Akif Çovdarov: Mübariz Məmmədovu vurmamışam, üstünə qışqırmışam (YENİLƏNİB)

Hospitalın həkimləri M.Məmmədovun döyülməsindən xəbərsiz olduqlarını deyirlər

Source:


Hospitalın həkimləri M.Məmmədovun döyülməsindən xəbərsiz olduqlarını deyirlər

Yanvarın 30-da MTN-nin həbsdə olan keşmiş idarə rəisi, general Akif Çovdarov və onunla birlikdə həbs edilən nazirlik əməkdaşları Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun işi üzrə məhkəmə iclası davam edib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakim Həbib Həsənovun sədrlik etdiyi iclasda zərərçəkmiş şəxslərdən Mübariz Məmmədovun epizodu üzrə Gömrük Hospitalının iki həkimi şahid qismində ifadə verərək, M.Məmmədovun ürəyindən əməliyyat olunduğunu, döyülməsi barədə məlumatları olmadıqlarını bildiriblər. İclasda çıxış edən A.Çovdarov M. Məmmədovu vurmadığını, onun üstünə qışqırıb, yalan danışmamağı tələb etdiyini söyləyib.

M.Məmmədov isə ifadəsində A.Çovdarov tərəfindən döyüldüyünü deyib.

Günün ikinci yarsında davam edən iclasda ləğv edilmiş MTN-də çalışmış bir nəfər və DTX-nin bir əməkdaşı ifadə veriblər. Onlar nazirliyə gələn şəxsləri qarşıladıqlarını bildirsələr də, həmin şəxslərin kim olduqlarını xatırlamadıqlarını deyiblər.

A.Çovdarovun vəkilləri isə ekspertizanın düzgün aparılmadığını deyiblər. Bildiriblər ki, ona holter aparatının qoyulması və istədikləri həkimlərin onu müayinə etmələri barədə tələbləri ekspertiza tərəfindən təmin edilməyib. A.Çovdarov bildirib ki, ona formal ekspertiza lazım deyil: “Əgər bu tələblərə əməl olunmasa, mən növbəti prosesə gəlməkdən imtina edəcəyəm və aclıq aksiyasına başlayacağam”.

Proses fevralın 1-də davam edəcək.

İttihama görə, sahibkar Mübariz Məmmədov Badamdar qəsəbəsində yerləşən 18 sot torpaq sahəsini satarkən general onun müştərisi olur və adamı Rafiq Tağıyevin vasitəsilə həmin ərazini 600 min dollara almağa razılaşırlar. Bunun üçün də 300 min dollar beh verilir. Lakin sonradan bəlli olur ki, torpağın iki sahibi var imiş, biri Mübariz Məmmədov, ikincisi isə Gənclər və İdman Nazirliyi. Çovdarov işin içində başqa bir dövlət qurumunun olduğunu bildikdən sonra M.Məmmədovu otağına gətirdərək döyüb, işgəncə verib. Bu yolla M.Məmmədovdan behini geri tələb edib, sonra isə torpağın təmənnasız öz yaxın adamının adına keçirilməsinə nail olub.

A.Çovdarov digər epizodlardan fərqli olaraq bu məsələ ilə bağlı ətraflı ifadə verib. O bildirib ki, torpağın müştərisi özü olmayıb:

“Rafiq Tağıyev MTN-ə gəlib Mübariz Məmmədovdan şikayət etdi, aldadıldığını, 300 min dollar pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirdi. Biz də araşdırma apardıq, həmin ərazinin nazirliklərdən birinə aid olduğu üzə çıxdı. Məsələni həll etmək üçün Mübariz Məmmədovu idarəyə çağırdıq, orada onunla söhbət etdim. Döymədim, başa saldım ki, pulu qaytarsın. Sonra da torpağın taleyinin necə olduğundan, pulun qaytarılıb-qaytarılmadığından xəbərim olmadı”.

Ana səhifəXəbərlərAkif Çovdarov: Mübariz Məmmədovu vurmamışam, üstünə qışqırmışam (YENİLƏNİB)