isə zərərçəkmiş şəxslərin hüquqi varisləri kimi tanınıb.  Dövlət Təhlükəsizlik Xidmətinin iş üzrə qaldırdığı mülki iddia isə 2 milyon 917 min 300 min manatdır. Həmin pulu Akif Çovdarov və digərlərindən tutulması istənilib.

Agentura məsələsini Eldar Mahmudov, prezident və Akif Çovdarov bilib

K. Nəsibov müvəkkilinin heç bir epizodla bağlı ittihamı qəbul etmədiyini deyib:

 “Agentura şəbəkəsi ilə bağlı Akif Çovdarov deyir ki, bu məsələni yalnız Eldar Mahmudov, prezident və o bilib. Başqa kimsə bilməyib. Əgər bunlar açılsa, agentura şəbəkəsi çökər və heç kim Azərbaycanla əməkdaşlıq etməz. Kimə nə qədər pul verilməsini başqa kimsə bilməyib. Akif Çovdarov deyir ki, onsuz da 15 il verəcəksiniz. Ordan-burdan dələduzları başıma yığmayın, 3-4 sanballı epizodla ittiham verin gedib yatım. Akif Çovdarov 2 mindən çox nömrəni yaddaşında saxlayır. Çovdarov çox güclü yaddaşa malik olduğundan detallı şəkildə kimə nə qədər pul verildiyini açıqlaya bilər”.

Vəkil deyib ki, şahidlər siyahısında Eldar Mahmudovun adı yoxdur və ifadə verməyib: “Akif Çovdarov deyir ki, ona nə əmr verilib, onu da edib. Məhkəmə tərəfindən onun ailə üzlərinin, qohumlarının ölkədən çıxışlarına qadağa qoyulub”.

Ana səhifəXəbərlər”Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz”