Keçmiş MTN generalı Akif Çovdarov barədə yaxınları danışır…
Gürcüstanın Marnueli rayonunun Algeti kəndindən olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan idarə rəisi Akif Çovdarovun yaxınları onun haqqında Meydan TV-ə danışıb.
Oruc Çovdarov, əmisi oğlu
:
– Kimlər ki, imkansızdı, o adamlara həmişə kömək edib. O, burda yaşamayıb. Orta məktəbi qurtarandan sonra gedib Bakıda təhsil alıb. Sonra ikinci təhsilini Rastovda alıb, yenidən qayıdıb Bakıya. Bizim daimi ünsiyyətimiz olmayıb. Tutaq ki, iki gün gəlib burda qonaq qalıb. Onda ünsiyyətimiz olub. Elə bil ilin 2-3 gününü. Qalan vaxtlar öz işində, gücündə, ailəsində olub.
Jurnalistlər olanların çoxunu düz yazmır. Nə özü, atası, nə də qohumları haqqında. Atası əməkdar müəllim olub, sonra sovxoz direktoru işləyib. Alqet kənd orta məktəbi onun adınadır. Amma yazırlar ki, qəssab olub, cəllad olub. Qayınatası gözətçi idi, yazırlar ki, nazirlikdə işləyib.
Tahir, kənd sakini
:
– Çox sadə adam olub. Şayiələr yazırlar, atası guya qəssabdı. Halbuki, məktəb direktoru olub. Sadə ailəsi vardı. Özü də sadə adam idi. Gələndə çayxanaya gedirdi, xalqın içinə çıxırdı. Daha düşən hər kəsə kömək edirdi. Pisliyi dəyməmişdi.
Fəridə xanım, bacısı
:
Bizim məktəbin 110 illik tarixi var. Ən qədim məktəbdi. Marnueli zonasında cəmi üç məktəb olub, ondan biri bizimdi. Sovetdən əvvəl rus-tatar məktəbi olub, sonra Azərbaycan məktəbi olub, sonra balaca bir korpus olub, mənim atam onu valideynlərin köməyi ilə düzəltdirib. Kimi daş gətirib, kimi qum. Əmək dərslərində blok kəsdirərmiş, uşaqlar məktəbi yerləşmədiyinə görə həmin blokların köməyi ilə korpus tikib, iki mərtəbəli edib.
Sonralar yerli camaatın tələbi ilə mənim atamın adını verdilər məktəbə. Məktəb də mənim atamın adına olduğuna görə Akif gələndə xahiş elədi dövlətdən ki, mümkündüsə, onun təmirinə kömək edin. Onsuz da edirdilər, bütün məktəbləri təmir edirdilər, bir bizimkini yox. Onun xahişi ilə edildiyinə görə kənd camaatı deyir ki, Akif tikdirib.
Başqa köməkliklər edirdi camaata. Çox sadə insandı. Kəndin mərkəzində çayxana var, kasıb təbəqə oturur, ümumiyyətlə, buranın camaatı kasıbdır, dövlətdə iş yox, heç bir şey yox, mal-qara ilə yaşayan millətdi. Kəndin camaatı eşidəndə Akif gəlib, hamısı həmin çayxanaya yığışırdı. Mən çayxanada oturmamışam, deyirlər, orada bir qırıq stul var idi, orada oturardı, deyərdi, mən də kəndin sadə millətindən biriyəm. Bütün kəndin camaatını başına yığıb kimə nə gücü çatır kömək edib. Amma internetdə, Azərbaycanda onu vampir kimi qələmə veriblər.
Bundan sonra sizin jurnalistlərinizə inam olar bizdə? Kəndin istənilən adamından ailəmiz haqqında, atam haqqında. Hansımızı istəsəniz soruşa bilərsiniz. Mənim özümün tərifləməyim düzgün çıxmır əslində. Atamı qəssab kimi qələmə veribsiniz. Mənim başa düşmədiyim bir şey var, qəssab olmaq o deməkdi ki, həmin adam qaniçəndi? Qəssabların övladları qaniçən olur? Sizin psixoloqlarınızın, Xoşqədəm xanımınızın elan etdiyi kimi. İndi Xoşqədəmin öz fırıldaqları ortaya çıxdı, getsin öz dərdini çəksin, birinci. Bu qədər də insan qarayaxma eləyər?
Mən ali savadlı müəlliməyəm. Bax, belə düşünürəm. Qardaşımın xoşu gəlməzdi ki, öz işi barəsində nəsə danışsın. Biz heç vaxt eşitməmişik, o, hansı işlərlə məşğul olub orda. Gələndə də ildə iki dəfə, üç dəfə, ya kiminsə toyu olanda, ya yas mərasimi olanda gəlirdi. İş adamıdı, hər dəqiqə gələ bilmir. İki, üç gün qalanda da biz heç əməlli üzünü görmürdük, çox vaxt kəndin içində, camaatın yanında olurdu, evdə də az-az tapılırdı. Sinif yoldaşlarının içində olurdu, çağırırdı hamısını. Həmişə birinci məktəbə gələr, müəllimlərini ziyarət edərdi. Onda elə adət var. Qocaman müəllimləri var, o gün jurnalistlər onlarla da söhbət elədilər. Ancaq onu elə qələmə veriblər ki, qaniçən, başkəsən. İnternetdə oxuduqlarımı deyirəm, mən onun özündən heç nə eşitməmişəm. Mən onun bacısıyam. Mən indi bilmişəm ki, o, Qarabağ veteranıdır. Mən indi bilmişəm ki, ona Rusiya da orden verib.
Azərbaycanda neçə dənə orden, medalları var. Noldu birdən bu neçə illərdə heç kəs bilmədi bu başkəsən, qaniçəndi, təzə başa düşdülərmi? İndi deyirlər ki, onu hərbi prokurorluq mühakimə edir. Belə çıxır ki, o, hərbi işçidir də. Hərbidə əmr müzakirə olunmaz axı. Siz elə başa düşmürsünüzmü bunu? Əgər o, hərbçidirsə, hərbidə əmr müzakirə olunmur, iş icraçısıdır. Yəni bu boyda respublikada hamı düz işləyirmiş, bir dənə Akifdən başqa?
Çapıb, talayıb, baş kəsib, nə bilim, adam oğurlayıb. Başqa orqanlar hara baxır onda? Bu suallar heç sizi maraqlandırmır? Ya o jurnalistlər, qara yaxanlar. O, Qarabağda vuruşanda o qarayaxanlar heç bir dəfə gediblər Qarabağa?!