Akif Çovdarov məhkəməyə həkim müşayiətilə gəlir

MTN generalı çıxış üçün vaxt istəyib

Foto: Meydan TV
Akif Çovdarov
Akif Çovdarov


MTN generalı çıxış üçün vaxt istəyib

MTN generalı, ləğv edilmiş nazirliyin Nəqliyyat və Energetika sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarov məhkəməyə həkim müşayiəti altında gəlib. Bu, mayın 22-də Bakı Apelyasiya Məhkəməsində baş verib.

Orada Akif Çovdarov və daha üç nəfər keçmiş MTN-çinin apelyasiya şikayətinə baxılır.

Hakim Faiq Qasımovun sədrliyilə keçirilən məhkəmədə əvvəlcə zərərçəkmişlər çıxış edib. Salman, Cəfər, Səfər və Qəhrəman Səfərov qardaşları Bakının Nizami rayonunda yerləşən, “8-ci kilometr bazarı” kimi tanınan ticarət mərkəzinin sahibi olublar. Sonradan həmin bazarın səhmlərinin bir hissəsi Akif Çovdarovun qızı Aidə Qasımovanın, qalan yarısı da keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına keçirilib.

Zərərçəkmişlər məhkəmədə bildiriblər ki, onlar bazarı könüllü şəkildə satmayıblar, ticarət mərkəzini zorla Hilal Əsədov və Akif Çovdarov alıb. Bu məqsədlə onları MTN-ə aparıb, orada döyüblər, təhqir ediblər.

Akif Çovdarov və digərləri haqqında Bakı Hərbi Məhkəməsinin hökmündə həmin bazarın müsadirə olunub, dövlət nəfinə keçirilməsinə qərar verilib. Qardaşlar isə əmlaklarının onlara geri qaytarılmasını tələb edirlər. Onlar Akif Çovdarovun cəzasının ağırlaşdırılmasını da istəyirlər.

Məhkəmədə Akif Çovdarov istisna olmaqla, digər təqsirləndirilən şəxslər və onların vəkilləri çıxış ediblər. Onlar bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini xahiş ediblər.

Akif Çovdarova çıxış etmək təklif olunsa da, o, məhkəmədən vaxt istəyib. Bildirib ki, səhhətində problemlər var və gələn prosesdə çıxış edəcək.

Çovdarovun vəkilləri onun səhhətilə əlaqədar tibbi ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıblar. Müdafiəçilər mühasibatlıq, xətşünaslıq ekspertizalarının keçirilməsini, cinayət işindəki saxtakarlıq hallarının araşdırılmasını, Çovdarovun ailə üzvlərinin adına olan əmlakların onlara qaytarılmasını istəyiblər.

Vəkillər ümumilikdə 7 vəsatət qaldırıblar.

Hakim Faiq Qasımov bildirib ki, vəsatətlərə növbəti məhkəmədə baxılacaq. Növbəti məhkəmə iyunun 3-nə təyin edilib.

Akif Çovdarov da daxil, MTN-in 20-dən artıq vəzifəlisi 2015-ci il oktyabrın 17-də bu nazirlikdə keçirilən əməliyyat nəticəsində həbs olunub. Çovdarovun işi onun rəhbərlik etdiyi idarənin üç əməkdaşı ilə birlikdə məhkəməyə göndərilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyevə 5 il, Orxan Osmanov isə 4 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, onlar hərbi rütbələrdən də məhrum edilibl’r.

Həm təqsirləndirilən MTN-çilər, həm də hökmdən narazı qalan zərərçəkmişlər apelyasiya şikayəti veriblər.

Ana səhifəXəbərlərAkif Çovdarov məhkəməyə həkim müşayiətilə gəlir