Günün ikinci yarısında davam edən iclasda N. Kərimovun istintaqda verdiyi ifadə elan edilib.
Sonra sualları cavablandıran N.Kərimov istintaq zamanı döyülmədiyini desə də, məhkəmədə döyüldüyünü deyib. Həmin ziddiyyətlə bağlı danışan N. Kərimov deyib ki, istintaq zamanı ifadə verəndə maşında döyülmədiyini bildirib. Ancaq MTN-də onu döyüblər. N.Kərimov məhkəmədə deyib ki, dayısı gəlib A.Çovdarovla görüşüb və pul verib. Onun ifadəsinə münasibət bildirən A.Çovdarov N.Kərimovun dayısı ilə tanış olduğunu deyib. Bildirib ki, bir probleminə görə onunla görüşüb söhbət edib, lakin aralarında pul söhbəti olmayıb. Daha sonra iclasda N. Kərimovla birlikdə saxlanılan dayısı oğlu Elvin Mövsümov ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiq edib.
Proses yanvarın 23-də davam edəcək.
***
Hakim KİV nümayəndələrinə qadağa qoymadığını deyir
Yanvarın 18-də Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-nin həbsdə olan sabiq idarə rəisi, general Akif Çovdarov və digərlərinin məhkəməsi davam edib.
Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasa jurnalistlər buraxılmayıb. Vəkillər jurnalistlərə açıqlamalarında bildiriblər ki, hakim Həbib Həsənov KİV nümayəndələrinin iclasa buraxılmasına qadağa qoymadığını deyib. Həmin məsələyə münasibət bildirən Akif Çovdarov isə bildirib ki, prosesi qərəzli şəkildə yazan bir jurnalist iclasa buraxılır, digərləri isə yox. O, iclasda olan həmin şəxsin adını da çəkib. Həmin şəxs isə prosesdə zərərçəkmiş şəxsin nümayəndəsi olaraq iştirak etdiyini deyib. Məhkəmədə olan polislər isə jurnalistlərə bildiriblər ki, hakim Həbib Həsənov onlara jurnalistləri buraxmamaqla bağlı göstəriş verib.
Daha sonra iclasda zərərçəkmiş şəxs qismində Neman Kərimov ifadə verib. O bildirib ki, A. Çovdarovu əvvəllər görüb və tanıyır. Vəkillər isə onun ifadəsində ziddiyyət olduğunu deyiblər və ifadəsinin elan edilməsini istəyiblər. Bildiriblər ki, o istintaq ifadəsində Çovdarovu tanımadığını deyib.
Proses günün ikinci yarsında davam edəcək.