”Akif Çovdarov kiməsə hədə-qorxu gəlməyib”

Keçmiş idarə rəisinin kürəkəninin bacısı şahid kimi ifadə verdi

Source:


Keçmiş idarə rəisinin kürəkəninin bacısı şahid kimi ifadə verdi

Fevralın 22-də Sabunçu rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan idarə rəisi Akif Çovdarov, nazirliyin əməkdaşları Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədrlik etdiyi iclasda şahidlər dindirilib. İclasda Akif Çovdarovun vəkilləri zərərçəkmiş Cahangir Alışovla bağlı mətbuatda gedən məlumatları da məhkəməyə təqdim ediblər. Vəkillər həmin yazıların C.Alışovun dələduzluq əməlləri haqqında olduğunu deyiblər və hökmdə onun şəxsiyyəti qiymətləndirilən zaman həmin faktların nəzərə alınmasını istəyiblər.

Daha sonra iclasda Akif Çovdarovun kürəkənin bacısı Təranə Əmircanova şahid kimi dindirilib. O, “Yüksəliş” MTK-dan 117 min manata mənzil aldığını, həmin pulun qardaşı vasitəsi ilə ödənildiyini və müqavilə bağladığını söyləyib. Bildirib ki, həmin evin alınması ilə bağlı Akif Çovdarov kiməsə hədə-qorxu gəlməyib.

Lakin ittiham aktında həmin mənzilin A. Çovdarovun hədə-qorxu ilə aldığı yazılıb.

İclasda MTN-nin keçmiş əməkdaşı Alı Nəbiyev də şahid qismində ifadə verib. O bildirib ki, heç kimdən Akif Çovdarovun adından pul almayıb və kimisə hədələməyib.

İclasda ifadə verən digər şahid isə Nurxan Atakişiyev olub. A.Çovdarovun sürücüsü olan şahid deyib ki, zərərçəkmiş şəxslərdən Cahangir Alışov onun adına ev rəsmiləşdirməyib və C.Alışovun guya onun adına ev rəsmiləşdirməsi barədə dedikləri yalandır.

Daha sonra iclasda şahid qismində A. Çovdarovun dostu Adil Yaqubov ifadə verib. A. Yaqubovun sözlərinə görə, A.Çovdarovun kürəkəni Rövşən Qasımov Masazırda balıqçılıq təsərrüfatı yaradıb. Həmin təsərrüfat yaradılan zaman isə onlar Cahangir Alışovdan iki prorab göndərməsini istəyiblər. Sonradan həmin prorablardan biri R.Qasımovdan 6 min manat pul oğurlayıb. Onlar isə bu barədə Cahangir Alışova deyiblər. C.Alışov isə ziyanı ödəyəcəyini deyib və bunun müqabilində 4 min manatlıq mal-material göndərib. O, Cahangir Alışovun təsərrüfata 250 min manat xərcləmədiyini söyləyib.

İclas fevralın 27-də davam edəcək.

A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət

sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlər”Akif Çovdarov kiməsə hədə-qorxu gəlməyib”