Akif Çovdarov: Mən danışsam, vətəndaş müharibəsi olar

”İttiham aktına agentlərin adını yazmaq dövlətçiliyə ziddir”

Source:


”İttiham aktına agentlərin adını yazmaq dövlətçiliyə ziddir”

“Elçin Behbudovun Azərbaycan dövlətinə etdiyi xidmətlərin on faizini prokuror və istintaq orqanı birləşsə,  edə bilməzlər. Məhkəmə prosesləri ilə bağlı kim nə istəyir yazır. Mən ad çəksəm, necə olacaq? Mən danışsam, vətəndaş müharibəsi, qarışıqlıq olar. Hazırda yüksək vəzifə tutan məmurlarla bağlı açıqlama verilsə, nə olacaq? İttiham aktına agentlərin adını yazmaq dövlətçiliyə ziddir. Bundan sonra kim dövlətlə işləyəcək? Bu dövlətçiliyə xələl gətirməkdir”.

Bu sözləri həbsdə olan MTB generalı Akif Çovdarov bu gün keçirilən məhkəmə iclasında deyib. Onun sözlərinə görə, mətbuatda agentura şəbəkəsi ilə bağlı yazılanlar yalandır.

Mayın 15-də Sabunçu Rayon Məhkəməsində həbsdə olan MTN generalı Akif Çovdarov və digərlərinin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadənin xəstəlik səbəbindən iclasda iştirak etmədiyi bildirilib.

Prosesdə çıxış edən dövlət ittihamçısı deyib ki, əgər vəkil on gündən çox üzürlü səbəbdən iclasa gəlmirsə, o zaman yeni vəkil təyin edilməli və iclas davam etdirilməlidir. Prokuror  Səlim Məmmədova adiyyatı olmayan epizodları araşdırmağı istəyib.

Akif Çovdarovun vəkili Kamandar Nəsibov isə soruşub ki, əgər S.Məmmədova bəzi epizodların adiyyatı yoxdursa, o zaman nəyə görə, onlara mütəşəkkil dəstə ittihamı verilib. K.Nəsibov deyib ki, yeni vəkil gəlsə, o da işlə tanış olmaq üçün vaxt istəyəcək.

S. Məmmədov isə yeni vəkil istəmədiyini bildirib.

İclasda çıxış edən Akif Çovdarov deyib ki, bu məsələyə münasibət bildirmək istəmir:

“Bir söz desəm, sonra yazacaqlar ki, Akif Çovdarovun adamları vəkil Cavid Rzazadəni döyüb xəstə ediblər”.

Proses mayın 24-də davam edəcək.

Təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.


“Əslində, Çovdarovun söylədikləri üstüörtülü deyil, kifayət qədər açıq mesajdır”

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq birinci müavini Sülhəddin Əkbər Akif Çovdarovun açıqlamasını Meydan TV-yə şərh edib.

Slühəddin Əkbər agentura şəbəkəsinin açıqlanmasına həssas yanaşdığını deyib:

“Əvvəllər də bu məsələnin açıqlanmasını düzgün hesab etməyib ziyanlı saymışdım. Onsuz da milli təhlükəsizlik sahəsində kifayət qədər ciddi problemlər var. Azərbaycanda yüksək vəzifəli şəxs hansısa xarici xüsusi xidmət orqanı, yaxud MTN-nin məxfi əməkdaşı olubsa, bunun açıqlanması dövlət sirrinin açıqlanmasıdır və cinayət tərkibi yaradır. İkinci, buna görə vətəndaş müharibəsinin olacağınını isə anlamıram, nəyə görə vətəndaş müharibəsi olmalıdır ki?! Vətəndaş müharibəsinə kim qalxacaq və hansı motivlərlə qalxacaq? Agenturanın açıqlanması ziyanlıdır, amma vətəndaş müharibəsi söhbəti də şişirtmədir”.

Sülhəddin Əkbər

S.Əkbər “Akif Çovdarovu belə açıqlama verməyə hansı səbəblər vadar edir” sualına belə cavab verib:

“Görünür, o konkret adamlara müəyyən mesajlar göndərir. Əslində, Çovdarovun söylədikləri üstüörtülü deyil, kifayət qədər açıq mesajdır. Amma ad çəkmədiyinə görə üstüörtülü demək olar”.

Ana səhifəXəbərlərAkif Çovdarov: Mən danışsam, vətəndaş müharibəsi olar