Zərərçəkən qardaşının MTN-də döyülməsi haqqında eşitmədiyini bildirib
“Hansı qohumun adına mülk, obyekt var, mənim adıma yazıblar və üzərinə həbs qoyublar”.
Bu sözləri həbsdə olan MTN generalı Akif Çovdarov iyulun 5-də keçirilən məhkəmə iclasında deyib. Ondan əvvəl isə prosesdə şahidlər ifadə veriblər.
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesə jurnalistlər buraxılmayıb. İclasdan sonra açıqlama verən vəkil Sadiq Rəsulov deyib ki, iclasda zərərçəkmiş şəxslərdən Mübariz Məmmədovun qardaşı Zülfüqar Məmmədov şahid qismində ifadə verib. Z.Məmmədov dəfələrlə iclasa çağırılsa da, gəlmədiyi üçün ötən iclasda barəsində məcburi gətirilmə qərarı çıxarılmışdı. Z.Məmmədov qardaşı M. Məmmədovun MTN-ə çağırılmasından xəbardar olduğunu deyib. Bildirib ki, onun MTN-də döyülməsi haqqında nəsə eşitməyib.
İclasda ifadə verən şahid Nizami Bayramov isə deyib ki, A. Çovdarovun kürəkəni Rövşən Əhmədovla çalışıb və həmin obyektlər R. Əhmədova məxsus olub.
Həmin məsələyə münasibət bildirən Akif Çovdarov isə deyib ki, qohumlarına məxsus əmlakları da onun adına yazıb, həbs qoymaq düzgün deyil: “Hansı qohumun adına mülk, obyekt var, mənim adıma yazıblar və üzərinə həbs qoyublar”.
Növbəti məhkəmə iclası iyulun 10-da keçiriləcək.
Təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.